“Gah dedilər hələ həbsxanadayam, gah yazdılar ölmüşəm. Üzümüzə gələn yanvar ayında azadlığa qovuşmağımın üç ili tamam olacaq. 55 yaşım var, həbsxanada hər yaşda adam var. Savadlı, savadsız, hər təbəqədə insan olur. Elə bil ki, akademiyadır və sən bilirsən ki, öz cəzanı çəkməlisən. Cəzanı çəkmək üçün məsuliyyət daşıyırsan. İçəridə çörək kəsmək var, yaşa baxmır. 99 faiz peşman olan şəxslərdir, azadlığa qovuşmaq eşqiylə yaşayırlar. Bir faiz insan isə pis vərdişi özündə vərdiş edib, bayıra çıxanda yenə cinayət törədəcək”.
Mynews.az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya müsahibəsində meyxana ustadı Bayram Kürdəxanlı deyib.
“Ora elə bil bağlı yerdir ki, insan qapının açılmağını gözləyir. Biz oradan ayrılanda deyirdik ki, “çıxdınsa, qayıtma”. Bundan əvvəl Rusiya həbsxanasında olmuşam, təxminən 1988-1989-cu illərdə... Ora bir başqa aləm idi, Sovet rejimi ali idi. Orda tanış olduğum insanlarla hələ də dostluq edirəm. Azərbaycandakı həbsxanada günlərim keçirdi, hamısıyla sözüm tuturdu. Hər gün içəridəki dəstə dəyişirdi, yeni gəlir, əvvəlkilər gedirdi. Təzə gələni də qarşılamaq lazımdır, onun dərdinə qulaq asmalı olursan.
Həbsxanada əsas həsrətdir - ana, ata, qardaş, dost həsrəti... Bir söz var, deyirlər ki, Allah heç kəsə göstərməsin. İçəridə özümə xeyli dostlar tapmışam. General oğlundan tutmuş, sıravi vətəndaşa qədər... İndi hələ də əlaqə saxlayırıq, ad günlərimizi yadda saxlamışıq, görüşürük. Həbsxanada yaranan dostluq heç vaxt bitmir”, - o sözlərinə əlavə edib.
O, meyxanaçılar arasında ilahi və pis vərdişləri olanlardan da danışıb: “Mənim üçün fərqi yoxdur. Amma başqası özünü o mühitə öyrəşdirir. Çünki beynində formalaşdırıb, “kayfsız” oxuya bilmir. Ya içməli, ya çəkməli, ya da zəhrimarı qoluna vurmalıdır. O da ömrün axırına kimi getmir. Xarici görünüşcə az çəkiyə sahibəm. Hamı ele bilir ki, iynə vuran, narkoman biriyəm. Belə şeylərdən çox uzağam. İçkini isə çox az istifadə edirəm. Səhər tezdən yuxudan qaldırsalar, üzümə su vuran kimi meyxana deməyi bacararam.
Həmin insanlar isə özlərində vərdiş yaradıblar. Ağamirzə, mən və başqa meyxanaçılar var ki, ayıq olurlar. Dinə bağlı olanlar da var. Elşən Xəzər, Aqşin Fateh elə yol seçiblər ki, öz yazıları ilə üst-üstə düşür. Dinə qulluq edən şəxslər çoxdur. Peyda olan cavan uşaqlara isə nəsihət verirəm. Deyirəm ki, vaxtı ilə bu yolu mən keçmişəm. Yaxşı bir şey deyil. Aydın Xırdalanlı əzab çəkir, Elçin Alatavalı da belə yoldadır. Ancaq bu yoldan qayıdanlar da var. Məsələn, Rəşad Dağlı güclü, talantlı biridir. Ələkbər də onun kimidir. İnsan belə davam edən halda dostunu, qardaşını itirir, ailə dağılır. Nə qədər oxuyanlarımız var, eşidirik, hamısı da bu yoldadır”.
Meyxanaçı sonda heç vaxt ailə qurmadığını da bildirib.