Bu gün dövlət başçısı İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündür.
Belə ki, düz 15 il öncə, yəni, oktyabr ayının 15-də Azərbaycan seçiciləri növbəti prezident seçkilərində 76 faizdən çox səs verərək, ona beş illik müddətə ölkəyə rəhbərlik mandatı verdilər.
Həmin vaxtdan ötən 15 il ərzində Azərbaycan seçiciləri üç dəfə - 2008, 2013 və 2018-ci (aprel) seçkilərində böyük səs çoxluğu ilə İlham Əliyevə etimad göstərdilər, onu yenidən prezident seçdilər.
Bununla bağlı Oxu.Az-a açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib ki, prezident İ.Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmaları üçün münbit şərait yaradıb.
Onun sözlərinə görə, bu yaxınlarda müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimlərdə dünyanın 44 ölkəsinin parlament rəhbərliyinin, doqquz beynəlxalq təşkilatın təmsilçilərinin iştirak etməsi dövlətimizin beynəlxalq nüfuzunun daha bir bariz göstəricisidir.
O, hesab edir ki, bu həm də MM-in iclas zalında düzənlənmiş yubiley tədbirindəki geniş və məzmunlu təbrik nitqində Azərbaycanı “dünya xəritəsində bir uğur nümunəsi” kimi təqdim edən olkə prezidentinə bəslənən səmimi münasibətin etirafıdır:
“Bu nailiyyətlər, eyni zamanda, Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni yanaşmaların ortaya çıxmasına şərait yaradıb.
Üstəlik, yeni mərhələdə prezident İlham Əliyevin sərrast diplomatik gedişləri, hücum taktikasını önə çəkməsi, Ali Baş Komandanın qətiyyətli mövqeyini və möhkəm siyasi iradəsini, həmçinin ordumuzun gücünü nümayiş etdirən 2016-cı il aprel döyüşləri, bu ilin iyun ayında isə Naxçıvanın Günnüt kəndinin işğaldan azad edilməsi problemin həllində ciddi dönüş üçün siyasi və psixoloji zəmin yaradıb, xalqımızın zəfər gününə inamını möhkəmləndirib, dünya ictimaiyyətinin isə bu məsələdə, nəhayət, ədalətli mövqeyə gələcəyinə ümidləri artırıb.
Beləliklə, Azərbaycan rəhbərliyinin son 15 il ərzində xalqın rifahı naminə həyata keçirdiyi məqsədyönlü siyasət bu gün ölkəmizi keçid dövründən sonrakı növbəti və daha uğurlu bir mərhələyə daşımaqdadır.
Bu siyasət ulu öndərin təbirincə desək, “dünyaya günəş kimi doğacaq” Azərbaycanın zəngin və qüdrətli obrazına yeni çalarlar gətirəcək və xalqımızın azad, xoşbəxt, firavan gələcəyini mənəvi və ruhi baxımdan təmin edəcək.
Əminəm ki, bu uğurların altında Heydər Əliyev ideyalarının ideoloji sütunu olan Yeni Azərbaycan Partiyasının təkrarsız lideri, xalqın sevimli rəhbəri, ulu öndərin ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi, xəyalları gerçəkliyə çevirən, hər zaman öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən, müasir Azərbaycan dövlətinin islahatçı prezident İlham Əliyevin imzası duracaq”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da mətbuata açıqlamasında İ.Əliyevin 15 il müddətində gördüyü işləri yüksək qiymətləndirib.
Z.Orucun sözlərinə görə, İ.Əliyevin hakimiyyətə gəldiyi dövr Azərbaycan üçün regional, beynəlxalq, daxili problemlərlə müşayiət olunub, lakin onun dövlət rəhbərliyinə gəlişi Azərbaycanı, Cənubi Qafqaz regionunu bir çox problemlərdən xilas edib:
“Nə Gürcüstan, nə də Ermənistan regional proseslərin yönləndirilməsində, iqtisadi, siyasi gələcəyin formalaşmasında Azərbaycan qədər önəmə malikdir.
İlham Əliyevin Heydər Əliyev kimi siyasət patriarxından sonra liderliyə gəlişi ilə xalqın inamını, etibarını, maraqlarını qoruyub-saxlaya bildi. İstər sovet dövründə, istərsə də müstəqillik illərində ölkəyə rəhbərlik etmiş Heydər Əliyev kimi bir şəxsin varisi olmaq, daha artıq dərəcədə siyasi kursun davamçısına çevrilmək asan deyildi.
Çünki insanlar hansısa hadisə baş verdikdə “Heydər Əliyev olsaydı, nə edərdi?” kimi paralellər aparacaqdılar. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 2-3 müxtəlif xarici ssenarilərin qarşısını almaq mümkün oldu”.
Deputat qeyd edib ki, Azərbaycanın həm daxili, həm də beynəlxalq mövqelərinin güclənməsi İ.Əliyevin adı ilə bağlıdır:
“İlham Əliyev strateji planlama lideridir. Dövlət başçısı yüksək ideyalarla yaşamağı bacaran, xalqını dəqiq hədəflərə apara bilən liderdir. İlham Əliyevin 15 illik prezidentlik dövrü millətimiz üçün uğurlu olub, bu kurs davam etməkdədir. İlham Əliyevin 2018-ci ildə prezident seçilməsi sübut edir ki, o, milli faydaları xalqı üçün yaşatmaqdadır”.
Millət vəkili Tahir Mirkişili qeyd edib ki, İ.Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub:
“Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb.
Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Müqayisə edilən illərdə xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub.
Əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olub.
Azərbaycan vətəndaşı, onun sosial qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyinin təmin olunduğu strateji xəttə uyğun olaraq əhalinin sosial rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması və məşğulluğunun təmin edilməsi, yoxsulluq dərəcəsinin aşağı salınması istiqamətlərində əhatəli kompleks tədbirlər həyata keçirilib.
Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. Hər 100 ailəyə 53 avtomobil düşür, 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.
Əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm sosial layihələr reallaşdırılıb, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb. Güclü sosial siyasətin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı sosial qayğı ilə əhatə olunmasına imkan yaradıb, sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə xüsusi diqqət gücləndirilib.
Paytaxtdakı və regionlardakı iqtisadi ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına, işsizliyin səviyyəsinin xeyli aşağı salınmasına, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olub.
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm üstünlüklərindən biri ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların dərin konseptual əsaslar və hər sahədə dinamik inkişafı təmin edən konkret proqramlarla dəstəklənməsidir.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”nın postneft dövrünün yeni çağırışlarına uyğun hədəflərin reallaşdırılmasında, informasiya-kommunikasiya sektorunun inkişafında, müasir innovasiyaların tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsində İKT-nin rolunun əsaslı şəkildə artırılmasında mühüm rolu olub.
15 il ərzində Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub-saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib.
İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Bu uğurlu missiya bu gün də davam edir. Dərin iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir.
Dövlət başçısının Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin, rifah halının daim yaxşılaşmasına yönələn yorulmaz fəaliyyəti hər keçən il öz müsbət nəticələrini daha çox göstərir”.