Müqəddəs Ramazan ayında yerli şou nümayəndələri də bir-biri ilə qalmaqallardan uzaq durub, oruc tutur. Hətta bir masa ətrafında oturub iftarlarını açırlar. Bəs bu il hansı məşhurlarımız oruc tutur?
Metbuat.az yerli məşhurlarımız arasında sorğu keçirdərək, bu suala cavab tapmağa çalışıb:
Xalq artisti Alim Qasımov
"Xalqımızı müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edirəm. Müsəlman dünyasının ən gözəl bayramlarından hesab olunan Ramazanda xalqımıza mehribanlıq, əmin-amanlıq və bol ruzi bərəkət arzulayıram. Bəli, mən də digər müsəlman bacı-qardaşlarımız kimi oruc tuturam. Heç bir çətinlik də çəkmirəm, hər şey qaydasındadır".
Xalq artisti Nazpəri Dostəliyeva
"Müsəlman dünyasının ən gözəl, ən xoş ətirli bir bayramıdır Ramazan. Təbii ki, oruc tuturam. Allahın izni ilə son günə qədər də tutmağı planlaşdırıram. Oruc tutanların dualarının, oruclarının qəbul olmasını diləyirəm".
Əməkdar artist Ədalət Şükürov
“Mən də müqəddəs bayram münasibəti ilə bütün müsəlmanları təbrik edirəm. Onlara demək istəyirəm ki, yalnız Ramazan ayında yox, bütün aylarda hər saniyə hərəkətlərimizə fikir verək. Bu gözəl bir bayramdır, bunu faciəvi hala salmayaq. Gözəl geyinib, gözəl danışaq, mehriban olaq. Bəzi dırnaqarası din xadimlərimiz bəzən məsələni çox şişirdir. Adam var ki, 11 ay yeyir-içir, yüz hoqqadan çıxır, axırda elə bilir ki, bir ay oruc tutmaqla bütün günahları yuyulacaq. Xeyr, elə deyil! Mən oruc tutmuram, bunun üçün xüsusi səbəbim də yoxdur. Maşallah, səhhətim də yaxşıdır. Amma oruc tutmamaq günah deyil, günah olan insanlıqdan uzaq olmaqdır. Müsəlman adına yaraşmayan hərəkətlər etməkdir”.
İzzət Bağırov
"Ramazanda oruc tutmaq Allahın vacib buyurduğu əməllərdən biridir. Bu əmrdir, xahiş deyil. Oruc tutmaqdan yalnız süd verən analar, hamilə qadınlar və birdə o xəstələr ki, həqiqətən də onlar gün ərzində xəstəlikləriylə bağlı dərmanlar qəbul edirlər. Xəstə olub, sağalan insan da qəza orucunu tutmalıdır. Əgər bir insan səbəbsiz yerə oruc tutmursa, onun qəzası çox ağırdır. Onun oruc tutmadığı bir günə 60 gün yazılır və axirət günü bədəli çox ağır olur. Elə ağırdır ki, sizi qorxutmaq istəmirəm. Ramazan ayında təkcə mədəmizi yox, bütün bədən üzvlərimiz oruc tutsa daha yaxşı olar. Məsələn qeybətdən uzaq olmaq, kiminsə haqqında bilib-bilmədən danışmaq olmaz. Söyüş söymək, harama əl uzatmaq, naməhrəmə baxmaq günahdır".