Koronavirus pandemiyası dövrü: Sosial rifahın təminatında İlham Əliyev faktoru ANALİZ

3946
Koronavirus pandemiyası dövrü: Sosial rifahın təminatında İlham Əliyev faktoru ANALİZ

Azərbaycan xalqının bütün təbəqələri ölkə liderinin diqqəti və qayğısı ilə əhatə olunublar

COVID-19-un dünyanın bir sıra aparıcı ölkələrinə sosial-iqtisadi cəhətdən zərbələr vurması göz önündədir. Belə ki, insanların sağlamlıqları ilə yanaşı, sosial həyatlarına da ciddi sirayət edən qlobal pandemiya təhlükəsi hətta aparıcı dünya dövlətlərini, habelə beynəlxalq maliyyə qurumlarını artıq ciddi ölçülərin götürülməsi barədə düşünməyə vadar edir. Xüsusilə, vətəndaşlarının sosial rifahlarının təminatını minimal olsa belə saxlamağa çalışan ölkələr, təşkilatlar müxtəlif çıxış yolları axtarmağa, sınaq dövründən az itkilərlə çıxmaq ətrafındakı planlar, layihələr üzərində işləməyə başlayıblar.

Prezident İlham Əliyev: “İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir”

Söz yox ki, koronavirus epidemiyasının sürətlə yayılması Azərbaycana da təsirsiz ötüşmədi. Bu barədə Prezident İlham Əliyev müvafiq nazirlik strukturları ilə keçirdiyi onlayn-müşavirədə vurğulayıb və bütün bunlara baxmayaraq, sosial layihələrin ilin sonuna qədər təxirə salınmayacağını qeyd edib. “Bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir”, deyən ölkəmizin lideri həmçinin bildirib ki, əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.

Vətəndaşların sağlamlığının mühafizəsi ilə yanaşı, ərzaq bolluğunun təminatı, habelə məşğulluğun, sosial rifahın dəstəklənməsi sahəsində analoqu olmayan addımlar atıldı

Məhz koronavirus pandemiyasının sürətlə yayılması fonunda cənab Prezident İlham Əliyevin qətiyyəti və şəxsi iradəsi ölkəmizi və xalqımızı gözlənilən bir sıra təhlükələrdən qorudu. Vətəndaşların sağlamlığının mühafizəsi ilə yanaşı, ərzaq bolluğunun təminatı, habelə məşğulluğun, sosial rifahın dəstəklənməsi sahəsində analoqu olmayan addımlar atıldı. Bu barədə şərhimizə keçənə qədər onu da xatırladaq ki, pandemiya dövrü dünyanın və Avropanın aparıcı ölkələrində yaşanan ərzaq panikası və s. kimi hallar həqiqətən də bir sıra dövlətlərdə ciddi təlaşlar yaşatdı.

Beləliklə, fakt və reallıq budur ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində təcili addımlar atıldı və həmin addımların nəticəsidir k, hazırda da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, demək olar ki, gündəlik qaydada məşğulluğun və sosial rifahın dəstəyi istiqamətində dinamik tədbirlər həyata keçirilir, fəal siyasət aparılır.

O da əbəs deyil ki, çətinliklərlə üzləşən ölkələr bu gün düşdükləri durumlardan çıxış yolları axtararkən, məhz Azərbaycan modelindən istifadə etməyə üstünlük verirlər. Çünki Azərbaycanın inkişaf və sosial-iqtisadi tərəqqi modeli yalnız region üçün deyil, beynəlxalq aləm üçün də nümunəvi etalona çevrilib.

Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb

Bu dövrdə qısa müddətdə görülən nəhəng işlər həqiqətən də sübut edir ki, Azərbaycan dövləti bütün fors-major hallardan qalibiyyətlə çıxmaq gücünə, qüdrətinə malikdir. Bunu ortada olan statistik rəqəmlər də kifayət qədər sübut etməkdədir. Gəlin bir daha xatırlayaq. Belə ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb.

17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb, sosial təminatların ödənilməsi məqsədi ilə vətəndaşlara 190 manat birdəfəlik maddi yardım prosesi həyata keçirilir.

