Soçi görüşü nəticədən asılı olmayaraq Rusiyanın arbitr rolu, Türkiyənin isə taktiki uğuru kimi qiymətləndirilə bilər

905
Soçi görüşü nəticədən asılı olmayaraq Rusiyanın arbitr rolu, Türkiyənin isə taktiki uğuru kimi qiymətləndirilə bilər

Məlum olduğu kimi oktyabrın 22-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Soçidə görüş keçirilib. Baş tutan görüşdə Suriya məsələsi geniş müzakirə olunub və tərəflər arasında memorandum imzalanıb. Memorandumda, Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də hər iki ölkənin bu istiqamətdə birgə hərəkət etməsi əksini tapıb.

Ümumilikdə imzalanan bu memorandumun nə kimi faydaları var? Bu razılaşma kimin xeyrinədir?

Bu məsələ ilə bağlı "Resurs" Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev bildirdi ki, imzalanan sənəd böyük əhəmiyyət daşıyır. Belə ki, bu imzalanan sənəddə Türkiyə və Rusiyanın maraqları uzlaşdırılmışdır. Çünki, Suriya problemi başlayan dövrdəki vəziyyəti elə idi ki, yaranmış böhran vəziyyətində aktiv oyunçular və maraqlar başqa idi, Türkiyənin isə nəinki marağı və rolu nəzərə alınırdı, əksinə Türkiyənin daxili sabitliyi ciddi təhdid altında idi. Qardaş ölkənin bu müddətdə öz mövqeyini ardıcıl və prinspial müdafiə etməsi nəticəsində elə bir vəziyyət yarandı ki, indi artıq Suriya problemini başqa vasitəçilər olmadan Türkiyə ilə Rusiya birlikdə müzakirə edirlər. Bunun özü Türkiyə diplomatiyasının çox böyük uğurudu. Doğrudur bu heç də o demək deyil ki, Suriya problemi həll olundu, bu barədə danışmaq hələ çox tezdir çünki, bir çox məqamlar varki, onların həlli vaxt aparacaq və bu məsələlər zamanla öz həllini tapmalıdır. Ancaq bununla belə bir çox prinspial məsələlərdə artıq Rusiya ilə Türkiyənin bu məsələyə yanaşmasında uzlaşma nöqtələrinin tapılması hər iki dövlətin maraqlarını, fəaliyyətlərini uzlaşdıra bilməsi Suriya probleminin həllində çox böyük bir nəticədi. Bundan başqa, Türkiyə tərəfi Suriyada “Barış Pınarı” adlanan hərbi əməliyyata başlamağının vaxtını, zamanını çox dəqiq təyin edə bildi. Əsas uğur burdan başladı. Həm bölgədə və dünyada terrorizmin azalması, sabitliyin yaranması baxımından, həm də bizim hər iki qonşu dövlətlərdə və o cümlədən qardaş Türkiyə dövlətinin daxilində Suriya problemindən yaranan gərginliyin azalması baxımından çox önəmli addımdı. Eyni zamanda qeyd etməyi vacib bilirik ki, ABŞ vitse-prezidentinin və dövlət katibinin eyni vaxtda iştirak etdiyi nümayəndə heyətinin Türkiyədə Suriya məsələsi ilə bağlı danışıqlar aparılması və müəyyən razılığın əldə olunması Türkiyə tərəfinin uğurları sırasına daxildi. ABŞ-ın öz öhdəliklərini nə dərəcədə yerinə yetirib yetirməyəcəyi başqa məsələdi, bununla belə yenə də bu Türkiyə tərəfinin diplomatik uğuru kimi qiymətləndirilir. Cənab Ərdoğanın bu danışıqların ardınca Rusiya prezidenti cənab Putinlə görüşməyi, bu məsələni müzakirə etməyi əslində Türkiyənin Soçi danışıqlarına əli dolu getməsi baxımından daha faydalı oldu. Sonda qeyd etməyi vacib sayırıq ki, Suriya böhranı başlayanda tərəf kimi çıxış edən Rusiya bugün demək olar ki, arbitr funksiyasını icra edir.

Ərdoğanla Putin Soçidə bu məsələlərdə razılaşdılar – MEMORANDUMUN ŞƏRTLƏRİ

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə aşağıdakı məsələlərdə razılaşdılar:

1. Hər iki tərəf Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına və Türkiyənin milli təhlükəsizliyinin qorunmasına bağlı qaldıqlarını təsdiq edirlər.

2. Terrorizmin bütün şəkil və təzahürləri ilə mübarizədə və Suriya ərazisində separatçı fəaliyyətləri boşa çıxarma istiqamətində qətiyyətli olduqlarını vurğulayırlar.

3. Bu çərçivədə, Tel Abyad və Ras Al Aynın daxil olduğu 32 km dərinliyindəki mövcud Barış Pınarı Hərəkatı sahəsindəki status-kvo mühafizə ediləcəkdir.

4. Hər iki tərəf Adana Anlaşmasının əhəmiyyətini təsdiq edir. Rusiya Federasiyası mövcud şərtlərdə Adana Anlaşmasının tətbiqini asanlaşdıracaqdır.

5. 23 Oktyabr 2019-cu il, günorta saat 12:00-dan etibarən Rus hərbi polisi və Suriya sərhədçiləri Barış Pınarı Hərəkatı sahəsinin xaricində qalan Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə, YPG ünsürləri və silahlılarının Türkiyə-Suriya sərhədindən başlayaraq sərhədin 30 km xaricinə çıxarılmasını təmin etmək üçün daxil olacaqlar. Bu proses 150 saat içində tamamlanacaqdır. Eyni zamanda, Qamışlı şəhərindən xaricində, Barış Pınarı Hərəkatı sahəsinin qərbində və şərqində 10 km dərinlikdə birgə Türk-Rus patrul fəaliyyəti başlayacaqdır.

6. Münbiç və Tel-Rıfatdan bütün YPG ünsürləri silahları ilə bərabər çıxarılacaqdır.

7. Hər iki tərəf terrorist ünsürlərin sızmasının qarşısının alınmasının təmini üçün lazımi tədbirləri görəcəkdir.

8. Qaçqınların təhlükəsiz və könüllü şəkildə geri qayıtmalarını asanlaşdırmaq məqsədilə ortaq fəaliyyət göstəriləcəkdir.

9. Bu memorandumunun həyata keçirilməsinə nəzarət üçün və koordinasiya məqsədilə müştərək bir nəzarət və yoxlama mexanizmi qurulacaqdır.

10. Tərəflər Astana Mexanizmi çərçivəsində Suriya münaqişəsinin siyasi həlli üçün səylərini davam etdirəcək və Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcəkdir.

Azər Ələşrəfov,

"Resurs" Analitik İnformasiya Mərkəzinin eksperti

Xəbər lenti