Ermənistanda parlament seçkiləri öncəsi ciddi toqquşmalar yaşanır. Erməni politoloq Stepan Qriqoryan Serj Sarkisyanın Moskva səfərini şərh edib. Vaşinqton Koreya Xalq Demokratik Respublikasını nüvə silahını inkişaf etdirməyə davam edəcəyi halda, hərbi müdaxilə ilə hədələyib. ABŞ Hələbdə məscidi bombalayaraq 58 nəfərin ölümünə səbəb olduğunu qəbul edib.
Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərini şərh edən erməni politoloqu Stepan Qriqoryanın sözlərinə görə, parlament seçkilərindən sonra Qarabağla bağlı güzəşt (ərazilərin qaytarılması-red) qaçılmazdır. Poitoloq deyib ki, seçkilərdən sonra ciddi proseslər baş verəcək.
Martın 16-sı Ermənistanda “Sasna Çrer” hadisələrinə görə tutulan və günlərdir aclıq aksiyasi keçirən siyasi məhbus Artur Sarkisyan öldü. Aclıq aksiyası zamanı halı pisləşən Artur xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o keçinib. Dünən axşam saatlarından başlayaraq, hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvan sakinləri Azadlıq meydanına gəlib. Əvvəlcə nümayişçilər Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə yürüş təşkil ediblər.
Siyasi baxışlarına görə qanunsuz olaraq həbs edilən müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi etirazçılar qanunsuz olaraq həbs edilən müxalifətçilərin azad edilməsini, bu işlərdə əli olan rəhbər şəxslərin qanun qarşısında cavab verməsini, ədalətin bərpa olunması ilə bağlı çağırışlar ediblər. Etirazçılar “Serjik qatil”, “Baş prokuror istefaya” və s. şüarlar səsləndiriblər.
Daha sonra nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələbi ilə fasiləsiz “oturaq” aksiyası keçirmək barədə qərar qəbul ediblər.
Dünən “Sasna Çrer” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü Ermənistanda seçkiöncəsi vəziyyəti kəskinləşdirib. “Azad demokratlar” partiyasından deputatlığa namizəd Anait Baxşyan Artur Sarkisyanın ölümünün Ermənistanda hakimiyyət dəyişikliyinin anonsu olduğunu deyib.
Erməni siyasətçi hakimiyyətin devrilməsi üçün insanları küçələrə çıxmağa səsləyib.
“Lragir” saytı isə sosial şəbəkələrdə “Milli razılıq hökuməti”nin formalaşması haqda məlumatların yayıldığını yazıb. Sayt qeyd edir ki, “Ohanyan-Raffi-Oskanyan” blokunun və digər siyasi partiyaların hakimiyyətə alternativ olaraq “milli razılıq hökuməti”nin yaradılmasında iştirak edə bilərlər.
Ermənistanda parlament seçkiləri öncəsi ciddi toqquşmalar yaşanır. Armavir rayonunun Crarat kəndində hakimiyyət nümayəndələri ilə müxalifətçilər arasında silahlı toqquşmadan sonra gərginlik davam edir.
“Müstəqil müşahidə” ittifaqı martın 12-də baş verən toqquşmadan sonra kənddə hələ də fövqəladə vəziyyətin davam etdiyini açıqlayıb. Hadisələr keçmiş xarici işlər naziri Vardan Oskanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın yaratdığı “Oskanyan-Raffi-Ohanyan” (ORO) blokunun seçkiqabağı dövrdə kənddə keçirdiyi təbliğat kampaniyası zamanı baş verib.
Siyasi müşahidəçilər Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinin qanlı olacağını deyirlər.
Ermənistanda hakimiyyətə qarşı silahlı üsyan hazırlanır. Bu barədə “Jamanak” qəzeti yazıb. Qəzet yazır ki, əgər “Ohanyan-Raffi-Oskanyan” bloku (“ORO”, keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyan) seçkidə parlamentdə təmsil olunmasalar, silahlı üsyan başlayacaq.
