Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilən növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılaraq, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Azərbaycan şou-biznesinin nümayəndələrindən Əməkdar artist , bəstəkar-müğənni Elza Seyidcahan buna özünəməxsus tərzdə cavab verib.
Belə ki, o, “Mən avtomobil idarə edən adam kimi benzinin havayı olmasını istəyərəm. Amma bu mümkün deyil. Mənim üçün benzin nə qədər ucuz olarsa, bir o qədər yaxşıdır. Çünki benzin mənə hava-su qədər vacibdir. Yəni benzin mənə hamıdan çox lazımdır. Bütün maşını olan insanlar istəyər ki, benzin ucuz, ya da havayı olsun. Lakin əgər qiymətlərdə dəyişiklik baş verirsə, deməli, bunun da öz səbəbləri var. Bunu mən də hamı kimi qarşılayıram. Doğrudur, narahat oluram, amma neyləməli, əsas odur ki, sülh olsun, müharibə baş verməsin, təbii fəlakətlər, aclıq olmasın. Pis günlərimizə sevinməyək. Elnən gələn qara günü toy-bayram edək. Bu yaxınlarda da mənim adımdan benzinin bahalaşmasıyla bağlı içimizdən olan bədxahlar şeir yazıb. Amma mənim belə bir şeirim yoxdur. Adımdan tərbiyəsizcəsinə şeir yazıb paylaşırlar. Qəribə də burasındadır ki, mətbuat da həmin qaynağı bilinməyən şeiri tirajlayıb. Artıq məhkəməyə müraciət etmək üçün sənədləri hazırlayırıq. Benzinin bahalaşmasından stress keçirməməyin çarəsini də tapmışam. Tezliklə velosiped sürməyə keçəcəm. Cana da, cibə də faydası var. Həm sağlamlıqdır, həm də benzinə ehtiyac olmur. