Casusun, agentin kim olduğunu, fəaliyyətini, kimlərə çalışdığını, məqsədinin nə olduğunu izah etmək o qədər də çətin deyil. Bunun ümumiləşdirilmiş bir adı var: satqın, xayin, xalqının düşməni. Xəyanətkarlara da heç bir ölkədə aman yoxdur. Hətta özünü “demokratiya”nın beşiyi adlandıran və “insan haqlarının hamisi” kimi təqdim edən ölkələr öz vətəninə xəyanət edən, xalqını qara qəpiyə satanlara qarşı daha amansızdırlar. Başqa ölkələrdə yetişdirdikləri agentlər isə, sən demə, satqın yox, azadlıq mübarizləri imişlər. Postsosialist düşərgəsində baş verən hadisələr kimi…
Qərb onsuz da ömrünün ahıl dövrünü yaşayan proletariat diktaturası tərəfindən qurulmuş SSRİ-nin çöküş gününü təntənə ilə qeyd etməzdən əvvəl sosialist düşərgəsini dağıtdılar və faktiki olaraq dövlət idarəçiliyini keyləşdirmək üçün anesteziaoloji əməliyyat apardılar. Sosialistlər narkozdan ayılanda özlərini tam fərqli məkanda tapdılar. O yerdə ki, uzun illər onlara qarşı ideoloji savaş aparmışdılar, kapitalist dünyasının nə qədər yırtıcı olduğunu isbat etmək üçün qalaq-qalaq kitablar yazmışdılar, dastanlar bağlamışdılar. Həyatın ironiyasına bax ki, bu gün onların yanında, himayəsində olduqlarından məmnun görünürlər. Əlbəttə, bu keçici haldır, ta ki, hər şey tam olaraq üzə çıxana qədər…
Qərb SSRİ-nin dağılmasından sonra onun yerində qalan ölkələrə qarşı daha amansız siyasi repressiyalar aparır. Sovetlər ölkəsində yaşadığımıza görə, bizə, yumşaq desək, minnət qoyurlar, hər işimizə qarışırlar, ən əsası isə guya biz insan haqqı, demokratiyanın rəngi nə imiş bilmirmişik. Bu bəhanə ilə avropalılar bu gün də postsovet ölkələrində at oynadır, istədiyini diktə edir, qarşılıq verənləri isə…
...ABŞ Dövlət katibi Entoni Blinkenin 2024-cü ilin dekabrın 4-də ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanat səsləndirib. Əlbəttə, cavab tədbiri anındaca görülüb, Azərbayvan Xarici İşlər Nazirliyi bunu qətiyyətlə pisləyib və deyilənləri rədd edib. Təəssüflə qeyd edilib ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur. Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq.
...Agent mövzusuna qayıdaq, sovetlər süqut edəndə qərblilər onun yerində yaranmış yeni dövlətlər üzərində media, QHT və digər cəmiyyət institutlarından istifadə edərək nəzarət mexanizmi qurublar. Həmin institutlar dövlətin aidiyyəti qurumlarında ictimai birlik kimi qeydiyyatdan keçsələr də, fəaliyyət imkanlarını artırmaq üçün tələb olunan maliyyə vəsaitini kənar mənbələr hesabına reallaşdırırlar. Bu məsələdə Qərb dövlətlərinin rəsmi və qeyri-rəsmi qurumları xüsusi aktivlik nümayiş etdirirlər. Hətta hansı ölkədə neçə QHT və media qurumu yaradılmasına da onlar qərar verirlər. Yaradılan bu institutların sayında balansın gözlənilməsi də bir mübahisə mövzusu idi. Bu limitlə razılaşmayan, yaxud həmin institutların fəaliyyətinə müdaxilə edən ölkələri nələr gözlədiyini də sözlə ifadə etmək artıqdır, yəni Gürcüstanın timsalında misallar “n” qədər.
Gürcüstan vaxtilə QHT-lərin, “müstəqil media”nın sayına görə fəxr edirdi, öyünürdü. Xaricdən qidalanan həmin QHT və media sektorunun sabah nələr edə biləcəyini isə Gürcüstan hakimiyyəti ağlına gətirməkdə çətinlik çəkirdi. Onu görmək üçün Avropa İttifaqına kor-koranə üzv olmaq eyforiyasından qurtulmaq lazım idi. Amma Avropaya gedən yolun parıltısı o qədər göz qamaşdırıcı idi ki, oradakı kələ-kötürü, daş-kəsəyi kimsə görmürdü və görə də bilməzdi. Ta ki Avropa o lampaları söndürənə qədər Gürcüstanda hər şey yaxşı idi. Və məlum oldu ki, sən demə, Qərb Gürcüstanın içində bir dövlət yaradıb. Cəmiyyətin siyasi cəhətdə ən aktiv hissəsi avropalıların tam nəzarətində və idarəçiliyindədir. İstəsələr hər an hakimiyyətə problemlər yarada bilərlər. Belə də oldu, Avropa İttifaqının Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyinə Tbilisinin rədd cavabı daşları yerindən oynatdı. Brüssel dərhal cəza tədbirlərinə başladı, Gürcüstanın Avropa İttifaqına və NATO-ya üzvlük məsələsi donduruldu, namizədlər siyahısından da çıxarıldı. Buna cavab haqqını özündə saxlayan Gürcüstan parlamentdə “Xarici agentlər haqqında” qanun qəbul edildi. Digər bir qanun isə avropalıların ən çox sevdiyi LGBT-yə zərbə vurdu.
“Xarici agent” xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən statusdur. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxıb. Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının "Xarici agentlər haqqında" qanun layihəsini bu il yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırdı. Etirazçılar qanunun söz və mətbuat azadlığını məhdudlaşdıracağını, QHT sektorunda çalışanları "xarici agent" kimi damğalayacağını əsas götürərək buna qarşı çıxırlar. Qeyd edək ki, oxşar qanun Rusiyada və bir çox MDB ölkələrində çoxdan qəbul edilib. Azərbaycanda isə "xarici agent" haqqında qanun qəbul edilməyib, amma xarici donorların fəaliyyətinə nəzarət var. Yalnız qeydiyyatdan keçən xarici donorlardan qrant almaq olar. Amma bəzi QHT-lər qonşu ölkələrdə "xarici agent" kimi qeydiyyatdan keçib qranlar əldə edirlər.
Rusiyada qəbul edilən qanunun digər keçmiş sovet məkanına da yayılması praktikası mövcuddur. Mümkündür ki, həmin ölkələr xarici təsirlərdən, təhlükələrdən qorunmaq üçün belə addımları atıblar. Amma bu məsələdən bəhs edərkən Avropa arealında mövcud olan gerçəkliyi də mütləq müqayisəli şəkildə ortaya qoymaq lazımdır. Avropa Birliyində xarici təsirlərə qarşı çoxlu qanunvericilik aktları qəbul olunub. Bu barədə çoxlu nümunələr də gətirmək mümkündür. Xüsusən də onlar hansısa "saxta", başqa xarakterli informasiyalar adı altında arzuolunmaz saydıqları üçüncü sektor təmsilçilərini, o cümlədən, media quruluşlarının fəaliyyətini qadağan edirlər.
Azərbaycan xalqı və dövləti Qərbin ölkəmizə sırımaq istədiyi bu cür cəhdlərə qarşı birgə dayanaraq, öz imicini qorumağı və beynəlxalq arenada daha güclü mövqe əldə etməyi davam etdirəcək.
V.SALAH