Qəzet qeyd edir ki ki, İrəvanda, həmçinin, Ermənistanın digər bölgələrində “Sasna Srer -2” ssenarisi hazırlanır.
Suriya ordusu səhər saatlarında İsrail qırıcısını düşürüb. Bu haqda Suriya ordusunun açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, səhər saatlarında dörd İsrail qırıcısı Suriyanın hava sərhədlərini pozub. Açıqlamaya görə, qırıcılardan biri düşürülüb, digəri isə vurulub. Məlumata görə, İsrail təyyarələri vurulmadan əvvəl Palmira yaxınlığında bir hərbi obyektə hücum edib.
İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti isə Suriyada heç bir təyyarəsinin vurulmadığını açıqlayıb.
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Avstriyaya aralarındakı diplomatik problemi həll etmək çağırışı edib. NATO üzvü olmayan, lakin Şimal Alyansla əməkdaşlıq edən Avstriya ötən ilin sonunda Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrinin dayandırılmasını istəyib və aprelin 16-da Türkiyədə keçiriləcək referendum öncəsi türk siyasətçilərin Avstriyaya gəlməsinə qarşı çıxıb.
Türkiyə isə Avstriyaya qarşı “NATO-ya üzv olmayan ölkələrlə əməkdaşlıq proqramları”na veto qoyub.
Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahını inkişaf etdirməyə davam edəcəyi halda hərbi müdaxilə variantı da gündəmə gələ bilər. Bunu Cənubi Koreyaya səfər edən ABŞ dövlət katibi Reks Tillerson bu ölkənin xarici işlər naziri Yun Ben Senlə görüşündə deyib.
Dövlət katibi Pxenyana qarşı səbr limitinin tükəndiyini, ABŞ-ın gündəmində Şimali Koreyeya qarşı yeni diplomatik, təhlükəsizlik və iqtisadi tədbirlərin olduğunu bildirib.
“Səbir strategiyası sona çatdı. Bütün variantlar masadadır. Əlbəttə, vəziyyətin hərbi qarşıdurmaya çevrilməsini istəmirik. Ancaq nüvə silahı ilə bağlı təhdid hərəkətə keçməyimizi zəruri edərsə, hərbi müdaxilə də edilə bilər”, - Tillerson söyləyib.
Tillerson nüvə silahından imtinanı KXDR-in təhlükəsizliyi və iqtisadi inkişafı üçün tək yol adlandırıb:
“Şimali Koreya anlamalıdır ki, təhlükəsizlik və iqtisadi çiçəklənməyə nail olmaq üçün kütləvi qırğın silahının hazırlanmasından, həmçinin nüvə silahı və ballistik raketlərdən imtina etmək tək yoldur”.
Şimali Koreya ilə bağlı növbəti açıqlama ABŞ prezidenti Donald Trampdan gəlib. Tramp Şimali Koreyaya qarşı sərt çıxış edib: "Şimali Koreya çox pis davranır. Onlar illərdir ABŞ-la oynayır".
Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev jurnalistlərə açıqlamasında söyləyib ki, ABŞ-ın Şimali Koreyaya münasibətdə birtərəfli fəaliyyəti fəlakətli nəticələrə səbəb ola bilər. Qeyd edək ki, bu gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ABŞ-ın bundan sonra Şimali Koreya ilə bağlı altıtərəfli danışıqlara qayıtmayacağını bildirib.
ABŞ Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndinin yaxınlığındakı məscidə hava zərbəsi endirdiyini qəbul edib.
CENTCOM hadisə ilə əlaqədar ilk yazılı açıqlamasında “Əl-Qaidə”yə aid bir düşərgənin vurulduğunu və çoxlu sayda terrorçunun öldürüldüyünü açıqlamışdı.
Cina kəndinin mülki müdafiə səlahiyyətlisi Yəhya Cavad isə Rusiyaya məxsus olduğu təxmin edilən döyüş təyyarəsinin məscidi bombaladığını bildirmişdi.
Qeyd edək ki, dünən axşam namaz vaxtı baş verən hava hücumunda ən azı 58 nəfər həyatını itirib.