Bu gün sovet filminin sex-simvolu, “Qafqaz əsiri” filminin əvəzsiz komsomolçusu Nataliya Varley 70 illik yubileyini qeyd edir. Nataliyanın qısa saçları filmdən sonra o qədər məşhurlaşır ki, indiyədək xanımlar bu saç kəsimini çox vaxt Ninanın saç düzümü adlandırırlar.
Rumıniyalı Nataşa
Nataliya 1947-ci ildə Rumıniyanın Konstansa şəhərində doğulub. İki yaşında ailəsi ilə birgə Rusiyaya köçüb. İncəsənətə dərin maraq göstərən balaca Nataşa artıq 4 yaşından şəkil çəkir, yaşına görə dərin mənalı şeirlər yazırdı.
Filmə gəlişi
Nataliya 1965-ci ildə Dövlət Sirk və İncəsənət Texnikumunu bitirib, Moskva Dövlət Sirkinin truppasında işə başlayır. 1 metr 50 santimetr boyu olan zərif gənc qız öz gözəlliyi və plastikası ilə tamaşaçıların və incəsənət nümayəndələrinin diqqətini cəlb etməyi bacarır. Ona gələn film təkliflərinin ardı-arası kəsilmirdi. Odur ki, Nataliya filmlərdən gələn təklifləri dəyərləndirməyi qərara alır.
Nataliyanın səhnə pasportu “ Qafqaz əsiri”
Nataliya əfsanəvi “Qafqaz əsiri” filminə gəlişini belə xatırlayır: “Nina obrazı üçün aktrisa axtarılırdı. Mən də özümü sınamaq istədim. Çəkiliş meydançasına gələndə rejissor Leonid Qayday mənə dedi ki, Nataliya paltarınızı soyunub, çimərlik geyimi geyinə bilərsinizmi? Mən təbii ki, razılaşdım. Beləcə, Nina obrazına seçildim. İndi bütün aktrisaların filmlərdə rahat soyunmaqlarına baxmayın. O vaxtlar belə deyildi. Aktrisalar ekran qarşısında alt geyimi ilə görünməkdən çəkinirdilər. Mənsə sirk aktrisası idim. Demək olar ki, bütün çıxışlarımda çimərlik geyimində olurdum".
Aktrisa filmin çəkilişi zamanı baş verən gülməli və ekstremal hadisələri belə xatırlayır: "Filmin ən məşhur səhnələrindən birində mən qırmızı maşına minib, qaçmağa çalışıram. Vitsin, Morqunov və Nikulinin yaratdığı obrazlar isə maşının qarşısına keçib, məni durdurmağa çalışırlar. Çəkiliş prosesində hiss etdim ki, maşında nasazlıq var, amma səsimi çıxartmadım. Bu səhnə çəkiləndə isə çox qorxulu hadisə baş verdi. Mən “üçlüyün” qarşısına çatanda gördüm ki, avtomobili durdura bilmirəm. Aktyorlar tez qaçıb, kənara çəkildilər. Onlar bir neçə saniyə geçiksəydilər, olacaqları təsəvvür etmək istəmirəm. Odur ki, həmin səhnəciyi yenidən çəkməli olduq”.
Şəxsi həyatı
Nataliyanın ilk ailə həyatı uğursuz olur. Aktrisa birinci həyat yoldaşı, tanınmış rejissor Nikolay Burlyayellə bir neçə il evli qaldıqdan sonra boşanır.
Nataliyanın ikinci həyat yoldaşı Vladimir Tixonov isə içki düşkünü idi. Varleyin ikinci ailəsi də dağılır. Lakin bu nikahdan onun Vasiliy adlı oğlu doğulur. Bir neçə ildən sonra cazibədar xanım ikinci oğlu Aleksandrı dünyaya gətirir. O, Saşanın atasını hər kəsdən, xüsusən də mətbuatdan gizlədir.
Bu gün, rus kinosunun 70 yaşlı Ninası bir sıra televiziya layihələrində iştirak edir. Zamana qalib gələn seks-simvol öz təravətini və gözəlliyini yenə qoruyub saxlayır.