Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonuna səfərə gəlib.
Mynews.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevə son dövrlərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib.
16:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.
Mynews.az xəbər verir ki, bu rayonda yeni istirahət məkanlarının yaradılması istiqamətində reallaşdırılan ən mühüm layihələrdən biri də Astara şəhərində dəniz sahilboyu park-bulvar kompleksinin ikinci hissəsidir.
Məlumat verilib ki, park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Xəzərin sahilindəki bu kompleks həm də Astara şəhərinin simasının daha da gözəlləşdirilməsi, onun inkişaf tempinin nümayiş olunması baxımından da çox əhəmiyyətlidir.
Dövlətimiz tərəfindən vətəndaşların istirahətlərini mənalı təşkil etmək və onların asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə son illərdə çox mühüm işlər görülüb. Bu kompleksdəki şərait də bunu sübut edir. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir.
Dövlətimizin başçısı elektromobillə kompleksin ərazisini gəzib.
Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı inşaat işlərinə Prezident İlham Əliyevin 2017-ci ilin iyunun 8-də imzaladığı Sərəncama əsasən başlanılıb. Tikinti işləri 2018-ci ilin avqust ayında başa çatdırılıb. Park-bulvar kompleksinin ikinci hissəsinin ərazisi 10 hektar sahəni əhatə edir. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Ərazidə 52 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb.
Bundan başqa, istirahət məkanında iki hektar sahəsi olan “Zirvə” idman klubuna məxsus atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.
Belə layihələrin icrası Astaranın abadlaşdırılması, gözəlləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin davamlı olduğunu və bu işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirildiyini bir daha sübut edir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda və yüksək zövqlə yaradılan bu istirahət məkanı Astaranın gəzməli-görməli yerlərinə daha bir ünvanı da əlavə edir.
16:02
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev“Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.
Mynews.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verib.
Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanacaq. Astara, Lənkəran şəhərləri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. 2013-cü ildən etibarən bu mənbə hesabına Lənkəran şəhəri və 5 kənd, 2017-ci ildən isə magistral kəmər boyunca yerləşən 15 kənd keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur.
Sutəmizləyici qurğuda suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Emal prosesindən keçən suyun anbarlara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 750 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib.
On min kubmetr tutumu olan su anbarı Lənkəran şəhəri və ətraf kəndlər, hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənir. Suyun anbardan Astara şəhərinə nəqli məqsədilə diametri 710 millimetr olan polietilen borularla 29,2 kilometr uzunluğunda magistral su xətti inşa edilib. Gələcəkdə Astara rayonunun 27 kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilib.
Diqqətə çatdırılıb ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Astara müştəri xidmətləri sahəsi üçün müasir tipli inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada işçi otaqları, IT otağı, iclas zalı zəruri avadanlıqla təchiz edilib. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Dövlətimizin başçısı Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin rəmzi açılışını bildirən düyməni basıb.
Bildirilib ki, layihə çərçivəsində Astara şəhərində 109 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 su sayğacı quraşdırılıb. Suyun optimal idarə olunması məqsədilə şəbəkə üzərində 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb.
Astara şəhərində kanalizasiya şəbəkəsinin yaradılması üçün uzunluğu 70,5 kilometr olan kanalizasiya şəbəkəsi, 8 kilometr tunel tipli kanalizasiya kollektoru, iki kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası da layihələndirilib. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.
Qeyd edildi ki, layihənin icrasına qədər Astara şəhərində 1980-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhərə içməli su Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşən drenaj quyularından verilirdi. Şəhərdə mövcud olmuş 41 kilometr uzunluğunda paylayıcı şəbəkə istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” ASC şəhərin 15 min sakininin 30 faizinə xidmət göstərirdi və içməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.
Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 25-də su və kanalizasiya şəbəkələrinin, 11-də isə su şəbəkəsinin inşası yekunlaşıb. Bu ilin sonuna qədər daha 3 şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
15:21
Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham ƏliyevAstara rayonuna səfərə gedib.
Mynews.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev prezident İlham Əliyevə abidənin ucaldıldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.
14:38
Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Mynews.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, yolun uzunluğu 22 kilometrdir. Hirkan-Daştatük-Biləsər avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asflat qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı.
Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub.
Məlumat verildi ki, yolun hərəkət hissəsinin eni 6 metrdir. Çiyinlər də daxil olmaqla yol yatağının eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları inşa edilib.
Avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “7 nömrəli Yol İstismarı” MMC tərəfindən yüksək keyfiyyətlə aparılıb. Dağlıq ərazidə yerləşən, eləcə də Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.
Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Bildirilib ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 11 kilometrdir.
Dövlətimizin başçısının Sərəncamı ilə bu yolun tikintisinə 3,4 milyon manat vəsait ayrılıb. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Dağlıq ərazidə yerləşən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının, habelə turizmin inkişafında mühüm rol oynayacaq. Yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verən yolun tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “49 nömrəli Yol İstismarı” MMC tərəfindən həyata keçirilib.
Dövlətimizin başçısı Astara rayonunun Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə də maraqlanıb.
Məlumat verildi ki, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb. Yolların tikintisi yüksək səviyyədə həyata keçirilib. Həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar da iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bu, həmçinin yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzlərinə rahat getmələrinə və tarixi mədəniyyət abidələri ilə tanış olmalarına şərait yaradacaq.
Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hirkan-Daştatük-Biləsər avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsiblər.
Sonda xatirə şəkli çəkdirilib.
14:29
Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.
Mynews.az xəbər verir ki, dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsiblər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verib.
Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb.
“Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyrici-boyaq” fabrikinin, Horadiz, Şəmkir, Quba və Xaçmazda regional yun və boyaq tədarükü məntəqələrinin inşası davam etdirilir.
Artıq prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.
Dövlətimizin başçısı Lənkəranda xalça emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə sərəncam da imzalayıb.
2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.
Bildirilib ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək.
Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Qeyd olunub ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.
Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət ediblər.
Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qəhrəmanova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
12:07
Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.
Mynews.az xəbər verir ki, son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir.
Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə hotel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar.
Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verdi ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cu ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.
Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir.
Hotel binasının interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunub. Hotelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçəcək və onların əksəriyyətini yerli kadrlar təşkil edəcək. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluq göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunacaqlar. Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.
Dövlətimizin başçısı və xanımı hoteldəki nömrələrdə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.
Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə aptek də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev istisu vannaları ilə tanış olub.
Hazırda Lənkəran İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən yeddi quyu və beş bulaq mövcuddur. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipertermal sular olaraq quruplaşdırılıb.
Termal su yatağı üzrə xloridli-natriumlu-kalsiumlu sular üstünlük təşkil edərək karbon və azot qazlı sular qrupuna daxildir. Bundan əlavə, termal suyun tərkibində sulfat aniomları, kalium və kükürd var. Bu tip sular müalicəvi-mineral sular və mineral sular qrupuna aid edilir.
Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub. Mərkəzin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla təqribən 250 nəfər üçün iş yerinin yaranmasına səbəb olacaq.
Burada 46 avtomobil yerlik qapalı, 80 avtomobil yerlik açıq avtodayanacaq da yaradılıb. Ölkə vətəndaşlarının və xarici qonaqların xidmətinə verilən bu müasir kompleks respublikamızın turizm infrastrukturuna, xüsusilə də müalicəvi turizmin inkişafına mühüm töhfə verəcək.
Beləliklə, Lənkəran İstisu və Sağlamlıq Mərkəzi ölkəmizin turizm və müalicəvi turizm sektorunda özünəməxsus yer tutacaq.
Bütün bunlar bir daha sübut edir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən kompleks işlər nəticəsində ölkənin iqtisadi qüdrəti yüksəlib, işgüzar fəallıq artıb, bölgələrdə sahibkarlıq fəaliyyəti daha da genişlənib.
Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizin turizm potensialının inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətlərində çoxsaylı tədbirlər davam etdirilir və daha da genişləndirilir.
Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
11:24
Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gediblər.
Mynews.az xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verib.
Bildirilib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.