İlhamə Quliyevanın mirası haqqında AÇIQLAMA

463
İlhamə Quliyevanın mirası haqqında AÇIQLAMA

Mərhum Xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı bir ilə yaxındır davam edən məhkəmə prosesi başa çatıb. 

Mynews.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənninin var-dövləti üstündə onun ögey bacı-qardaşları və övladlığa götürdüyü Orxan Nadirov arasında mübahisə yaranmışdı. Başa çatan məhkəmə prosesində İ.Quliyevanın bütün mirası bacı-qardaşı arasında bölünüb. Bu var-dövlətdən isə O.Nadirova heç bir pay düşməyib.

MİRAS KİMLƏRƏ QALDI?

İ.Quliyevanın bacısı Gülbahar xanımın vəkili Zaur Niftəliyev mərhumdan qalan mirasın yeni sahiblərinin kimliyini açıqlayıb:

“İlk növbədə, Orxan Nadirovun vəkili Əkbər bəyin açıqlamasına aydınlıq gətirim. Efirdə deyib ki, miras İlhamə xanımın xalası uşaqları, bibisi uşaqlarına qalıb. Miras İlhamə xanımın qardaş və bacılarına keçib. Bir qardaşı şəhid olub, bir bacısı rəhmətə gedib. Şəhid qardaşına çatan əmlak onun iki övladına, dünyasını dəyişən bacıya qalan miras isə qızına verilib. Məhkəmə qərarı qanuni qüvvədədir və icra mərhələsindədir”.

İLHAMƏ QULİYEVANIN MİRASI NƏDƏN İBARƏTDİR?

Vəkil bildirib ki, İ.Quliyevanın varidatının 2,7 milyon manat olması ilə bağlı yayılan xəbərlər yalandır:

“İlhamə xanım tanınmış şəxs olub. Buna görə də, yayıldı ki, guya onun neçə avtomobili, milyonlarla dəyəri olan evləri, milyardları qalıb. İlhamə xanımın iki avtomobili var: biri “İnfiniti” markalı 2013-cü il buraxılışlı, digəri 1998-ci il buraxılışlı BMW-dir. Bu isə 20 ilin avtomobilidir, işləmir, heç satmaq da olmur. İstifadə üçün yararsızdır. Evlərə gəldikdə isə... Rəhmətlik anası Tükəzban xanımdan (Xalq artisti Tükəzban İsmayılova - red.) qalmış üçotaqlı təmirsiz mənzil, özünün son vaxtlar yaşadığı evdir. Bundan başqa bir bağ sahəsi var. Bankların birində 300 min pulu var idi. Onun bir qismi bankdakı kreditinə, bir hissəsi pulun vaxtından əvvəl götürüldüyü üçün bank cəriməsinə çıxıldı. Ailə üzvlərinin əlinə yalnız 250 min manat pul gəldi. Qızıl əşyaları qalıb ki, dəyəri 25 minə yaxındır. Güman edilir ki, zinət əşyaları aradan çıxarılıb, dünyasını dəyişən gün talanıb. Bunu biz bilməmişik. Milyonlar, milyardlar kiminsə uydurmasıdır”.

QIZILLAR HƏQİQƏTƏN SAXTA İMİŞ?

Z.Niftəliyev “Hətta bir ara deyildi ki, İlhamə Quliyevanın qızıllarının əksəriyyəti saxta çıxıb” sözlərinə belə cavab verib:

“Məhkəmədə İlhamə xanımın qızılları araşdırılmayıb. Bütün qızıllar Bakı Şəhər Prokurorluğu tərəfindən evdə siyahıya alınıb və bankda depozitə qoyulub. Bu günə qədər vərəsələr o qızılın üzünü də görməyiblər. Ona görə də saxta, gerçək olması haqda xəbərimiz yoxdur”.

BU MİRASDAN ORXANA NƏ QALDI?

Hər kəsin illərdir İ.Quliyevanın oğlu kimi tanıdığı Orxan Nadirov da miras uğrunda mübarizə aparıb. Amma nəticədə Orxan mirasdan bir qara qəpik də qazanmayıb. Udduzması ilə barışmayan O.Nadirov Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Z.Niftəliyev deyir ki, Orxanın bu iddiası da rədd edilib:  

“İddiası əsassız olduğuna görə qəbul edilmir. Hər kəs gözəl bilir ki, övladlığa götürmə insanın sağlığında ola bilər. İlhamə xanım sağ vaxtı Orxanın övladlıq faktını rəsmiləşdirməyib. İlhamə xanım istəsəydi, Orxanı götürə bilərdi. Digər tərəfdən isə övladlığa yetkinlik yaşına çatmayan birini götürürlər. Orxanın isə 40-a yaxın yaşı var. Onların iddiası boşdur. Onların əlindəki fotolar, video övladlığın sübutu ola bilməz. Elmira xanım (vəkil Elmira Məmmədova - red.) deyir ki, apellyasiya məhkəməsinə müraciət edəcək. Orxan apellyasiyaya artıq ötən ildən müraciət edib və rədd cavabını alıb”.

“ORXAN MİRASI TƏK YEMƏK İSTƏDİ”

Vəkil bildirib ki, İ.Quliyevanın bacıları Orxana əvvəlcədən xəbərdarlıq ediblər:

“Orxana əvvəlcədən deyildi ki, gəlin hamımız birləşək, bizimlə bir ol. Məsələni öz aramızda həll edək, hamıya eyni miqdarda pay bölək. Orxan bundan imtina etdi, hər şeyə ancaq özü tək sahiblənmək istədi. Onun qanuni yox, mənəvi əsası var. Qanun başqa cürdür. Elmira xanım məcburi mirasdan danışır. Bunlar sadəcə sözdür”.

ORXAN İ.QULİYEVANIN MƏNZİLİNDƏN QOVULUB?

Vəkil O.Nadirovun hələ də ifaçının mənzilində yaşadığını söyləyib:

“Orxan həmin mənzildən çıxarılmayıb, orada yaşayır. Gəlib-gedən olurdu, yas mərasimi idi. Orxan da bundan istifadə edib, həmin evə köçdü. Hamı da abrını gözləyib, ona çıx deməyib. İl başa çatandan sonra öz istəyi ilə çıxıb gedəcək. Getməsə də, qanunla həll olunacaq”.

Z.Niftəliyev miras məsələsi ilə bağlı açıqlamalar yayan ailənin qohumlarına xəbərdarlıq edib:

“Sonda ailənin adından demək istəyirəm ki, ətrafda bir çoxları lazımsız açıqlamalar verir. Bu ailə heç kimin haqqında nə yaxşı, nə də pis danışdı. Ayıbdır, hədlərini aşmasınlar. Əgər sərhədi keçsələr, onlar haqqında biabır olacaqları açıqlama yayacaqlar”.

Xəbər lenti