Əlbəttə ki, bu reallıq ilk növbədə DÖVLƏT-XALQ vəhdətinin, bağlılığının təcəssümü olmaqla yanaşı, həm də dövlət başçısının bilavasitə göstərişlərinin sübutudur.

Prezident İlham Əliyevin qərarları ardıcıllıq fonunda həyata keçirilir

Digər tərəfdən, pandemiya dövründə iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində də müvafiq təxirəsalınmaz tədbirlər gerçəkləşdirilir. Misal üçün, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb, eləcə də, elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Bu tədbirlərin nəticəsidir ki, əhatə dairəsi 1 milyon 629 min işçini təşkil etməkdədir. Onlardan dövlət sektoru üzrə 910 mini, özəl sektor üzrə isə 719 mini çalışmaqdadır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, ötən dövrdə əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib. Belə ki, 1 - 17 aprel tarixləri arasında 55 min artım, 1 yanvar-17 aprel müddətində isə 77 min artım.

İqtisadiyyat Nazirliyinin məlumatına görə isə, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Bu xüsusda əhalinin məşğulluq imkanlarının artırılması prosesində də təxirəsalınmaz işlər reallaşdırılmaqdadır. Belə ki, məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. Təkcə DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb və artıq 5 min şəxs işə cəlb edilib.

Əlbəttə ki, dövlətimizin başçısı cənab İlham Əliyevin qərarları ardıcıllıq fonunda həyata keçirilir və bu ardıcıllıq funksiyasında o da bəlli olub ki, görülən tədbirlər nəticəsində ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

Yuxarıda da qeyd etdiyimiz kimi, dövlət işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslər barədə də fəaliyyətini davam etdirir və ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Prezident İlham Əliyev cənabları qeyd edib ki, birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Bu müddət aprel və may aylarını əhatə edəcək. Növbəti mərhələdə isə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və müvafiq uçot yaradılacaq.

Hətta ən kiçik detalları diqqətində saxlayan Prezident İlham Əliyev verdiyi hər bir Sərəncamlara, qərarlara şəxsi nəzarət edir

Bu işlərin operativliyi də göz önündədir. Ölkə liderinin müvafiq qərarından sonra, daha dəqiq desək, aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanıldı və ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edildi. Prosesin dinamikliyi isə müvafiq işləri həyata keçirən strukturların öz vəzifələrinin öhdəsindən layiqincə gəlmələridir. Əlbəttə ki, hətta ən kiçik detalları diqqətində saxlayan Prezident İlham Əliyev verdiyi hər bir Sərəncamlara, qərarlara şəxsi nəzarət edir, onların icra olunması barədə məlumatlandırılır.

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində də tədbirlər planları yüksək səviyyədə həyata keçirilməkdədir. Burada dayanan əsas məqsəd bilavasitə işsiz vətəndaşların qayığısına qalmaq faktorudur. Maraqlısı və sevindiricisi də budur ki, sözügedən tədbirlər planı çərçivəsində işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək ki, 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Bu, kifayət qədər böyük rəqəmdir və nəzərə alarsaq ki, qərarlar məhz pandemiya şəraitində qəbul edilir, bu zaman dövlətin hər an vətəndaşının yanında olması faktı özünü kifayət qədər isbatlamış olur.

Görülən sosial tədbirlər vətəndaşların müxtəlif kateqoriyalarını əhatə edir

Misal üçün, o da bəllidir ki, işsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi məsələsi də Prezident İlham Əliyevin şəxsi diqqətindədir. Belə ki, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb, o cümlədən, 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılıb. Bu, eyni zamanda müxtəlif kateqoriyaların genişliyini də əks etdirməkdədir.

Bu gün Azərbaycan ailəsinin özünəməşğulluq tandemi ətrafında ciddi işlər aparılmaqdadır. Bu xüsusda özəl proqramın həyata keçirilməsi ilə yanaşı, onun icra prosesinin sürətləndirilməsi əsas olaraq götürülüb. Bu məqsədlə, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb.

Yeri gəlmişkən, sözügedən proqramın icrası istiqamətində daha bir sevindirici və qürurverici amil ondan ibarətdir ki, burada Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir və hər il 250 ailə özünüməşğulluq proqramına daxil olunur. Ümumiyyətlə, bu proseslərdə Heydər Əliyev Fondunun da əsas mövqe sərgiləməsi həyata keçirilən işlərin sürətlənməsinə, dinamikliyinə təkan verməkdədir.

