Azərbaycanın nitq və eşitmə məhdudiyyətli ilk gənc modeli Xaliq Məhəmmədzadə Qafqazinfo-ya müsahibə verib.
Mynews.az Xaliqin anası Xədicə Məhəmmədzadənin köməkliyi ilə baş tutan söhbəti təqdim edir:
- Xaliq, sizi sosial şəbəkədəki fotolarınızla kəşf etmişik, daha sonra model olduğunuzu öyrəndik. Barənizdə bilmədiklərimizi bizə danışa bilərsiniz?
- 1993-cü ildə anadan olmuşam. Boyum 1,88 sm, çəkim 85 kq-dır. Bakı Humanitar Kollecində rəssamlıq üzrə təhsil alıram. Rəsm müəllimi olacağam. Bunun səbəbi odur ki, biz ancaq əl işi üzrə təhsil ala bilərik. Riyaziyyat, ana dili və başqa ixtisaslar üçün təhsil almaq imkanımız çox azdır. Uşaqlara rəsm çəkməyi öyrətməyi çox istəyirəm.
- Model olmaq barədə qərara necə gəldiniz?
- Kollecdə olarkən tez-tez modellərin fotolarına baxırdım. Elə bu anda model olmaq qərarına gəldim. Çox həvəsim var idi, üzərimdə ciddi çalışdım. Mübariz Allahverdizadə mənə model kimi düzgün yerimə qaydalarını öyrətdi. Azərbaycanda model kimi uğur qazandıqdan sonra xaricə getmək fikrim var. Orada model kimi fəaliyyət göstərmək istəyirəm.
- Yəqin bilirsiniz ki, modellikdə o qədər də pul qazanmaq olmur. Bu sənətə pul qazanmaq, yoxsa tanınmaq üçün gəlmisiniz?
- Belə düşünürəm ki, hər ikisi üçün model oldum. Amma daha çox tanınmaq üçün belə qərar verdim. Çox istəyirəm ki, Azərbaycanda məşhur olum.
- “Lider” TV-də yayımlanan model akademiyasında iştirak etmisiniz. Deyəsən, uğur da qazandınız.
- Bəli, həmin yarışmaya qatılmışdım. Elə ilk həftənin birincisi oldum. Bundan sonra özümə inamım artdı.
- Podium model üçün çox vacibdir. Modellər də musiqiyə uyğun olaraq səhnəyə çıxır, geyimi təqdim edir. Siz bunu necə bacarırsınız?
- Musiqini çox az eşidirəm. Elə bil ki, hiss edirəm. Estrada və böyük səs-küylü musiqiləri daha yaxşı duyuram. Gur səsli mahnıları da bir qədər eşidə bilirəm. Evdə isə qulaqcıqla mahnılara qulaq asıram. Oxuyanın kişi və qadın olduğunu ayıra bilirəm. Ancaq mahnının sözlərini başa düşmürəm.
- Doğuşdan eşitmə və danışma məhdudiyyətli olmaq sizin üçün kompleks yaratmır?
- İnsanlar arasında kompleksim yoxdur. Özüm tək olanda saatlarla dua etdiyim vaxtlarım olub, istəmişəm danışım. Hətta bu yaxınlarda bir kitab oxudum. İsa peyğəmbərin əbasına toxunan hər kəsin problemləri həll olur. Bundan sonra dini kitablar oxumağa başlamışam. Elə bil ki, həmin kitablardan nicat gözləyirəm. Dua edirəm ki, dilim açılsın, hələ ümidimi üzməmişəm.
- Xədicə xanım, (Xaliqin anası) oğlunuz birinci sinfə gedəndən sonra siz də həmin məktəbdə müəllimə kimi çalışmağa başladınız...
- Xaliq birinci sinfə gedəndə məktəbə gəldim. Oğlumun sinif müəlliməsi başqası idi. Onu tək qoymadım, mən də onunla birgə məktəbə getdim.
- Yerli film, seriallarda heç rol almısınız?
- Kastinqlərə getmişdim. Mənə verilən rolu canlandırdım. Səhnə çəkildi, daha sonra mənə xəbər etmədilər. Mənim üz cizgilərim Həzrəti Əlinin üz cizgilərinə çox bənzəyir. İstəyirəm ki, dini filmlərdə rol alım. Bir xanım var idi, Türkiyədən gəlmişdi. Mənim şəkillərimi çəkdi. Onlardan cavab gözləyirəm. Xanım mənə deyib ki, jurnalın üz qabığında olacağam və həmin jurnal 10 ölkədə təqdim olunacaq.
- İlk qonorarınızı nəyə xərcləmisiniz?
- Elə bu jurnala çəkən qız qonorar verdi. Özümə paltar aldım.
- Dünyada bir çox modellər var ki, məhz bu cür məhdudiyyətlərə görə məşhurlaşıblar. Kimisi fərqli rənginə, kimisi nitq probleminə görə. Bu cür olmağın sizə xüsusi avantajı varmı?
- Elə bilirdim ki, lal-kar olduğuma görə heç nə edə bilməyəcəyəm. Amma hər şey tərsinə oldu. Model olduqdan sonra əksər insanlardan daha çox uğur qazandığımı düşünürəm. Elə bilirəm ki, hər şey mənim üçün əladır. Qüsurlu olmağım avantajdı, amma danışmağı çox istəyirəm.
- Ətrafınızda xeyli dostlarınız var. Ən azından sosial şəbəkədə paylaşdığınız fotoşəkillərdə bunu görmək mümkündür. Onlarla ünsiyyət qurmaqda çətinlik çəkmirsiniz?
- Onları öyrədirəm, başa salıram. Mənim üçün çətin olmur. Ünsiyyət qura bilirəm. Mən insanların üzlərindən hiss edirəm ki, mənə yaxınlaşmaq istəyirlər.
- Sevgiliniz var? Ananız deyir ki, keçmiş sevgiliniz siz model olduqdan sonra qısqanıb, sizə problemlər yaradıb. Düzdür?
- Bəli, məni çox qısqanırdı. Bu da ayrılmağımıza səbəb oldu. İstəyirəm ki, buradan mənim dediklərimi oxusun. Hamını sevmək olmur.
- Xanımlar niyə yaraşıqlı biri ilə sevgili olmağa qorxurlar? Səbəb nədir?
- Yəqin, elə bilirlər nə vaxtsa əllərindən çıxar, amma bir kişi bir xanımı ürəkdən sevərsə, onu heç kim həmin qadının əlindən ala bilməz.