USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

MM-in Fransa ilə dostluq qrupu Parisə çağırış etdi

09:54 25.10.2018
MM-in Fransa ilə dostluq qrupu Parisə çağırış etdi
09:54 25.10.2018

Fransanın bir neçə bələdiyyə başçısı tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfərin həyata keçirilməsi və oradakı qondarma separatçı rejim təmsilçiləri ilə “bəyannamə” imzalanması ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Mynews.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahibə Qafarovadeyib.

Millət vəkili qeyd edib ki, belə qanunsuz səfərlərin həyata keçirilməsi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir:

“Bu səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan “bəyənnamə” Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir.

Çünki Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci il mayın 24-də “Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında imzalanmış təmimi təlimata əsasən yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etmək qadağandır.

Deməli, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən “Dostluq haqqında Bəyannamə” heç bir hüquqi qüvvəyə malik deyil. Bu isə bir daha sözügedən bələdiyyə sədrlərinin Fransanın özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibətini ortaya qoyur. Paradoksal hal odur ki, Fransa hökuməti və müvafiq qurumlar bu qanunsuzluğun nəticələrinin aradan qaldırılması üçün lazımi qətiyyəti göstərmir”.

S. Qafarova digər bir məqama diqqət çəkərək vurğulayıb ki, bu qanunsuz səfərdə iştirak edənlərdən biri olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşblaun həmişə erməni lobbisinin təsiri altında fəaliyyət göstərib, ermənilərdən daha artıq erməniliyi ilə seçilib:

“Sirr deyil ki, Fransada erməni diasporunun təsiri altında fəaliyyət göstərən, erməni diasporunun maliyyələşdirdiyi bir qrup var. Bu qrup hər vəchlə Azərbaycan ilə Fransa arasında mövcud olan münasibətlərə xələl yetirməyə, bu əlaqələri pozmağa çalışır. Bu şəxslərdən biri də Fransua Roşblaundur. O, Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərdiyi dövrdə də daim ermənilərin maraqlarından çıxış edir, dünya erməniliyinin mənafeyini qorumaq üçün əlindən gələni edirdi. Hətta biz bircə dəfə belə onun Fransa ilə bağlı məsələlərdə, ya da ümumi Avropanı maraqlandıran problemlərin müzakirəsində iştirak edən görməmişik.

Bunun əksinə, Ermənistanın işğalçılıq siyasəti, bu ölkədə mövcud olan problemlər AŞPA-da müzakirə olunarkən Roşbluan dərhal ortaya atılır, erməniləri ən qatı şəkildə müdafiə edirdi. O, həmçinin Azərbaycana qarşı radikal mövqedə dayanırdı.

Ona görə də, bu gün Fransua Roşbluanın da bu səfərdə iştirakı çox aydın şəkildə səfərin sifarişlə icra edildiyini göstərir”.

Deputat qeyd edib ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə xələl yetirir:

“Çünki işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun və Ermənistanın danışıqlardan yayınmaq üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə xidmət edən və təxribat xarakteri daşıyan bu səfər həmçinin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırki terrorçu qondarma “yerli hakimiyyətləri” ilə “bəyannamə” imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq, Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə dəstək vermək anlamına gəlir.

Şübhəsiz, bu, ilk növbədə ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir”.

Deputat əlavə edib ki, bu, Fransanın vasitəçi kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə olan etimadı sarsıdır.

S. Qafarova vurğulayıb ki, Azərbaycan ictimaiyyəti Fransa hökumətindən beynəlxalq hüququn, Fransa qanunvericiliyinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu qanunsuz səfərlə bağlı dərhal ölçü götürülməsini və adekvat münasibət göstərilməsini gözləyir:

“Fransa hökumətinin Dağlıq Qarabağdakı qondarma separatçı rejimi tanımaması barədə açıqlaması əlbəttə ki, yetərli hesab oluna bilməz.

Fransa Minsk qrupunun və BMT Təhlükəsizlik Şurasının üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun ədalətli həllinə nail olunması, Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələrinin icrasının təmin olunması yönündə ciddi iradə ortaya qoyulmalıdır.

Arzu edirik ki, Fransa hökuməti bu və digər məsələlərdə Azərbaycanla mövcud olan münasibətlərin ruhuna və özünün beynəlxalq öhdəliklərinə uyğun davransın. Fransa şirkətləri ölkəmizdə dövlət sifarişi ilə həyata keçirilən dəyəri 2 milyard dollardan artıq olan bir çox layihələrin iştirakçısıdır. Əgər Fransa Azərbaycana və Ermənistanın işğalçılıq siyasətinə münasibətdə bu mövqeyini davam etdirəcəksə, Azərbaycan tərəfindən də adekvat addımların atılması qaçılmaz olacaq. Çünki Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi surətdə əməl edən, sözü ilə əməli üst-üstə düşən, ikitərəfli əlaqələrində qarşılıqlı hörmət və etimad prinsiplərinə söykənən, beynəlxalq hüquqa istinad edən müstəqil dövlətdir. Azərbaycan tərəfdaşlıq etdiyi dövlətlərdən də bu prinsiplərə uyğun davranışlar sərgiləməsini gözləyir”.

Adıçəkilən Qrupun digər üzvü Rauf Əliyev isə Fransa nümayəndələrinin Dağlıq Qarabağ səfərlərini pisləyib və bunu qanunsuzluq, beynəlxalq hüquq normalarına hörmətsizlik kimi qiymətləndirib.

O da qeyd edib ki, Minsk qrupunun həmsədri kimi Fransa bu cür səfərlərin qarşısını almalı və buna yol verənləri məsuliyyətə cəlb etməlidir:

“Hesab edirəm ki, bundan sonra bir daha bu kimi hallara yol verilməməlidir. Bunun qarşısını almaq həmsədr dövlət kimi ilk növbədə Fransanın borcudur”.


Xəbər lenti

300x200r