USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

840 milyonluq cərimə kimin canından çıxacaq? CƏRİMƏ PROQNOZU

18:51 04.01.2025
840 milyonluq cərimə kimin canından çıxacaq?  CƏRİMƏ PROQNOZU
18:51 04.01.2025

Dövlət büdcəsi nədir, haradan formalaşır və necə xərclənir, bunu bilməyən az adam tapılar. Ən azından vətəndaşlara “loru dildə” bu barədə məlumatlar çatdırılır. Büdcəni yaradan, formalaşdıran konkret mənbələr var. Bundan kənarda olanlar yalnız təxminlər və ehtimallardır. Yəni ehtimal etsən ki, “filanləsin qoyunları gəlib tikanlı çəpərin yanından ötəcək, arvad da tikanlarda ilişib qalan yunu toplayıb ondan corab toxuyacaq və sən də satıb onu pula çevirəcəksən”, bu, hamını aldatmaq deməkdir. Müasir dövrdə dövlət büdcəsi gəlirlərinin formalaşması və idarə edilməsi əvvəlcədən konkret mənbələr üzərindən proqnozlaşdırılır.

Ölkəmizinn iqtisadi sisteminin miqyasına uyğun olaraq hal-hazırda aparılan islahatlar vergilərin keyfiyyətcə yeni yığılma qaydalarını müəyyənləşdirib. Amma bəzi məmurlar, hətta bu işə birbaşa cavabdeh olan nazirlər var ki, onların məsələyə yanaşması, büdcənin formalaşmasında aidiyyəti olmayan mənbələrə müraciət etməsi həqiqətən utancvericidir. Fikrimizi bir az da konkretləşdirək. Maliyyə naziri Samir Şərifovun büdcə müzakirələri zamanı Milli Məclisin komitə iclasındakı çıxışının sosial şəbəkələrdə yayılması bir sıra suallar ortaya çıxarıb.

Gəlin, əvvəlcə hörmətli nazirin çıxışının mətninə diqqət edək. Cənab Şərifov deyir:  “Biz növbəti ildə dövlət büdcəsinə cərimələrdən toplanan vəsaitin 840 milyon manat olacağını proqnozlaşdırırıq. Hansı ödənişlərdən söhbət gedir? Əsas vəsait bir neçə təşkilatın payına düşür. Birinci yerdə Daxili İşlər Nazirliyi gedir, ən çox cərimə yığan təşkilat onlardır (razı halda gülümsəyir), ikinci yerdə İqtisadiyyat Nazirliyi, çünki onların nəzdindəki vergi xidmətinin tətbiq etdiyi maliyyə sanksiyaları və s. Nazirliyin tərkibindəki digər xidmətlər var, hansı ki, pullu xidmətlər göstərirlər, məsələn Əmlak Komitəsi, standartlaşdırma və s. Dövlət Gömrük Komitəsinin payına da müəyyən ödənişli xidmətlər düşür, məsələn, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya Nazirliyinin əksəriyyəti cərimələrdir. Yəni bu cərimələrin uçotunu təşkil etmişik və bunlar birbaşa büdcəyə gəlir və bununla bağlı proqram təminatı da yaradılıb. Adı da icmaldır. Həmin proqram vasitəsilə onları düzgün ödənilməsi məsələsinə də nəzarət qurulacaq. Bəzi hallarda cərimə yazılır, kəsilir, amma büdcəyə gəlmir”.
Əvvəla gəlin görək, nazirin dediklərində nə qədər həqiqət payı var. Yəni ümid etmək olarmı ki, məsələn 2024-cü ildə qaydaları pozan və cərimələnənlər bunu 2025-ci ildə də təkrarlayacaqlar? Yəqin ki, yox. Bəs onda cənab nazir nəyə və kimə arxayındır ki, belə iddialı danışır. Necə deyərlər, “yağmadı yağış, bitmədi qamış”, nə az, nə çox düz 840 milyon manatı haradan tapacaq? Tutaq ki, bu qədər pulu topladı, bəs kim zəmanət verər ki, həmin vəsaitin tam tamını büdcəyə köçürəcəklər? Bizi şübhəyə salan elə Şərifov cənablarının özüdür, deyir: “bəzi hallarda cərimə yazılır, kəsilir, amma büdcəyə gəlmir”.

Bəli, belə yerdə “Kərəmi ağlamaq tutur”. Belə məlum olur ki, elə nazirin özü büdcənin formalaşmasında “unikal” mənbə hesab edilən cərimələrin toplanması üçün həmin qurumların daha sərt tədbirə əl atmalarına işarə vurur. Yəni qayda pozanları bağışlamayın, təki cərimələr ödənsin ki, proqnozlar reallaşsın.

Əlbəttə, qanunlar cəmiyyətin idarə olunmasında əvəzedilməz vasitədir. Amma kimsənin bu və ya digər səbəbdən qanunları pozmayacağına zəmanət də vermək olmaz. Qanun pozulubsa, qaydalara riayət edilməyibsə, öncə həmin şəxs maarifləndirilməlidir, ona həmin qaydalar başa salınmalıdır. Yeri gələndə polis dayanma-durma, yaxud parklanma qaydalarını pozan sürücüyə doğru olanları anlatmalıdır. Qaydaları səhvən pozanlarla yollarda at oynadanları bir tutmaq, qanunun özünə həqarətdir. Cinayət məcəlləsində də bunlar bir-birindən ayrılır və hərəsinin öz cəzası var.

Vergilər Xidmətinin maliyyə sanksiyalarına ümid edən nazir bilirmi ki, növbəti ildə neçə sahibkar cərimə siyahısına düşəcək? Bilirsə, bu məlumat onda haradandır, yox əgər ehtimal edirsə, deməli cərimə yazan, sanksiya tətbiq edən qurumlar etimadı doğrultmaq üçün daha amansız olacaqlar.

Sonda kiçik, həm də vacib hesablama aparaq: Azərbaycanda əhalinin sayı 10 milyondur, 3,4 milyon nəfər şagird və yaşı 75-də yuxarı olanlardır. Qalan 6,6 milyon nəfərin təxminən 70 faizi kənddə yaşayan, avtomobili olmayan, bizneslə məşğul olmayan, vergi ödəməyən, təbiətə ziyan vurmayan, maliyyə sanksiyaları ilə yaxından-uzaqdan əlaqəsi olmayan, xaricdən mal gətirməyən və s. və ilaxır olanlar hesab etsək, təxminən ümid 2 milyona qalır. Əgər hörmətli nazirin dediyi kimi, cərimələrdən 840 milyon manat toplanacaqsa, deməli iki milyon sakinimizin hər biri ildə təxminən 420 manat  “cərimə” ödəməli olacaqlar ki, cənab nazirin proqnozu düz çıxsın.


Xəbər lenti

300x200r