USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycan lideri Naxçıvanda bir sıra obyektlərin açılışını və təməlqoymasını edib - FAKT

15:34 12.08.2026
Azərbaycan lideri  Naxçıvanda bir sıra obyektlərin açılışını və təməlqoymasını edib - FAKT
15:34 12.08.2026

Mynews.az Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Naxçıvanda bir sıra açılış və təməlqoyma edib.

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

1 / 25

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Qərargahının ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Müdafiə Nazirliyinin rəhbər heyəti qarşıladı.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan hərbi hissələr barədə Ali Baş Komandana məruzə etdi.

Prezident İlham Əliyevə hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu.

Müzəffər Ali Baş Komandan şəxsi heyəti salamladı.

Əməliyyat (komando) hərbi hissələrinin komandirləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdikdən sonra Döyüş bayraqlarını qəbul edərək sıraya durdular.

Dövlətimizin başçısı və birinci xanım komando hərbi hissələrinin şəxsi heyəti ilə xatirə fotosu çəkdirdilər.

Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ordumuzun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələr barədə məlumat verildi.

***

“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyulub VİDEO

1 / 2

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, kompleksin ümumi sahəsi 1 hektardan çox olacaq. Ərazidə yeddimərtəbəli mehmanxana binası ilə yanaşı, texniki binalar və köməkçi sahələr də yaradılacaq. Mehmanxanada eyni vaxtda 307 qonaq qala biləcək. Burada 131 otaq, o cümlədən fiziki məhdudiyyətli şəxslər üçün otaqlar nəzərdə tutulub. Mehmanxana binasında müxtəlif ictimai-iaşə obyektləri, kafe, restoran, tədbir və ziyafət zalı yaradılacaq. Bu zal ziyafət zamanı 350, konfrans vaxtı isə 500 yerlik olacaq. Burada, həmçinin görüş, iclas və iş otaqları, idman zalı da yaradılacaq. Eyni zamanda, yeraltı avtodayanacağın inşası da nəzərdə tutulur.

***

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub VİDEO

1 / 2

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yeni Baş Plan, şəhərin gələcək inkişafı üzrə müəyyən edilmiş hədəflər və görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət "Chapman Taylor" tərəfindən hazırlanıb.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərinin müstəqillik dövründə ilk dəfə hazırlanan yeni Baş Planı onun perspektivdə məkan inkişafının vahid strateji baxışını müəyyən edir. Konsepsiya şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması əsasında formalaşdırılıb.

Şəhərin əsas inkişaf istiqamətlərindən biri onun mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Bu məqsədlə 74 hektar ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, həmçinin bu rayon daxilində mövcud planlaşdırma strukturu qorunmaqla 12,5 hektarlıq ərazini əhatə edən hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Layihədə şəhər mərkəzinin daha canlı, yığcam və əlçatan məkana çevrilməsi nəzərdə tutulur. Konsepsiyaya əsasən, tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsi, ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın isə yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insanyönümlü ictimai məkana çevrilməsi təklif edilir. Bütün bu yanaşmalar nəticəsində yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırılacaq.

Ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş Planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək, Naxçıvançay boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq, burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Nəticədə adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması nəzərdə tutulur.

Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat həllərinin tətbiqini dəstəkləyən konsepsiyaya əsasən, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometr, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometr təşkil edəcək. Bu, ümumi küçə-yol şəbəkəsinin 65 faizdən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir.

Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq.

Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Baş Plana əsasən, göstərilən müddət ərzində məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması nəzərdə tutulur. Bununla şəhərin mövcud ərazisinin təxminən 44 faiz genişlənəcəyi, əhali sayının isə 97 min 200 nəfərdən 130 min nəfərə çatacağı proqnozlaşdırılır.

Əhalinin sıxlığı nəzərə alınaraq yaşayış fondunun 3,9 milyon kvadratmetrə çatdırılması hesablanıb. Bu, orta hesabla adambaşına 30 kvadratmetr yaşayış sahəsinin təmin olunmasına imkan verəcək və yeni yaşayış məhəllələrinin sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılmasına şərait yaradacaq.

Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Təhsil və səhiyyə xidmətləri nəzərə alınaraq, ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 650 yerə çatdırılacaq. Xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin də 40 faizə yaxın artaraq 78 min nəfərə çatacağı gözlənilir.

Beləliklə, Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.

***

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO

1 / 3

 

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Atelier Erich Pummer gmbh” şirkətinin direktoru Erix Pummer dövlətimizin başçısına və birinci xanıma türbədə görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.

Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib.

Dövlətimizin başçısı dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb.

Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir.

Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülür.

Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.

***

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb VİDEO

1 / 4

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi.

Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur.

Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb.

Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb.

Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır.

***

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub VİDEO

1 / 5

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.

Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı, 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzil olacaq.

Yaşayış Kompleksində sakinlərin rahatlığı üçün zəruri infrastruktur yaradılacaq. Burada uşaq bağçasının və digər iaşə obyektlərinin tikintisi nəzərdə tutulur. Kompleks elektrik enerjisi, qaz, su və çirkab suların axıdılması sistemləri ilə təchiz ediləcək. Ərazidə yolların və səkilərin salınması, abadlaşdırma və yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulub.

Dövlətimizin başçısına Mənzil İnşaatı Dövlət Agentliyinin indiyədək icra etdiyi və nəzərdə tutulan layihələr barədə də məlumat verildi.


Xəbər lenti