Özünəməşğulluq proqramının realizəsində Heydər Əliyev Fondu müvafiq addımları ilə seçilir

Koronavirus pandemiyasında maliyyə və bank sektorlarında da müəyyən durğunluqlar yaşansa da, Azərbaycanda bu istiqamətdə ön tədbirlərin görülməsi bir sıra üstünlüklərin əldə edilməsinə səbəb olub. Məhz bu məsələdə də, özünəməşğulluq proqramının realizəsində Heydər Əliyev Fondu müvafiq addımları ilə seçilir. Banklarla sıx əməkdaşlıq həyata keçirlir və nəticədə aprelin 8-dən etibarən banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb.

Daha bir münbit addım Dünya Bankı ilə də layihəyə başlanılmasıdır və aparılan hesablamalara görə, hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək.

O cümlədən, BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir ki, bu da müvafiq zamanda əlillərin dövətin xüsusi diqqət və qayğısı ilə əhatəsində saxlaması gerçəkliyini ehtiva etməkdədir. Beləliklə, dövlət xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi yönündə də planların icrasını həyata keçirmək əzmini ortaya qoyub. Statistikaya görə, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldirilib və bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs almaqdadır.

Əbəs deyil ki, bir çox dövlətlərdə pensiyaların ödənilməsində ciddi problemlər yaşandı, maliyyə çətinlikləri həmin prosesin qarşısını aldı, amma Azərbaycanda ümumiyyətlə belə hal yaşanmadı. Belə ki, aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənildi. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Əlbəttə ki, bu dövlətin maliyyə siyasətinin düzgün istiqamət almasının da bariz göstəricisi kimi təqdim oluna bilər.

Nəticələr nəyi sübut edir?

Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi prosesində də yüksək irəliləyiş müşahidə olunur. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılması, eləcə də, bunun üçün əlavə 3 milyona manat ayrılması sosial yardım alan ailələrin Prezident İlham Əliyevin daimi diqqətində saxlanılması məqsədini ortaya qoymaqdadır. Artıq aprelin 1-dən ünvanlı sosial yardımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği isə 222 manatı təşkil edir.

Əlbəttə ki, pandemiya dövrü tənha yaşlıları da dövlətin xüsusi diqqətində qalmasını, onların sosial xidmətlərinin təminatını ön planda saxlamaqdadır. Belə ki, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır və 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Həmçinin, sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses hazırda da davam etdirilir. Hazırda isə, 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Sosial tədbirlər də bununla başa çatmır. Gəlin bu rəqəmlərə də diqqət yetirək:

Təkcə 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb. Habelə, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır. Eyni zamanda, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Tələb olunan vəsait (il ərzində) 40 milyon manatı təşkil edir.

Beləliklə, biz bu reallıqlar kontekstində hansı nəticələrə gəlirik? Bu, ilk növbədə, Prezident İlham Əliyev cənablarının dəfələrlə vurğuladığı kimi, dövlət siyasətinin tərkibində bilavasitə Azərbaycan vətəndaşı dayanması faktorunu sübut edir. Həmçinin, dövlət başçısının “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirləri həyata keçirilən ardıcıl sosial tədbirlərin bariz təzahürüdür. Daha dəqiq desək, bu gün Azərbaycan xalqı bir daha əmin olur ki, onun qayğısına qalan Azərbaycan dövləti və Prezident İlham Əliyev hətta pandemiya dövrünün ən çətin anlarında belə qətiyyətli siyasət aparır, sarsılmaz iradə və daimi xalq sevgisi gerçəkliyini tərənnüm edir. Təbii ki, Azərbaycan xalqı bu siyasətdən bəhrələnməklə yanaşı, qısa müddətdə koronavirus pandemiyasına qalib gələcəyinə inanır, liderinin ətrafında daha da sıx birləşərək, dövlət siyasətini birmənalı olaraq dəstəkləyir.

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru,

fəlsəfə üzrə fəlsəfə doktoru

Xəbər lenti