Səlim Abbasovun YALANÇI ULDUZ XƏSTƏLİYİ "Maşınımın şüşəsini sındırıblar..."

743
Səlim Abbasovun YALANÇI ULDUZ XƏSTƏLİYİ "Maşınımın şüşəsini sındırıblar..."

Yerli şou-biznes nümayəndələrinin gündəmə gəlmək üçün qurma qalmaqallar yaradıb, özləri haqda müxtəlif “qəza” xəbərləri yaymaqlarının dəfələrlə şahidi olmuşuq.

BiG.AZ-ın məlumatına əsasən, bunu adətən, heç cür populyarlaşa bilməyən, yaxud da bir müddət tanındıqdan sonra gündəmdən düşən şou nümayəndələri edir, desək doğru olardı. Amma zənnimizcə, bir sənət adamı “müxtəlif yollarla” gündəmə gəlib, tanınmaq əvəzinə, ortaya sanballı yaradıcılıq işi qoyub, sevilərsə, daim populyarlığın və tamaşaçı sevgisinin zirvəsində olar. Çünki təcrübələr göstərir ki, bu kimi ucuz reklamlar şou nümayəndəsinin xeyrinə işləmir, əksinə, onu zövqlü tamaşaçının gözündən salmış olur.

Sözümüzün canı odur ki, bu gün səhər lent.az-da əməkdar artist, skripka ifaçısı Səlim Abbasovun avtomobilinin şüşələri sındırılması xəbərinə rast gəldik. Xəbərdə ifaçı iddia edib ki, Səbail rayon Tərlan Əliyarbəyov küçəsində ona məxsus BMW markalı avtomobilin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. Avtomobildən oğurluq edilməsə də, S.Abbasova məxsus 2 skripka götürülərək yolun kənarına atılıb.

Səlim Abbasov üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib.

Olayla bağlı, ifaçının özü ilə əlaqə saxlamağa çalışdıq. Ona görə çalışdıq deyirik ki, bütün gün ərzində S.Abbasovun mobil nömrəsinə dəfələrlə zəng etdik. Telefona ifaçının qardaşı cavab verərək, bizə “1-2 saata zəng edin”, “Bir azdan yığın”, “Səlim mənə icazə vermir bu məsələ ilə bağlı danışım, bir azdan zəng edin, özü ilə danışın”, “20 dəqiqəyə yığın, Səlim sizinlə danışsın” – kimi vədlər verdi.

Lakin daha sonra isə ümumiyyətlə, telefona cavab verən olmadı.
Maraqlıdır, Səlim Abbasov doğrudanmı, bəzi şou nümayəndələri kimi belə bir üsula əl atıb, gündəmə gəlmək istəyir? Halbuki, onun da kifayət qədər dinləyici auditoriyası var. Babal yumaq istəməzdik… Ümid edirik ki, skripka ifaçısı özü olaya aydınlıq gətirəcək. Biz buna ümid edirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti