Qurbanıolduqlarıma bir neçə cümləlik ismarıc
Ya da ay maşınlar, qəbristanlığa gedəndə heç olmasa kişini rahat buraxın…
Qurbanıolduqlarım!
İllərdir, Azərbaycan siyasətinin labrintlərində azıb qalan müxalifətin çürük təfəkkürlü simalarını görməkdən gözlərimizin pis günə qalmağından yaza – yaza üzülüb bir para qalmışdıq ki, qurbanıolduqlarım səsimizi eşitdi və bizə yeni bir müxalif sima göndərdi. Göndərdi e, göndərməyinə, o müxalif simaya baxanda dedik, qurbanolduqlarımız, siz bizi başa düşübsünüz e, amma elə bil bir balaca səhv başa düşübsünüz axı… Biz binəva bəndələr sizə Əli Kərimlidən, Arif Hacılıdan, Rəhim Qazıyevdən, nə bilim, İsgəndər Həmidovdan bezdiyimizi demişdik və səndən təvəqqe etmişdik ki, bizə üzü üzlər görməyən müxalifət göndərəsən. Day demədik ki, vəzifədə olanda daxili və xarici siyasi kursunu dəstəklədiyini dediyi bir iqtidarı həbsdən çıxandan sonra ağ yuyub qara sərərək siyasi kursu bir dəfəlik dönük çıxan bir siyasi buqələmunu bizə təzə müxalifət kimi sırıyasan. İncimə, ay qurbanıolduğum, belə lapitin, pişiyin olaq, day bir belə yox da… Yenə Əli Kərimli zad ortyaşlıdır, yenə sosial mediada 100 – dən çox saxta profil işlədir, nə bilim arada canlı yayıma zada çıxır, güldürüb eynimizi açır. And olsun adınıza, bu durub sosial mediada canlı yayım açmaq üçün videokamera necə qoymağı öyrənmə eşqinə düşsə, gərək bir on il qızıl vaxtını sərf eləsin… O da nə gəzər?! Bizdəki radikal müxalifətin sözü olmasın, kişi elə özü votvotdu…
Qurbanıolduqlarım!
Bu boyda haqq – hesabın içərisində, dünyanın yenidən nizama salındığı bir dövrdə, hətta ideoloqların belə öz ideoloji xəttlərini tərk edib yeni geosiyasi vəziyyətə uyğun doktrinalar formalaşdırdığı bir dövrdə əl açıb yalvarırdıq ki, milli maraqlar konteksində Azərbaycan iqtidarı ilə birgə fəaliyyət göstərəcək, ölkənin gələcəyi naminə bir addım iqtidar atanda on addım atacaq bir müxalifət düşsün qismətimizə. Konsepsiyalar hazırlasın, təkliflər paketlərinin üstündə işləsin, bütün parametrləri ilə sözdə deyil, əməli işlə vətəndaşın dərdlərinə şərik olsun. Dünya siyasətinə baxanda müasir çalarlarla onu alsın, ölkəmizə təqdim etsin. Amma olmadı. Biz saydığımızı saydıq, o da bütün rəhmətə gedən dünya siyasi liderlərini. Çörçildən başlayıb Harri Trumeni yad elədi, gördü hirsi soyumur keçdi Reyqanla Tetçerə. Amma sənin bizə müxalifət qismində göndərdiyin müəllim əməlli – başlı qocalıb, gözləri zəifləyib, fəhmi də korşalıb. Soruşanda ki, ay ağsaqqal, gəlirsən də siyasi fəaliyyətlə məşğul olmağa, özü də özündən başqa bütün Əliyevçiləri “saxta Əliyevçi” adlandırırsan və iddialısan ki, sən hətta milli şuranı da, milsiz şuranı da özünə tabe etmək gücündə olduğunu edirsən, bəs yaxşı ay müəllim, sən nə etmək fikrindəsən, nə ilə fərqlənəcəksən bu biri müxalifətçilərdən?! Cavabında müəllim deyir ki, Azərbaycan insan hüquq və azadlıqları, vətəndaşların rifahı, filan, bəhməkan! Ay sizə mən qurban olum, bəs bunu göndərəndə texniki parametrlərinə yeni nəsə yerləşdirərdiniz ki, yeni nəsə deyəydi. Bax, mən deyiləm sizsiniz, siz olsanız müəllimin dediklərini oxuyanda nə düşünərdiniz?! Hə, ay sağolun! Elə mən də onu deyirəm! Vallah, billah, atalarımızın ruhu mən də onu deyirəm. Onsuz da bunu 25 ildir ölkədə radikal müxalifət, antimilli ünsürlər xaricidəki mərkəzlərə danos yazanda qeyd edirlər də. Artıq Azərbaycanda müəyyən problemlərin həlli üçün hər keçən gün özünüz də şahidsiniz ki, ciddi adımlar atılır. Müəllimin dediyi kimi Azərbaycanlılar dolanışıq ucbatından dünyaya səpələnməyiblər, ölkəmiz dikatatura ölkəsi isə heç deyil. Bəs elə isə dəyişən Azərbaycana müəllim nə verəcək, ay başınıza dönüm?!
Qurbanıolduqlarım!
Sonda sizdən xudmani bir təvəqqem var. Müəllimə narahatlıq verən gözəgörünməz qüvvələrinizi göndərin getsinlər işlərinin ardıyca. Ay maşınlar, siz də qəbristanlığa gedəndə heç olmasa kişini rahat buraxın… düşər düşməzi olar sonra, Azərbaycan müxalifəti lidersiz qalar, qulaqlara qurğuşun!…