“Qoşulmama Hərəkatının sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsi Azərbaycan dövlətinin milli maraqlarına uyğun olan, dövlətimizin humanizm prinsiplərinə əsaslanan siyasətinin göstəricisidir”. Bunu fikirləri açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
O bildirib ki, Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün yükunları ilə bağlı qəbul edilən Bəyannamə humanizm prinsiplərinə əsaslanaraq dünyada baş verən pandemiya və onun mənfi təsirlərindən əziyyət çəkən insanlara, dövlətlərə həmrəylik nümayişi idi.
Ekspert söyləyib ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verərək həm daxili ictimaiyyətdə, həm də dünya ölkələri üçün pandemiyanın yarada biləcəyi sosial iqtisadi problemlərdən əziyyət çəkəcək insanlara, ehtiyacı olan şəxslərə mərhəmət hissi ilə yanaşma nümunəsi ortaya qoydu: “Azərbaycan dövləti həm bundan öncə keçirilən Türk Şurasının, həm Ümümdünya Səhiyyə Təşkilatının, həm də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfranslarında bütün dünyaya ölkə siyasətinin əsasında humanizm prinsipləri, ehtiyacı olan insanlara yardım kimi nəcib əməllərin dayandığını bir daha göstərmiş oldu. Bu bizim dövlətimizin, siyasətimizin mənəvi xarakterinin təzahürüdür”.
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfransın ölkəmiz üçün önəmi və vacib nüanslarını açıqlayan R.Quliyev qeyd edib ki, dünyanın pandemiya səbəbindən iflic olduğu bir dövrdə Azərbaycanın bu cür təşəbbüslər irəli sürməsi ölkəmizin aktiv qlobal siyasət yürütmək imkanına malik olduğunu göstərir: “Müasir dünyada aktivlik nümayiş etdirərək müxtəlif təşəbbüslər irəli sürməklə nəticə əldə etmək üçün həm dövlətin, həm də onun Liderinin dünyada böyük nüfuzu olmalıdır. Hazırda baş verənlər həm Azərbaycan dövlətinin, həm də Prezident İlham Əliyevin dünyada böyük nüfuzundan, təşəbbüskarlığından xəbər verir”.
Ekspert əlavə edib ki, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.