Tanınmış müğənni, əməkdar artist Firuzə İbadova ilə qalmaqallı deputat, Rusiyadakı soydaşlarımıza “otxod” deməsi ilə gündəmə gəlmiş Astan Şahverdiyevin torpaq davası yenidən gündəmə gəlib.
Hazırda Badamdarda köhnə binada anası və övladı ilə yaşayan sənətçi deputatla bağlı mətbuata geniş açıqlamasından sonra hələ də heç bir nəticə əldə olunmadığını, A.Şahverdiyevdən haqqını ala bilmədiyini deyib.
Qısa olaraq qeyd edək ki, əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpaqğının 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt əməkdar artist öyrənib ki o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş.
Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər. İş o yerə çatmışdı ki, xalq artisti həyatına qəsd edib, özünü yandırmaq istəyirdi...
Başıbəlalı əməkdar artist bugünlərdə məsələ ilə bağlı təkrar danışdıqdan sonra qarşı tərəfdən reaksiya gəlib. Amma sərt formada... F.İbadova baş verənləri belə şərh edir:
“Mən bu haqda mətbuatda geniş açıqlama ilə çıxış etdim. Düşündüm ki, bəlkə uzun illərdən sonra bir nəticəsi olar. Əfsuslar olsun ki, arada heç nə yoxdur. İnanın ki, artıq yorulmuşam. Doğru-yalan, haqlı-haqsız, bunların hamısını bir kənara qoyduq. Astan mənimlə prinsip aparır. Mənə deyirlər ki, gərək mətbuata açıqlama verməyəydin, işıqlandırmayaydın. Deyir ki, gələydiniz, yavaş-yavaş söhbət edərdik. Halbuki, mən bu söhbəti mətbuata çıxarmazdan əvvəl onlara teleqram vurdum, məktub göndərdim ki, danışığa gəlin. Gəlmədi, dedi ki, mən deputatam, hamıdan güclüyəm. Bu millətə “otxot” dedi, neylədilər ona? Bundan sonra mənim dediyimə kim baxacaq? Yəni etdiklərimin heç bir nəticəsi olmadı. Artıq neçə ildir ki, bu mövzu mətbuata çıxıb. Heç bir irəliləyiş yoxdur. Çünki onların gücü çoxdur, onların hər şeyi var. Adamları var, yuxarıda oturanları var. Bəs mənim kimim var? Hər dəfə bu mövzu ilə bağlı danışdıqca dərdim təzələnir. Xəstəxanalıq olmaqdan yorulmuşam”.
F.İbadova məsələ ilə bağlı daha yüksək instansiyalara – baş prokuror Zakir Qaralova, ölkə başçısı İlham Əliyevə müraciət etmək istəmir:
“Çünki mən sakit adamam, heç kimə əziyyət verməyi sevmirəm. Əslində elə bir qlobal məsələ deyildi. Görüşüb, danışıb, həll etmək olardı. Heç bu boyda müzakirəyə də səbəb olmazdı. O adamın kürəkəni avtomobil qəzasında ölüb, nə olsun? Haqqımı halal etmirəm. Mənim bağımı zəbt ediblər”.
Sonda qeyd edək ki, millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması hələ illər öncə müğənninin səhhətində ciddi problemlər yaratmışdı. Baş verənlərə etiraz olaraq, müğənni bir neçə il əvvəl 3 gün aclıq aksiyası keçirmiş və xəstəxanalıq olmuşdu.