Xalq artisti Cavan Zeynallı Azərbaycanın ən qalmaqallı verilişi olan "Maşın şou"dan danışıb.
Mynews.az "Qaynarinfo"ya istinadən bildirir ki, o, verilişdəkiləri tənqid edib:
"Maşın" şouya baxıram, bu nədir, ala? Hamısı "banditlər"di yığılıblar ora. Biz hara gedirik, başa düşmürəm. Şouda mən də əvvəllər iştirak etmişəm. Murad Dadaşov necə varsa elə də qalıb, amma oradakı iştirakçılar çox aqressivdirlər. Danışıqlarını bilmirlər, aşkar müharibə gedir. Bu, süni qalmaqala da bənzəmir. Belə görünür ki, bu tip danışıqlar, bir-birlərini söymələri onların qanındadır".
Son zamanlar efirlərdən biraz uzaq olan sənətçi bunun səbəblərini açıqlayıb:
"Televiziya verilişlərinə çağırırlar getmirəm. Çünki, bəzi aparıcılar adama elə sual verirlər ki, biabır olursan".
Dünyada baş verən proseslərə də münasibət bildirən məşhur cazmen zəmanənin korlanmasından gileylənib:
"ABŞ-ın prezidenti Donald Trampı görürsünüzmü? Elə bil ki, Jirinovskidir. Qışqırır, hamını söyür. Mən uzun həyat yaşamışam, bundan sonra da hələ yaşayacağam, amma sizi inandırım ki, çox pis zəmanəyə gəlib çıxmışıq, bilmirəm ki, hara çıxıb gedək".
Əvvəllər güclü futbol azarkeşi olan Cavan Zeynallı uşaqlıq illərindən, futbol təəssüratlarından da danışdı:
"Mən çoxdanın azarkeşiyəm, lakin özfəaliyyətim olduğundan, son vaxtlar sənətə başım çox qarışdığı üçün yaxından izləyə bilmirəm. Uşaq vaxtı "Dinamo"ya gedib orada futbol oynayırdıq. Komandamızda məşhur bəstəkar Eldar Mansurov və müğənni Səməd Səmədov da oynayırdı. Həmişə birinci qolu mən vururdum, lakin sonra rahatlıq yaranırdı və yola verməyə başlayırdım".
Ulduz futbolçular Kriştiano Ronaldo və Leonel Messidən danışan müğənni onları belə müqayisə edib:
"Futbolçu var ki, texnikalı oynayır, futbolçu da var ki, oyunu ağlı ilə idarə edir. Messini ona görə sevirəm ki, onda bu iki xüsusiyyət vəhdət təşkil edir. O, hərdən elə qollar vurur ki, heç kəsin gözləmədiyi yerdən qol vurur, amma Ronaldo dəqiq futbolçudur. O, zərbəni hara vuracağını əvvəlcədən bilir, amma elə güclü vurur ki, artıq o topu tutmaq qeyri-mümkün olur. Bu cəhətlərinə görə, hər iki futbolçunu sevirəm. Şəxsən azarkeşlik etdiyim klub "Barselona" olsa da, bu gün Çempionlar Liqasının finalında "Yuventus" və "Real" qarşılaşmasında "Real"ın qələbə qazanacağını düşünürəm".
Xalq artisti Səməd Səmədovla bağlı maraqlı xatirəsini də danışıb:
"Səməd Səmədov çoxdanın futbolçusudur. Onların yaşadığı yerdə böyük futbol meydançası var idi. Hamı oyun üçün oraya gəlirdi. Mən də bir müddət Azadlıq prospektində yaşadığım üçün tez-tez oraya gedirdim. Səməd hər dəfə qol vururdu. Oyunların birində rəqib komandanın oyunçusu Səmədin ayağına vurdu və hakim onların qapısına penalti təyin etdi. Mən Səmədə qayıtdım ki, "sənin ayağın zədəlidir, necə vuracaqsan, qoy bunu mən vurum". O, dedi ki, "Ala, mən yalandan belə göstərirəm". Dedim "ala, belə futbol olar?". Amma Səməd o qolu vurdu, hamıda ayaq üstə alqışladı. Mən onlara dedim ki, "Uşaqlar, bu "aferistdir" ki" (gülür)". Rusdilli olduğumdan hakimə səhvən həkim deyirdim. Orda qışqırdım ki, həkim düz etmədi. Bir də gördüm ki, orada fırlanan həkimlərdən biri gəldi ki, "nəyi düz eləməmişəm, ala?". Dedim "adə, hakimi deyirdim". Həkim hara, hakim hara? Hamı gülüşməyə başladı".