Bayram Kürdəxanılı "...mövzu tapa bilmir, içir, narkoman olur" - VİDEO

703
Bayram Kürdəxanılı "...mövzu tapa bilmir, içir, narkoman olur" - VİDEO

Xeyli vaxtdır efirlərdən uzaq düşən meyxana ustası Bayram Kürdəxanılı Lent.az-a müsahibə verib.

- İllərdir ki, efirlərdə görünmürsünüz...

- (sözümü yarımçıq kəsir) Düz 3 il, 1983-1986-cı illərdə efir işçisi olmuşam. Amma indi dəvət alıram, özüm getmirəm. Mənə efir maraqsızdır. Ancaq toylara gedirəm. Demək olar ki, bütün günü toylardayam. Dünən də el şənliyində idim, bu gün də gedəcəm. Amma efirdə də az görüləndə gah deyirlər tutulub, ya da ölüb.

- Sirr deyilsə, toylara neçə manata gedirsiniz?

- Elə də baha deyil. Çox adama toy qiymətini demirəm. Amma sizə görə deyərəm, təxmini 300 manata.

- Neçə müddət olar, azadlığa çıxmısınız?

- Düz 2 il 7 aydır ki, həbsxanadan çıxmışam.

- Həbsə olduğunuz müddətdə sənət dostlarınız yanınıza gəldi?

- Gəldilər. Ağamirzə, Namiq Məna, Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Rəşad Dağlı gəlmişdi. Gələnlər gəldi, gəlməyənlər isə özləri bilər.

- Sizi nəyə görə azadlıqdan məhrum etmişdilər?

- Nəyə görə tutmuşdular? Mən narkotik vasitə qəbul eləməmişdim. Arıq adamam, hamı elə bilir ki, narkotik qəbul eləyirəm. Sadəcə, məni şərlədilər, içəri saldılar. Həmin vaxt tək məni tutmamışdılar. Bir neçə nəfər də həbs olunmuşdu. Sadəcə, mən tanınmış adam olduğuma görə mənim adım daha çox hallandı.

- Zindan həyatı sizə nəyi öyrətdi?

- Zindan həyatı bir akademiyadır. Sadəcə, insan orada həyat təcrübəsini artırır.

- Niyə bir çox meyxanaçıların adları bu tip mövzularda hallanır?

- Bunlar boş şeylərdi. Kim nə edirsə, özünə edir. Amma uyuşdurucu lazımsız şeydir. Ayıq beyinlə də meyxana demək olur. Yəni talantı varsa, nə arağa, nə də narkotikə ehtiyacı yoxdur. Yəni meyxanaçı mövzu tapa bilmir, mövzuya düşə bilmirsə, ya içir, ya da narkoman olur. Bu da mənasız bir şeydir.

- Həyatda nəyə peşman olmusunuz?

- Düz 40 ilə yaxındır ki, sənətdəyəm, bu günə qədər heç bir işə görə peşman olmamışam.

- Səhhətinizlə bağlı problemlər yaşadığınız da deyilir?

- Yox, heç bir yerim ağrımır. Əsas odur ki, nəfəsim gəlir.

- Azərbaycanda meyxana sənətinin hazırkı vəziyyəti sizi qane edirmi?

- Maşallah, yaxşıdır. Görün, gündə neçə-neçə şair peydə olur.

- Sizi özünə ustad bilənlər var?

- Əlbəttə, elə bütün meyxanaçılar mənə ustad deyir.

- Tələbələriniz varmı?

- Tələbəm yoxdur. Amma müraciət edənlər çox olub. Bu sənət elədir ki, müəllimlik yox, söz ədəbiyyatını, musiqini bilmək əsasdır. Fitri istedad olmalıdır. Bədahətən söz demək lazımdır.

- Bədahətən meyxana deyənlərdən kimləri daha çox bəyənirsiniz?

- Ağamirzə, Rəşad Dağlı, Vüqar Biləcəri, Elnur Məxfi, Orxan Lökbatanlı, Pərviz Bülbülə, aydın Xırdalanlı, Namiq Məna.

- Sosial şəbəkədən istifadə edirsiniz?

- Yox, heç bilmirəm, feysbuk nədi. İnstaqramdı, yoxsa 50 qramdı, bilmirəm nədi. Belə şeylər mənə maraqlı deyil. Bircə telefon işlədə bilirəm. Onu da yalnız zənglərə cavab vermək üçün işlədirəm. 

Xəbər lenti