Ötən mövsüm "Paramparça" serialında baş rolları canlandıran Erkan Pettekaya və Nurgül Yeşilçay arasındakı məhkəmə bitib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Erkan Nurgülün telefon mesajları ilə onu təhqir etdiyini deyərək aktrisanı məhkəməyə vermişdi. Nurgül isə həmin mesajların təhqir olmadığını iddia edib:
"Həmin mesajları yazmamışdan bir gün əvvəl çəkiliş meydançasında dava düşmüşdü. Buna görə o mesajları yazmışam. Onlar təhqir deyil, sadəcə doğru söylənilmiş sözlərdir. Özümü müdafiə etmişəm. Müstəntiq qarşısında özümü tam ifadə edə bilməmişdim. 20 ildir bu sahədəyəm və Türkiyədə, dünyada almadığım mükafat yoxdur. Erkan Petekkayanın alkoqol problemi var idi, səhərlər yuxudan dura bilmir, çəkiliş meydançasına gecikirdi, gələndə də danışa bilmirdi. Daha sonra rejissor onu idarə edə bilmədi. Qapıları sındırdı. Prodüserə müraciət edəndə dedilər ki, "İdarə edəcəyik, reytinqlərimiz çox yaxşıdır".
Bir dəfə də səhnələrdən birində sözlərin çox romantik olduğunu deyərək çıxarılmasını istədi. Ssenariyə uyğun olaraq: "Hansı mahnını sevirsən", - deyə məndən soruşdu. Mən də həmin an əsəbləşərək söyüş söydüm. Ondan sonra adıçəkilən mesajları yazmışam.
Bir dəfə öpüşmə səhnəsi zamanı mənə: "Sən fahişə obrazlarını sevirsən", - dedi. Mən də əsəbləşdim. Axşam da serialdan ayrılmaq istədiyimi dedim. 52-ci seriyaya qədər müqaviləm olduğu üçün onu bitirib layihədən ayrıldım. Məndən sonra reytinqlərdə gerilədilər deyə Erkan Petekkaya reklam üçün məni təhrik edəcək açıqlamalar verdi. Mən də cavab verdim".
Hakim E.Petekkayanın vəkili vasitəsi ilə məhkəməyə ərizə göndərdiyini və şikayətindən imtina etdiyini açıqlayıb.
Nurgül də: "Şikayəti geri götürməsini qəbul edirəm. Təəccübləndim, çox qəribədir. Tez buradan gedək, çox həyəcanlandım", - deyib. Yeşilçayın vəkili də: "Müdafiə üçün çox hazırlaşmışdıq", - deyərək təəccübünü gizlətməyib.
Hakim məhkəmə prosesinin qüvvədən düşdüyünü deyib.
Hakim sonda Nurgülə: "Türkiyənin tanınmış insanlarısınız. Biz sizi sevgi ilə izləyirik. Sizi burada görmək bizi çox kədərləndirir. Davanın belə bitməsi şəxsən məni çox xoşbəxt edir", - deyib.