USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Daha dəhşətli TOQQUŞMA, daşı-daş üstə qalmayacaq DÜŞMƏN... GÜNÜN SİYASİ XÜLASƏSİ

20:19 31.03.2017
Daha dəhşətli TOQQUŞMA, daşı-daş üstə qalmayacaq DÜŞMƏN... GÜNÜN SİYASİ XÜLASƏSİ
20:19 31.03.2017

Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırım hadisəsindən 99 il ötür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektlərinin artıq razılaşdırıldığını bildirib. ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib. Türkiyə mediası 15 iyul dövlət çevrilişinə cəhdin əsas təşkilatçısı hesab edilən Adil Öksüzlə bağlı şok bir iddia irəli sürüb. “WikiLeaks” saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid “Vault 7” adlı məxfi sənədlər paketinin yeni hissəsini dərc edib.

Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırım hadisəsindən 99 il ötür. Belə ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib. Prezident ordunun maddi-texniki bazası və döyüş potensialı gücləndirildiyini qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: “Əks təqdirdə daş-daş üstə qalmazdı”.

Prezident bildirib ki, Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir.

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib. O, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub.

O bildirib ki, bir il əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son iki onillik ərzində baş verən ən dəhşətli döyüş zorakılığa, insan itkisinə və əziyyətlərə səbəb olub: “Bu, müharibənin sülh səylərini nə dərəcədə təhlükə altına almasının sübutudur. Bu halda biz tərəfləri atəşkəsi təhlükə altında qoya biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırırıq. Bütün tərəflər öz öhdəliklərini yerinə yetirməli, beynəlxalq humanitar öhdəliklərə güclü şəkildə əməl etməlidir. Müharibə cinayətlərinə heç bir zaman haqq qazandırıla bilməz”.

Britaniyanın Beynəlxalq Araşdırmalar üzrə Kral İnstitutunun (Chatham House) analitik Lourens Broers isə xəbərdarlıq edib ki, Qarabağda “aprel müharibəsi”ndən daha dəhşətli toqquşma gözlənilir. Onun sözlərinə görə, ötən ilin “aprel müharibəsi”ndən sonra Qarabağ münaqişəsinin nizama salınması prosesi yenidən təhlükədədir.

Lourens Broers qeyd edib ki, bu dəfə vəziyyət aprel hadisələrindən daha gərgindir.

Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov APA-ya müsahibəsində deyib. O, heç bir “Lavrov planı”nın mövcud olmadığını söyləyib.

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır. Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin və

Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün konkret nə vaxt keçiriləcəyinin məlum olmadığını qeyd edib. Lakin mənbə diqqət çəkən bir informasiyanı da sızdırıb.

“ATƏT-in Minsk qrupu razılığa gəlmələri üçün münaqişə tərəflərinə tələblərini gücləndirib”, - deyə o bildirib.

ABŞ Rusiyanı yaxın çevrəsindən, Çini isə Sakit okeanı bölgəsindən mühasirəyə almaq istəyir. Buna görə də Qara dənizdə gücünü artırmaq niyyətindədir. Bu barədə türkiyəli yazar Barış Doster məqaləsində qeyd edib.

B.Doster yeni toqquşmaların yaşanacağını və bunun böyük coğrafiyanı əhatə edəcəyini hesab edir.

Türkiyə mediası 15 iyul dövlət çevrilişinə cəhdin əsas təşkilatçısı hesab edilən Adil Öksüzlə bağlı şok bir iddia irəli sürüb. Söhbət baş qiyamçının ABŞ-ın İstanbul Baş konsulluğunda gizlənildiyi ehtimalı ilə bağlıdır.

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin koordiyasiya edildiyi Akıncı hərbi bazası ilə bağlı ittihamnamə tamamlanıb. İddianamədə bir nömrəli şübhəli Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülən, iki nömrəli şübhəlisi Adil Öksüz, üçüncüsü isə “Abdullah” kod adlı Kamal Batmazdır.

Rusiya prezidenti Vladimir Putin Moskvanın təsirini əhəmiyyətli dərəcədə artıraraq Qərb elitaları arasında özünün “beşinci kolon”unu təşkil edə bilib. Bu haqda “Financial Times” nəşrində siyasi müşahidəçi Saymon Kuper yazıb.

Onun sözlərinə görə, Putin bu baxımdan “soyuq müharibə” dövrünü üstələyib. Müəllifin fikrincə, “soyuq müharibə” dövrünün casus ehtirasları indiki hadisələrlə müqayisədə uşaq oyunu idi.

Şimali Atlantika İttifaqına (NATO) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə Rusiyanın təcavüzünə cavab addımları müzakirə olunacaq. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

“Nəhayət ki, biz Avropada, xüsusi halda, Avropanın şərqində, Ukraynada və başqa yerlərdə Rusiyanın təcavüzünə cavab olaraq NATO-nun mövqeyini müzakirə edirik”, - Tillerson bildirib.

Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcək digər məsələ İŞİD terror təşkilatı ilə mübarizədə NATO-nun iştirakı məsələsidir.

“WikiLeaks” saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid “Vault 7” adlı məxfi sənədlər paketinin yeni hissəsini dərc edib. “Marble” (“Mərmər”) adlandırılan hissədə 676 fayl var.

“Dark Matter” (“Tünd materiya”) kimi göstərilmiş MKİ-nin sənədlərinin əvvəlki hissəsi martın 23-də dərc edilib. “WikiLeaks” MKİ-nin məxfi sənədlər paketinin birinci hissəsini isə martın 7-də (8,7 min sənəd) dərc etdi. Bildirilir ki, məxfi sənədlər paketinin ilk hissəsinin dərci kəşfiyyat idarəsinin ən böyük informasiya itkisi olacaq.

Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu “Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.

Postsovet məkanındakı digər etirazlar kimi Rusiyada bu yaxınlarda keçirilən etirazlar da “Kreml tamaşası”dır. Bunu Rusiya publisisti və analitiki Vladimir Qolışev “Obozrevatel” nəşrinə açıqlamasında deyib.

“Rusiyada və Rusiyanın ətrafında çoxillik müşahidələrə əsaslanana dərin inamım ondan ibarətdir ki, Kreml postsovet məkanında bütün maydanların əsas mühərrikidir. İstisna yalnız Kiyevdəki birinci Maydan ola bilər. Bu, Kremldə çaşqınlıq yaratdı. Amma Kreml ikinci Maydanın əsas mühərriki, təşəbbüskarı və əsas informasiya sponsoru idi. Bundan bir saniyə də şübhələnmirəm”, - publisist əmindir.

Analitik qeyd edir ki, bu, xalq kütlələrinin üsyanı, Aleksey Navalnının hansısa istedadının məhsulu deyildi. Onun sözlərinə görə, Kreml təşkil olunmuş “tamaşa” vasitəsilə iki məqsədə çatmağa ümid edir.

Ukraynanın Mariupol şəhərində Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuşun olduğu avtomobil partladılıb. Partlayış nəticəsində polkovnik həlak olub.

Ukraynanın Donetsk vilayətinin polis rəisi Vyaçeslav Abroskin bildirib ki, hadisənin versiyalarından biri terror aktıdır. O, sui-qəsddə “Donetsk Xalq Respublikası” separatçı rejimini ittiham edib.

“Donbasda Rusiya tərəfindən başladılan müharibə və Rusiya hərbi təhlükəsi uzunmüddətli perspektivə qalacaq”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Müdafiə Nazirliyində ali hərbi məktəbin tələbələri qarşısında çıxışı zamanı deyib.

“Uzunmüddətli müharibə perspektivi və Rusiya hərbi təhlükəsi böyük miqdarda ixtisaslaşdırılmış kadr tələb edirlər. Məhz döyüşlərin nəticələri və əsgərlərin həyatları zabitlərin bacarığı və peşəkarlığından asılıdır”, - prezident əlavə edib.


Xəbər lenti