Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Mynews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.
Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. Sonra xatirə şəkli çəkdirilib. “Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra STAR neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə parlamentinin sədri Binəli Yıldırım, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib
Qeyd edək ki, "Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star” Neft Emalı Zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. SOCAR-ın ötən ay "Rosneft”lə imzaladığı razılaşmaya görə isə, bu ilin dekabr ayından etibarən bir il ərzində "Star” zavodu Rusiyanın 1 milyon ton xam nefti ilə təchiz olunacaq.
"Star” Neft Emalı Zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton azkükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod tam gücü ilə gələn ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. "Star” Azərbaycana valyuta axınını təmin edəcək müəssisə olmaqla yanaşı, Türkiyənin dövlət büdcəsinə hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Belə ki, zavod "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.