USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Xocalılılar soyqırımı cinayətkarlarının Xocalıda mühakimə olunmasını İSTƏYİR

16:49 17.02.2025
Xocalılılar soyqırımı cinayətkarlarının Xocalıda mühakimə olunmasını İSTƏYİR
16:49 17.02.2025

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Bakıda Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesləri davam edir. Bir neçə gün əvvəl keçirilən məhkəmədə Xocalı soyqırımı zamanı törədilmiş cinayət faktları açıqlanıb.

Bildirilib ki, Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğal olunması nəticəsində 7 min 161 nəfər dinc sakinin xüsusi mülkiyyətində və dövlət mülkiyyətində olmuş ümumilikdə 1067 ədəd əmlak üzrə 103 milyon manatdan artıq maddi ziyan vurulub.

Məhkəmədə bildirilib ki, Xocalı rayonuna və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıları baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməni əsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 nəfər şəxsin qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.

Qeyd edək ki, soyqırımın törədilməsindən ən aktiv rol oyanayanlar arasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan və digərləri olub.

Xocalı sakinləri soyqırımında əli olan ermənilərin Xocalı şəhərində mühakimə edilməsini istəyib.

Xocalı sakini Murad Hüseynov deyir ki, həmin şəxslər cinayəti harada törədiblərsə, orada da məhkəmələri olmalıdır, həmin şəxslər Xocalıda cəzalandırılmalıdır. 

“Bakıda keçirilən məhkəmə prosesini yaxından izləyirəm, Azərbaycan hüquq sisteminin ədalətinə güvənimiz sonsuzdur, ermənilərin məhkəməsinin Xocalıda keçirilməsi bizim üçün mənəvi bir qələbə olardı”.

Yasəmən Ələsgərova vurğulayıb ki, Xocalıda şərab içən ermənilərin məhkəmə qarşısına çıxarılması bu gün bütün xocalılıları sevindirir, şəhid olan yaxınlarımızın da ruhunu şad edir.

"Biz hamımız əminik ki, cinayətkarlar öz cəzalarını alacaqlar. Soyqırımında əli olan cinayətkarlar Xocalıda mühakimə olunmalıdırlar. Mən indiyədək çox ağrılar yaşamışam, Xocalıdan didərgin düşdüm, ailəmi, yaxınlarımı itirdim. İndi də xəstə olduğum üçün heç Xocalıya gedə bilməmişəm. Amma əminəm ki, bütün pis günlər kimi bu da keçəcək, məndə öz ata-baba yurduma qayıdacağam. Bir şəhid övladı, Milli Qəhrəman övladı kimi ən böyük arzum odur ki, onlar öz cəzaların alsınlar. Bu gün ölümlərində əlləri olduğu ata-babalarımızın bəzilərinin heç nəşi Xocalıda tapılmayıb, hələ də öldürdükləri körpələrin sümükləri Xocalı meşələrindədir. Buna görə də onlar hüquq qarşısında cavab verdikləri kimi, o ruhlar qarşısında da cavab verməlidirlər".

Vəsilə Məhərrəmova da cinayətkarların - xüsusilə Köçəryan və Sarkisyanın Xocalıda mühakimə edilməsini istəyir: "Ermənilər məhkəmənin harada keçirlməsindən aslı olmayaraq öz layiqli cəzalarını alacaqlar, ancaq məhkəmnin Xocalıda keçirilməsi bizim üçün simvolik addım olar. Biz illərdir bu faciəni Xocalı azad olunan günə qədər hər gün yaşamışıq. Əlləri Xocalıda doğmalarımızın qanına batan həmin cinayətkarlar da elə Xocalıda məhkəmə qarşısına çıxmalıdır, orada cəzalandırılmalıdır".


Xəbər lenti