Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərinin yekun nəticələrinə yekun vurulacağı iclası qalmaqal və dava ilə başlayıb. Komissiyanın müxalifətçi üzvü, Milli Hərəkatın nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin üzərinə qara boya töküb.
“Siz gürcü xalqını eşitmirsiniz, etiraz edən tələbələri eşitmirsiniz. Siz Gürcüstanın gələcəyini, bizim gələcəyimizi əlimizdən aldınız, ölkəmizi Rusiyaya tərəf sıxışdırırsınız. Mən sizə sədr də deyə bilmərəm, siz “dot ru”sunuz. Sən qara ləkəsən”, – Kirtadze bir stəkan tünd rəngli maye ilə Kalandarişviliyə yaxınlaşıb bə boyanı MSK sədrinin üzünə atıb..
Bundan sonra dava düşüb və təhlükəsizlik işçiləri və məhkəmə icraçıları komissiya üzvlərini ayırmağa məcbur olublar. Hakimiyyətin əleyhdarları hesab edirlər ki, seçkilər zamanı səsvermənin gizliliyi pozulub - bülletenlərin arxa tərəfində marker işarələri var. Onlar təkid edirlər ki, bu səbəbdən elektron seçki qutuları quraşdırılan məntəqələrin 90 faizində seçkinin nəticələri ləğv edilməlidir. Yerli qeyri-hökumət təşkilatlarının və müxalifətin müvafiq tələbləri Gürcüstan məhkəmələri tərəfindən təmin edilməyib.
Görüş yarımçıq kəsilib. İclas otağı və Kalandarişvilinin kreslosu boyadan yuyulur. Eyni zamanda MSK-nın ofisinin yaxınlığında etiraz aksiyası keçirilib. Orada seçkilərin saxtalaşdırıldığını hesab edən bir neçə yüz adam toplaşıb. Etirazçılar arasında həm müxalifət siyasətçiləri, həm də sadə vətəndaşlar var. Hadisə yerinə çoxlu sayda polis səfərbər edilib, mərkəzi darvazaya qıfıl vurulub.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim “Gürcü arzusu” partiyası 53,93% səs toplayıb, qalib gəlib və təkbaşına hökumət qurmaq hüququ əldə edib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib: “Dəyişiklik üçün Koalisiya” (11%), “Birlik – Milli Hərəkat” (10,16%), “Güclü Gürcüstan” (8,8%), “Gürcüstan üçün Qaxariya” (7,76%). .