Tanınmış ifaçı Təranə Qumral "Maşın" realiti şousundan sonra müsahibə verib:
Mynews.az milli.az-a istinadən müsahibəni təqdim edir.
- Necəsiz Təranə xanım?
- Həmişəkindən də, yaxşıyam. Təşəkkür edirəm. Azərbaycanın ən reytinqli şousunda iştirak etdim.
- Musa müəllim bəs necə sizdən 11 gün ayrı qala bildi?
- Musa elə bilirdi ki, özü də oteldə mənimlə birgə qalacaq, amma otelin qarşısına çatanda dedilər ki, Musa bəy, vəssalam, təşəkkür edirik, sağ olun. Şoka düşdü ki, bəs mən burada qalmayacam ki? Məcbur olub Musa getdi, gedəndə də Murad Dadaşova dedi ki, heç kimin ayıra bilmədiyi Təranə və Musanı siz ayırdınız.
- Darıxırdınız?
- Düzü, hə. Murad Dadaşov var olsun bizim üçün lüks şərait qurmuşdu, amma insanın ailəsini heç nə əvəz etmir.
- İştirakçılarla aranız necə idi? Kiminlə düşmən, kiminlə dost idiz?
- Düşmən yox ... Hər bir iştirakçı ilə aram yaxşı idi, çox hörmət gördüm onlardan özümə qarşı ... Bircə Sərxan ilə bəzi yüngülvari problemlər oldu...
- Yüngülvari?
- Hə (gülür-red). Şouda qalmaqal olur da... Sərxanla düşmən deyiləm, düşmən olmaq fikrim də yoxdur. Mən onun uşaqlarını da, özünü də hər zaman çox istəmişəm. Sərxan özünü artistliyə qoysa da, demək istəyirəm ki, gördün ki, maşın sənin olmadı. Amma sən simanı tez dəyişdin. Birini o dedi, birini mən dedim. Amma o, daha çox dedi. Çünki kişiliyindən istifadə etdi, ancaq mən keçirəm onun üçün ... Çünki ora bir oyun, realiti şou idi... İştirakımızı etdik, real həyatımıza qayıtdıq, tezliklə Sərxanla birgə toylarımız da var, yəni bunlara görə ona kin saxlamıram.
- Görüşsəniz, salamlaşacaqsız?
- Əlbəttə. Mən ondan küsməmişəm, kin də saxlamıram. Sadəcə, o, başqa səmtə gərək yönəltməzdi istiqaməti... İkimiz arasında olan məsələ idi, səsverməyə görə kimlərəsə ismarış yollamaq lazım deyildi. Vallah, maşın Sərxana da qismət olsa, sevinərdim. Mənim avtomobilim var, mən, sadəcə, iştirak etmək üçün ora getmişdim və İslama da demişdim finala qalsam, əlimi çəkəcəm sən apar deyə... Özündən də soruşa bilərsiniz.
- Amma Təranə xanım xüsusi diqqətimi çəkən məqam var. Şounu bu gün tərk elədiniz amma səhəri qonaq oldunuz və dünən sizə səsvermə ilə qalib olan Sərxan bəy əlini avtomobildən götürdü və getdi. Bu qisas idi, şou idi, ya qurma idi? Nə baş verdi axı?
- Getmişdim Sərxanı evlərinə yola salım (gülür -red). Ayağım düşmədi ona ... Təsadüf idi. Sərxan mənim dostum olub, amma orada yalan danışdı. Musanın xarakteri fərqlidir, mən bilirəm də nə deyirəm.
- Musa müəllim deyir ki, Sərxanın xanımı orada Sərxansız iştirak etsə idi, mən ona gözün üstə qaşın var deməzdim, necə lazımdır kömək edərdim. Amma Sərxanla siz ...
- Bilirsiniz insanlar fərqli olur. Bəs mən nə deyirəm Musa tamam fərqli xarakterli insandı... Davakardı, çılğındı, haqsızlığa dözməyəndi, ən zəif nöqtəsi də mənəm. Məni o qədər sevir ki, kimsə xətrimə dəysə, gücü çatsa, dünyanı dağıdar. Amma Sərxan yaxşı aktyordu. Elə bilirdi kinoya çəkilir, təkəri qucaqladı ağladı, nə bilim dondan-dona girdi. Mən qadınam, əsla ağlamaram. İnsan da avtomobilə görə ağlayar? Dünya malıdır axı... Sərxan xoşagəlməz söhbətlər etsə də, ürəyini bildiyim üçün ona keçdim, yoxsa mənimlə başabaş gəlməyə heç kəsin cəsarəti çatmazdı. Sərxan bizim evimizdə çox olub. Hətta evimizdə bir köməkçimiz var deyir ki, o, necə elə şeylər deyə bildi, axı mən öz əllərimlə onun qarşısına yeməklər bişirib, qoymuşam. Nəysə, Sərxandır da... Duz-çörəyi tapdaladı. Hər adam kəsdiyi çörəyə hörmət etməyi bacarmır.
- Efirdə süjet yayımlandı ki, Sərxana butulka atdınız. Səbəb hələ də tamaşaçı və oxucu üçün maraqlıdır.
- Əsəblər gərgin idi. Yuxusuz gecələr, yorğunçuluq, stress var idi. Sərxan da elə hey danışırdı, deyinirdi. Butulkanı atdım ki, səsini bir kəs də... Qoy mən də fikrimi deyim. Birini mən dedim, beşini o, müxtəsər dalaşdıq.
- Şoudan ayrıldınız. Deyirsizmi ki, kaş getməzdim, əsəblərim də pozulmazdı?
- Yox! Əsla. Çox xoş oldu. Murad Dadaşovla yaxından tanış oldum. Çox gözəl, centlimen insandır. Ona olan hörmətim daha da artdı. Yenə çağırsalar, yenə gedərəm (gülür - red). Çünki, həqiqətən, "Maşın" şou Azərbaycanın ən bahalı, ən reytinqli, ən səviyyəli televiziya layihəsidir. Çoxunun həsrət çəkdiyi bir layihədir, amma mən bu şouda iştirak etdim. Maraqlı idi. "Maşın" şou ailəsinə, Murad Dadaşova, təşkilatçı İsmayıl Bağırova, hər kəsə təşəkkür edirəm.