Mynews.az Milli.Az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (131-ci say) təqdim edir.
Ötən həftə 54 şərh yazmısınız. Hamısını oxudum. Tənqid yazanlara da təşəkkürümü bildirirəm. Tənqid deyirəm ha, kiminsə sifarişi ilə kişi olduğu halda adını "Bağdagül" qoyub şərh döşəyənləri demirəm. Keçək mövzulara...
Türkiyədəki evlilik proqramının azərbaycanlı iştirakçısı Naz Milanın sosial şəbəkələrdə görüntülüəri yayılıb. Daha doğrusu, belə başlıqda bir xəbər oxudum və adını axtarışa verib digər görüntülərinə baxmaq istədim. Çünki adını tez-tez sosial şəbəkələrdə oxuyurdum. Gəldiyim qənaət bu oldu ki, kiminsə 15 oğlu ola və oğlanlarının ən yaramazı, ən avarası bu qızı ala, deməli, həmin şəxsin ya sağlamlığında, ya da düşüncəsində ciddi problem var. Neyçün ki, bu adamın qapalı geyim demirəm, normal geyimdə bir fotosu rastıma çıxmadı. Əlindən qəlyanı qoyub, siqareti götürür, siqareti qoyub şərabı başına çəkir. Deyə bilərsiniz ki, müasirlikdir, filandır. Bunu da başa düşdük. Bəs yarıçılpaq halda canlı yayım edib ağzına gələnləri danışmasına nə söz? Ona görə deyirəm ki, onun üçün elə ən yaxşı yer həmin evlilik proqramlarıdır. Kimin etirazı varsa, dediklərimi isbatlaya bilərəm. Amma kimsə evdə o cür gəlin, yanında o cür həyat yoldaşı görmək istəyirsə, bütün sözlərimi geri götürməyə də hazıram.
Bülent Ərsoy qəzaya düşüb. Tərslikdən Bülentin sonradan özünə əlavə elətdirdiyi nə varsa, hərəsi dağılıb bir dərəyə. İndi axtarış qrupu sənətçinin şey-şüylərini axtarmaqla məşğuldur. Yəni itən əşyalarını demək istədim.
Bu dünyada bir Hüseyn Dərya vardı. Məşhur, çılğın, vətənpərvər və bir az da ətrafını tanımayan Hüseyn. Ötən həftə doğum günü idi. Yaşasaydı, 42 yaşı olacaqdı. Oğlu Cahangirdən və 5-3 sənət yoldaşından savayı kimsə qəbrini ziyarət etmədi. Ona görə deyirlər ki, incəsənət çox etibarsızdır. Öz təbirincə desək, nə qədər ki, pul var kef elə. Ondan sonra hərə bir yana qaçıb dağılışacaq.
Xalq artisti Könül Xasıyevanın səhhətində ciddi problemlərin olduğundan xəbərdarsınız. Sənəti, sənətkarlığı barədə nəsə demək artıqdır. Amma son günlər diqqətimi çəkən bir məqam var. Onunla görüşməyə gedən hər kəs şəkil çəkib paylaşır. Sanki bu layk sayına hesablanmış addımdır. İnandırım ki, Xasıyeva bir fotoqrafla şərik işləsəydi, çoxdan müalicə pulunu çıxartmışdı. Axı sənətkarı bu halda çəkib sosial şəbəkələrə yaymaq lazımdırmı? Məncə yox!
Aparıcı Zaur Kamal haqda çox tənqidlər yazmışam. Amma o gün Şəbnəm Tovuzluyla Qalenvagen söhbəti çox xoşuma gəldi. Deməli, kağıza kişilərin adını yazır və soruşur ki, maşını bu alıb? Şəbnəm də deyir ki, yox öz maşınımızdı. Təzədən başqa bir ad yazır ki, bununla aran necədi? İmkanınız olsa, o videonu tapıb mütləq baxın.