Azərbaycanlı aktrisa bütün gizlinləri açdı "Həyat yoldaşıma görə məni çörəyimdən etdi"

623
Azərbaycanlı aktrisa bütün gizlinləri açdı "Həyat yoldaşıma görə məni çörəyimdən etdi"

Aktrisa Mətanət Eresin Milli.Az-a olan müsahibəsini təqdim edirik.

- Mətanət xanım, səhhətinizdə bu günlərdə problem yaranmışdı. Hal-hazırda özünüzü necə hiss edirsiniz?

- Bəli, burnumdan əməliyyat olundum. Çünki nəfəs almağımda böyük problemlər əmələ gəlmişdi. Əməliyyat olunandan sonra nisbətən özümə gəlmişəm. Düzdür, hələ ki, çəkilişlərə fasilə vermişəm. Sonuncu dəfə "Sən olmasaydın" serialında çəkildim. Daha sonra isə "Yalnış anlama" filmində bir rola dəvət olundum. Bu film Türkiyə ilə Azərbaycanın müştərək işi sayılır. İnşallah, sağalandan sonra yenidən çəkilişlərə start verəcəyəm.

- Müsahibələrinizdə hər zaman çox səmimi olursunuz. Buna görə başınız bəlalar çəkmir?

- Mən bilsəm ki, bu gün öləcəyəm, yenə də sözün düzünü deyərəm. Həqiqəti söyləmək insanın baş ucalığıdır. Ola bilər ki, 3 nəfər buna görə sənə nifrət etsin, amma 10 nəfərin içində hörmətli olacaqsan. Elə bu xüsusiyyətimə görə də bir çox yerlərdən məni uzaqlaşdırırlar. Bir prodakşının rəhbəri prodüser xanıma məni təklif etmişdi ki, onu filmə dəvət edərsən. Filmin çəkilişləri başlayanda məlum oldu ki, o qız heç rejissora deməyib. Sonradan eşitdim ki, həmin qız məni bir çox yerlərdə qara siyahıya saldırıb. Məndə qısqanclıq belə yoxdur, çalışıram ki, həmişə öz həmkarlarımı da çəkildiyim seriala cəlb edim.

- Həmkarlarınızdan eyni münasibəti görürsünüz?

- Xeyr, həmkarlarım nədənsə bunları etmir. Mən mərdimazar deyiləm. Hamıya inanıb, güvənirəm. Bir onda ayılıram ki, artıq "torbamı tikiblər". Televiziyalardan birində vəzifəli bir şəxs var idi, məni bütün seriallardan məhrum etmişdi. İndi artıq o çıxıb, amma onun davamçısı yenə də bu işi həyata keçirir. O yoldaşıma görə məni çörəyimdən etmişdi. Onlar uzun illər dost olmuşdu, aralarında nəsə baş vermişdi deyə yoldaşımın acığını məndən çıxırdı. Sən kişisənsə, get problemini kişi ilə həll et! Mənlə nə işin var ki? Əslində o başa düşə bilmirdi ki, şəxsi münasibətləri işə qatmaq olmaz. Bu da onun qeyri professional olmasından irəli gəlirdi.

- Səhv etmirəmsə, Rövşən İsaxla da "Pərvanələrin rəqsi" serialında bu cür problem yaşamışdınız. Sözün düzü Rövşən İsaxdan çox sənətçilər şikayət edir.

- Bəli, o serialda da problemlər olmuşdu. Sezonun sonuna kimi mən və bir neçə aktyor yoldaşım serialdan uzaqlaşdıq. Bəzi mövzularda biz anlaşmadıq. Amma deyə bilərəm ki, məni geniş tamaşaçı kütləsinə tanıdan Rövşən İsax və "Pərvanələrin rəqsi" serialı olub.

- Yəqin ki, ortada maddi problem var idi.

- Bəli, çünki biz rejissoru tanıyıb, ondan pulumuzu tələb edirdik. Onunla işləmək mənim üçün çox asan idi. Müsbət tərəfi çoxdur. Rövşən İsax aktyorun improvizəsi ilə asanlıqla razılaşır.

- Mətanət, sənətə yeni gələn aktrisalar qalmaqal və açıq-saçıq geyimləri ilə özlərini piar edirlər. İstər geyimləri, istərsə də danışıqları ilə. Sizin dövrdə də bu kimi hallar baş verirdi?

- O baxır o aktrisanın öz tərbiyəsinə. Onlar elə bilirlər ki, açıq-saçıq geyinəndə məşhur olacaqlar. Əgər "qabında" bir şey yoxdursa, nə geyim, nə açıq-saçıqlıq səni məşhur edən deyil! Vallah mən onları heç tanımıram, çünki mənə maraqlı deyillər. Onsuz da aktrisaların adı bədnamdır, nəyə lazımdır bunu etmək? Camaat fikirləşir ki, aktrisadır da, istər-istəməz onlar bizim adımıza da xələl gətirirlər.

- Teatrda çalışdığınızı bilirəm, teatrla kino arasında seçim etsəniz hansını seçərdiniz?

- Teatr mənim üçün başqa bir aləmdir. Səhnədə tamaşa oynamağın həzzini mənə heç nə verə bilməz. Teatrımızın binası yoxdur deyə nadir hallarda tamaşa oynayırıq. Buna görə bir az sözün düzü çətinlik çəkirik. Ona görə də tamaşaçılarımızı teatra dəvət edə bilmirik. Mən teatrımızdan və rəhbərimiz Yadigar müəllimdən çox razıyam. O bizə imkan yaradır ki, seriallarda və filmlərdə çəkilək.

- Aldığınız maaş sizə ailənizi saxlamağa kifayət edir?

- Mən hər günümə şükür edən insanam. Elə vaxt olub ki, çox qazanmışam, elə vaxt olub ki, az. Az qazanıb az yemişəm, çox qazanıb çox. Elə bilirlər ki, biz seriallardan milyon qazanırıq. 12 ildir ki, kirayədə yaşayıram. Çarpışa-çarpışa, vuruşa-vuruşa birtəhər yaşayırıq. İnsan övladları üçün yaşayır da. Yaxşı ki, işim və sənətim var.

Sonxeber.az

Xəbər lenti