Müğənni Cavad Rəcəbov və keçmiş gəlini Günel Axundova arasında münaqişə bu günün əsas müzakirə mövzularından biridir.
Mynews.az xəbər verir ki, tərəflər arasında qalmaqal müğənninin gəlini Günel Axundovanın PrimeTime.Az-a verdiyi açıqlama olub. G.Axundova deyib ki, “Maşın” realiti şousu ilə gündəmə gələn müğənni gəlinini və nəvəsini yaşadığı evdən çölə atır.
“Əslində bu barədə danışmağa hər zaman utanmışam və çəkinmişəm. Lakin baş verənlər məni o qədər üzüb ki, danışmaya bilməzdim. Buna səbəb yarışmada keçmiş qayınatamın işlətdiyi sözlər oldu. Cavad Rəcəbov şouda “Maşını qazanıb, kimsəsizlər evində yaşayan uşaqlara verəcəyəm” demişdi. Eyni zamanda, səs istəyən vaxt ailəsindən də söhbət açan qayınatam 4 nəvəm var demişdi. Halbuki oğlumla birgə 5 nəvəsi var. Qayınatam qızının 4 uşağını nəvə hesab etdi, ancaq adını daşıyan kiçik Cavad Rəcəbovu saymadı. Övladımın 10 yaşı var, hər şeyi görür və fikir edir. Həmin gecə babasının onu saymadığını görüb o qədər ağladı ki, ürəyim ağrıdı. Bu adam öz nəvəsini evsiz qoymaq istəyir”.
Məlumat üçün bildirək ki, ifaçının oğlu Cavid Rəcəbov 2005-ci ildə Lənkəran şəhər sakini Günel Axundova ilə rəsmi nikaha girib. İki il sonra onların oğul övladı dünyaya gəlib və C.Rəcəbov nəvəsinə öz adını verib. 2015-ci ildə Cavid və Günel cütlüyü müğənninin təkidi ilə boşanıb.
Baş verən haqsızlıqlara dözməyən ifaçının eks gəlini fikirlərini belə davam etdirib: "Biz evli olan vaxtı qayınatam Cavidin beynini o qədər doldurdu ki, həyat yoldaşım evi tərk etdi. Övladına qarşı soyumağa başladı. Elə həddə çatmışdı ki, Cavid yanımda olarkən belə atasından bunu gizlədirdi. Bir müddət sonra ailəsindən soyuyan həyat yoldaşım başqasını sevməyə başladı və məndən boşandı. C.Rəcəbov məhkəmədə özünü işsiz göstərərək oğluna 108 manat aliment kəsdirdi. İndi isə gəlin getdiyim, oğlumun doğulduğu və 12 ildir yaşadığım ev eks qayınatamın adına olduğu üçün məhkəmə yolu ilə bizi buradan çıxarır. Evimiz Zığ yolunda, köhnə doqquz mərtəbədə təmirsiz mənzildir. Oğlum məktəbini bitirənə qədər atasından və babasından vaxt istəyib. O isə "Mənə dəxli yoxdur" -deyə cavab verib". Günel mənzil almaq üçün dövlət ipotekasından yararlanmağa çalışdığını bildirib:
"Evli olarkən birgə aldığımız dollarla olan kreditlər 7 aydır ödənmədiyindən bu istəyim baş tutmadı.Təsəvvür edin 108 manat alimentlə bizi küçəyə atır, üstəlik kreditləri də ödəmir".
G.Rəcəbova 10 yaşlı oğlu ilə hara gedəcəyini bilmədiyini sözlərinə əlavə edib: "Hər şeyi o qədər gözəl qurublar ki, keçmiş həyat yoldaşımın adına heç nə yoxdur. Hətta avtomobili belə öz adına deyil. İcra məmuru məktəbi bitirməsinə qədər vaxt vermədiklərini bildirdi. 6 iyun tarixində evdən çıxmalıyıq. Getməyə isə yerimiz yoxdur. Bu qədər haqsızlığa dözmək çox çətindir".
Məsələ ilə bağlı Cavad Rəcəbov da danışıb. O, keçmiş gəlininin ittihamıarını böhtan adlandırıb.
