Azərbaycanda tanınmışlar - müğənnilər, aktyorlar, bir sözlə, ölkə miqyasında kifayət qədər tanınan və hörmət sahibi olan insanların adları əksər hallarda dələduzluq faktlarında hallanır.
Mynews.az big.az-a istinadla məhkum həyatı yaşayan məşhur insanlarla bağlı aparılan araşdırma yazını təqdim edir. Beləliklə, araşdırma nəticəsində məlum olub ki:
Teleaparıcı İlham Mirzəyev 2014-cü ilin aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib.
Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib. Ötən il İ.Mirzəyev vaxtından əvvəl azadlığa çıxmaq üçün müraciət edib. Məhkəmə onun istəyini təmin edib və İ.Mirzəyev 20 gün əvvəl azadlığa buraxılıb.
Meyxanaçı Vahid Qədimə də dələduzluq maddəsi ilə cinayət işi açılıb. Onun barəsində (Səfərov Vahid Ağabala oğlu) Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılmışdı. Cinayət işinin nəticəsinə əsasən meyxanaçı ən ağır cəza ilə 12 il azadlıqdan məhrum edilə bilərdi. Axtarışda olan meyxanaçının hazırda ölkəni tərk etdiyi deyilir.
Mərhum repçi Hüseyn Dərya da azadlıqdan məhrum olunan məşhurlar sırasında olub. Heç kimə sirr deyil ki o, dəfələrlə narkotik istifadə etdiyinə görə, həbs həyatı yaşayıb. Sonuncu dəfə həbsdən azadlığa çıxan Dərya mətbuata açıqlamasında narkotikə "yox" dediyini, "tövbə" etdiyini açıqlamışdı.
Bir zamanların məşhur müğənnisi Vüsal Əliyev Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə axtarışda olub və üç il öncə həbs olunub. Sonradan azadlığa çıxan müğənni hazırda şou-biznesdən kənardadır.
Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun yaşadığı qadından aldığı külli miqdarda pulu geri qaytarmaması olub.
Daha bir rejissor Ağalar İdrisoğlu da yolu həbsxanadan keçənlərdəndir. A.İdrisoğlu bir qrup şəxslə şəbəkə biznesinə girişərək, vətəndaşları aldatmaqda təqsirli bilinib.
Tanınmış repçi Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.
İki dəfə Azərbaycan gözəli seçilən Dinarə Məmmədova da hazırda dəmir barmaqlıqlar arxasındadır. 6 xarici dil bilən ali təhsilli model dələduzluqda ittiham olunaraq həbs edilib.
Bütün baş verənlər onun ailəsi ilə birlikdə Rusiyaya köçüb, şəxsi bizneslərini qurmaq istəmələrindən sonra baş verib. Bir vaxtlar dəbdəbəli həyat tərzi sürən Dinarə Məmmədova hazırda Rusiyanın qadın cəzaçəkmə müəssisələrindən birində həbsxana həyatı keçirir.
Əməkdar artist, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun müğənni oğlu müğənni Emil Rəhmanov da soyğunçuluqda günahlandırılıb. 2008-ci ilin yanvarında saxlanılaraq barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi açılıb. O, 6 il həbs cəzası alıb. Həmçinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib. O, təkrarən - yəni 2016-cı ilin yanvarında yenidən həbs edilib və 2 illik müddətə azadlıqdan məhrum olunub. E.Rəhmanov 2005-cı ildə "Azəri Star" mahnı müsabiqəsinin iştirakçısı olub.
Prodüser Emin Mansurov 2011-ci ildə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. 6 il Kürdəxanı həbsxanasında məhkum həyatı yaşayan Emin Mansurov 2 aydır ki azadlıqdadır.
Teleaparıcı Ulvira Qarayevanın həyat yoldaşı meyxanaçı Tərlan Dağlının (Mustafayev) həbs edilib. Bir neçə dəfə bıçaqlanan Tərlan Dağlı hələ həbsdədir. O, soyğunçuluq etdiyi üçün 3 il azadlıqdan məhrum olunub.
Özünü müğənni adlandıran Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib. O, 2015-ci ildə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Veteran futbolçu Maşallah Əhmədov dələduzluq edən məşhurlardandır. Qeyd edək ki, ona qarşı ötən ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
M.Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Dələduzluq faktlarına təkcə şou-biznes aləmində deyil, dövlət qurumlarında da rast gəlinir.