"Belarus Prezidenti Aleksandr Lukaşenko sosial şəbəkələrdə və rəsmi KİV-lərdə rəsmi olmayan geyimdə əlində silah tutmuş vəziyyətdə öz fotolarını paylaşmağa şərait yaradıb. Hesab edirəm ki, bu heç də təsadüfi deyil. Bu bilərəkdən müəyyən dairələrə verilmiş mesajdır. Belarus prezidenti silahlı formada şəkillərini yaymaqla bunu xalqa, etirazçılara qarşı təzyiq metodu nümayiş etdirmir". Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
Siyasi ekspertin sözlərinə görə, Lukaşenko konkret olaraq "Məxməri inqilab"lar seriyasını Belarusiyada gerçəkləşdirən, həmin plana xidmət edən və həmin planın arxasında dayanan qüvvələrə silahlı formada şəkli ilə "Mən "Məxməri inqilab"a yol verməyəcəyəm" demək istəyib: "Çünki "Məxməri inqilab"a yol verilməsə, bu yalnız silahlı inqilab olmalıdır. Belarus prezidenti silahlı inqilaba və yaxud da silahlı qarşıdurma metoduna geçəcəyini açıq-aşkar nümayiş etdirir. Ümumiyyətlə Aleksandr Lukaşenko indiyə qədərki idarəçiliyində və Avropaya, Rusiyaya münasibətində hər zaman göstərib ki, onun üçün qeyri-standart addımlar atmaq xarakterikdir. Görünür, Lukaşenko öz xoşuna hakimiyyəti təhvil verməyə hazırlaşmır. Fikrimcə, bunun yalnız bir yolu ola bilər və bu da "Məxməri inqilab"ın ilhamvericisi, dəstəkvericisi və onu aktiv şəkildə dəstəkləyən Qərb dövlətlərinin Belarus prezidenti ilə danışıqlara getməsidir. O bir növ özünün "Məxməri inqilab" yolu ilə devirilməsinə yol verməyəcəyini açıq-aşkar göstərir. Aleksandr Lukaşenko özü ilə danışıqlara getməyi onlardan tələb edir. Əgər o başa düşsə ki, artıq hakimiyyəti saxlamaq mümkün deyil, o zaman silahlı qarşıdurmaya gedəcək.
Hətta bəzən Belarusiyada baş verən proseslərdən ilhamlanıb Azərbaycandakı müəyyən müxalif qüvvələrə Qərbdən verilən mesajlara münasibətdə demək istərdim ki, orada baş verən proseslər ölkəmizdə tamam başqa prizmadadır. Tovuz hadisələri də bir daha göstərdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayan və çox vacib regional gücdür. Hətta bugünkü Azərbaycan iqtidarının siyasəti nəticəsində Avropanın enerji təhlükəsizliyinin böyük bir hissəsi bu regionla bağlıdır. Azərbaycan dövlətinin apardığı uzunmüddətli siyasətin nəticəsində həm ölkəmizin dayanıqlığı, həm də Avropanın enerji təhlükəsizliyi uzlaşdırılıb. Ona görə də Tovuz hadisələri göstərdi ki, bu məsələlərdə münasibət tamam fərqlidir. Yəni bu gün Avropa Belarusiyadakı hazırki iqtidarın getməsində maraqlıdırsa, Rusiya qalmağında maraqlıdır. Amma Azərbaycanda bunun əksidir. Avropanın enerji təhlükəsizliyi layihəsində Azərbaycanın aktiv roluna görə bəzən Rusiyanı qıcıqlandıran və yaxud da rəsmi Moskvanın strateji siyasətini təmin etməyən nüanslara və elementlərə rast gəlinə bilir. Bu gün Azərbaycanın hazırki iqtidarının siyasəti Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Bu baxımdan burada biz əks münasibətləri görürük. Burada Avropanı Azərbaycan iqtidarının hazırki və indiyə qədərki siyasəti tam qane edir. Bu, dəfələrlə belə olub. Məsələn, bəzən Avropadakı hansısa dairələr, qüvvələr tərəfindən müəyyən bəyanatlar səslənirsə, bunu adi bəyanat kimi qəbul etmək lazımdır. Bu məsələnin bir tərəfi. Digər tərəfdən Viktor Yanukoviçin vaxtında birbaşa Rusiyanın əsas müttəffiqlərindən biri Ukrayna idi. Hətta Ukraynada ikinci dil rəsmi olaraq rus dili sayılırdı. Rusiyanın vassalı,, anklav ərazisi olan Ermənistandır. Rusiya ilə bir medalın iki üzü olan digər bir MDB dövləti isə Belarusiyadır. Baxmayaraq ki, Belarusiya hər zaman Azərbaycana dost münasibəti sərgiləyib. Azərbaycan tərəfi həmişə Aleksandr Lukaşenkonun dostluq münasibətlərini çox yüksək qiymətləndirib. Hesab edirəm ki, gələcəkdə də Belarusiyada, Moldovada, Ukraynada iqtidar dəyişikliyi strateji münasibətlərə o qədər də ciddi təsir etməyəcək. Rusiyanın əsas müttəfiqləri olan Ermənistan və Belarusiyadır. Belarusiyada növbəti "Məxməri inqilab" planı artıq Rusiyanın sərhəddinə "Məxməri inqilab"ların ixracının plan üzrə bir ssenarisidir. Bunu Lukaşenko da bilir və Putin də çox gözəl anlayır. Ona görə də onlar "Məxməri inqilab"a qarşı birgə mübarizə aparacaqlar. Ancaq Rusiyanın öz daxilindəki proseslər göstərir ki, Belarusiyadan sonra proseslər Rusiyanın daxilinə keçəcək. Ona görə onlar Belarusiyanı döyüşün əsas qalası hesab edirlər".