“Belə şey yoxdur, yalan söhbətdir. Mənim elə gəlinim də yoxdur. Onlar iki il bundan öncə boşanıblar. Ev qanunla mənə aiddir, oğlumun adına deyil. Məhkəmənin icrası ötən il yerinə yetirilməli idi. Onlar iki dəfə məndən vaxt istədilər. Mən də iki dəfə onlara yaşamaq üçün razılıq verdim. Əslində aprelin birində çıxmalı idilər. Məsələ bitib. Mən Bakıya gələndə evim ola-ola çöllərdə qalıram. Oğlum paytaxtda bacımgildə yaşayır".
Müğənni keçmiş gəlinin oğlu Cavidi bıçaqladığını iddia edib: "Ərini bıçaqlayan qadın hansı hüquqdan danışa bilər?! Mən Cavidlə onun arasını vurmamışam. Məgər Cavidin ağlı yoxdur?! O qadın bunları uydurur. Bıçaqlanma hadisəsi üç il bundan öncə olub. Oğlum məndən gizlədirdi. Xəbər tutandan sonra dedim ki, "Ərini bıçaqlayan qadınla yaşamaq düzgün deyil". Həmin vaxt oğlum adımıza görə polisə müraciət etmədi. Bu səbəblərə görə də onların çöldə qalmasının mənə aidiyyatı yoxdur".
Gəlininin icra sənədini yaydığını dedikdən sonra musiqiçi sözlərinə belə davam edib: "Bu, boş söhbətdir. O gəlin nə etdiyini bilmir. Onların ortaq heç bir mülki yoxdur. Deyib ki, kreditə görə ipoteka götürə bilmir. Niyə bu qədər yalan danışır? Əgər düzgündürsə, versin məhkəməyə. Hüquq yoluyla həll edək". C.Rəcəbov efirdə 4 nəvəsinin adını çəkməyinə də belə aydınlıq gətirib: "Ola bilər ki, yadımdan çıxıb nəvəmin adını çəkməmişəm. Burada nə var ki?! Nəsə problem var?! Hər ay nəvəm Cavadın alimenti verilir. Onun bütün ehtiyaclarını özüm qarşılayıram. Mənə yaraşar ki, onun ehtiyaclarını qarşılamayım? Böyüyəndən sonra da onun bütün işlərini özüm görəcəm".
Günel Axundova isə öz növbəsində bunları deyib:
“Ətrafımda olan hər kəs məni yaxşı tanıyır. Lənkəranda hamı mənim ziyalı ailədə doğulduğumu bilir. Onların mənim haqqımda dediyi heç bir söz mənə yapışmaz, məni sındırmaz. Buna çoxdan hazır idim. Onların böhtanlarından qorxmuram. Alnım açıq, üzüm ağdır. Bu yola özüm üçün deyil, balam üçün girdim. Onlar hər ay "kasıb adam kimi" 108 azn aliment verirlər. Cavidin bütün dostları bilir ki, avtomobil ona aiddir. Hər kəsin yanında fəxrlə studiyası olduğunu bildirir. Ancaq iş məhkəməyə çatanda deyir ki, işsizəm. Gördüyünüz kimi "yetimlərə maşın bağışlayan" qayınatam öz nəvəsinin çöldə qalmasına "mənə aiddiyyatı yoxdur" deyir. Onları Allaha tapşırıram. Hələ şükür edirəm ki, üstümə pozğun damğası vurmayıblar".
O, bıçaqlanma hadisəsinə görə məhkəməyə müraciət edəcəyini deyib:
"Bundan sonra baş verəcəklər vecimə deyil. Onlar indiyə kimi başıma elə oyunlar gətiriblər ki, artıq səbr kasam dolub. Bıçaqlanma böhtanına görə məhkəmədə mənə cavab verəcəklər. Onlardan qorxum yoxdur. Nə deyirlər desinlər. O manıs adamdır. Toyda ana mahnısını oxuyub, evə gəlib anasının üzünə söyən adamdır. Ağa qaranı necə yapışdırmaq olar?! O, desə də mənə yapışmayacaq".