“Möhtərəm Prezidentimizin daimi diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır” Məhərrəm Əliyev

10054
“Möhtərəm Prezidentimizin daimi diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır” Məhərrəm Əliyev

“Bildiyiniz kimi, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Xalqımız müstəqilliyimizin, suverenliyimizin qarantı olan Azərbaycan Ordusunun 102-cü ildönümünü qeyd etməyə hazırlaşır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də qeyd etdiyi kimi bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev deyib.

O bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 16 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunub: “Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, yeni hərbi şəhərçiklərin istifadəyə verilməsi, hərbi qulluqçularımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük nailiyyətlər əldə olunub”

M.Əliyev söyləyib ki, bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi idarəetmənin təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitinin yüksəldilməsi kimi tapşırıqlar durur: “Azərbaycan ordusu ən müasir texnika və silahlarla təmin olunub. Paralel olaraq ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Beynəlxalq sərgilərdə ölkəmizin hərbi məhsullarına böyük marağın olması bunu deməyə əsas verir. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində bir neçə hərbi istehsal müəssisələri yaradılıb. Bu müəssisələrdə ordumuzun təchizatı üçün hərbi təyinatlı müxtəlif məhsullar istehsal edilir. Bundan əlavə ən müasir texnika və silahlar alınıb. Əldə olunmuş müasir zirehli texnikalar, hava hücumundan müdafiə sistemləri, təyyarələr, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli və yaylım atəşli raket sistemləri bizim hərbi gücümüzü artırır”.

Prezidentin köməkçisi qeyd edib ki, hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır: “2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri Ordumuzun real qüdrətinin mühüm nümayişi olubdur. Bunlarla yanaşı, möhtəşəm hərbi paradlar və təlimlər də Azərbaycan Silahlı Qüvvələrinin potensialını, gücünü əyani surətdə göstərir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğu, silahlı qüvvələrimizin qüdrəti bütün dünyaya aşkar şəkildə nümayiş etdirildi. Bir sözlə ifadə etsək Silahlı Qüvvələrimiz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarındadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır”.

Xəbər lenti