“Telekanalların dil monitorinqi zamanı yersiz alınmaların dilə gətirilməsi, dil normalarına əməl edilməməsi, şifahi nitqin yazıya təsiri, tələsik nitq normasından istifadə kimi pozuntulara rast gəlinib. Ən çox pozuntular fonetik, leksik, qrammatik səviyyə, üslub baxımdan normadan kənara çıxma zamanı müşahidə edilib”.
Bunu Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva deyib.
Onun sözlərinə görə, dövlət televiziyası da daxil olmaqla 6 telekanal monitorinqə cəlb edilib:
“Fonetik səviyyədə ən çox pozuntu interferensiya halları ilə bağlıdır. Bu da alınma sözlərin dilə uyğunlaşdırılmaması ilə əlaqədardır. Məsələn, sentyabr, tibbi, texnika, tipli sözlərdə “te” səsi “ç” kimi səsləndirilir. Fonetik səviyyədə ən çox diqqət çəkən samitlərin tələffüzü ilə bağlıdır. Məsələn, sözün əvvəlində “g” səsi, sözün sonunda “y” səsi ilə bağlı pozuntuları müşahidə edirik. Həmçinin, sözlərdə vurğunun doğru seçilməməsi kimi pozuntulara da rast gəlirik. İstanbul, Ankara, Dehli, transfer, relyef sözlərində daha çox müşahidə edirik. Yazının dilə təsiri, dialektdən irəli gələn tələffüz normalarının pozuntularını da qeydə almışıq. Biz ad çəkmək istəmirik, lakin bu cür tələffüzü hansı aparıcıların dilində rast gəlindiyini hər kəs təxmin edir. Pozuntu hallarına Azərbaycan Dövlət Televiziyasının efirində də müşahidə edirik.
Çünki elə fikir yaranmasın ki, dövlət telekanaların efirində pozuntu yoxdur. Bu telekanaların aparıcılarının dilində kifayət qədər pozuntulara rast gəlirik. Ancaq bu telekanalın fərqi səhv tezliyinin digər telekanallarla müqayisədə daha az olmasıdır. Dövlət televiziyasında daha çox interferensiya hadisəsini müşahidə edirik. İctimai Televiziyada Saleh Bağırov qələbə sözünü gələbə kimi, Xəzər televiziyasının efirində səhər verilişinin aparıcısı Xanım Yadigarlı “yeməklər” sözünü “yeməylər” kimi tələffüz edib”.
N.Qazıyeva onu da vurğulayıb ki, əvvəl monitorinqin nəticələri yazılı formada təqdim edilirdi, bu da bəzi aparıcıların etirazına səbəb olurdu: “Ona görə də, buna görə də bu dəfə video formasında təqdim etmək qərarına gəldik. Leksik norma pozuntulara da gəldikdə, leksik vahidlərin normaya uyğun işlədilməməsi hallarına Xəzər TV Sevil və Sevinc bacıları, İctimai Televiziyada Saleh Bağırovun nitqində müşahidə edirik. Bu səhvlər bəzən adi gələ bilər, amma diqqət etdikdə səhvi görmək olur. "Külək dağıntı yaratdı", Space" telekanalının efirindəki süjetdə"bədirlənmiş may ayı" ifadəsinə, bir çox telekanallarda "işıq və qaz təsərrüfatı söndürülsə də", ifadələrə rast gəlirik. ATV telekanalının aparıcı Mətanət Əlverdiyeva verilişdə sponsor təqdimatında "əks göstəricisi yoxdur" ifadəsini işlərib, bu "əks göstərişi yoxdur" olmalıdır.
N.Qazıyeva onu da vurğulayıb ki, efirlərdə əcnəbi dillərdən alınmış ifadələrə çox rast gəlinir: “Zatən”, “sirləri təkər-təkər açıb”, “falan”, “külək bizi opdovoy” aparacaq kimi sözlərə kütləvi şəkildə rast gəlirik. Qrammatik səviyyə pozuntular əsasən bir sayı ilə isimlərin cəmdə işlənməsi, inversiya hallarına rast gəlirik. Bu məsələyə diqqət etməyimizin səbəbi belə pozuntuların məna pozuntularına səbəb olmasıdır. İntonasiya ilə yanaşı, həddən artıq tələsik ifadə də informasiyanın qəbul edilməsində çətinlik yaradır.
Bu il aparılan monitorinqlərdə pozuntuların 28 faizi xəbər, 72 faizi digər verilişlərinin payına düşür. Bunun səbəbi xəbər verilişlərində daha professional jurnalistlərin işləməsidir. 2015-ci ildə televiziya aparıcılarının səhvləri daha çox fonetik səviyyədə idi, builki monitorinqdə üslüb və ifadə səhvlərinə daha çox rast gəldik”.
N.Qazıyeva həmçinin monitorinqlərin nəticəsində telekanallara tövsiyələrini verib: “Xəbər proqramları aparıcıların mətnlə əvvəldən tanış olmasını, aparıcıların treninqlərdə iştirak etməsi, dil normalarına həssas yanaşılması, sadə cümlələrdən istifadə edilməsi, “hansı ki” qəlibli cümlələr, feli tərkibli ifadələrlə əvəzlənməsini tövsiyə edirik. Bununla yanaşı kütləvi verilişlərdə “təxliyyə” əvəzinə “köçürülmə” sözü ilə əvəzlənə bilər.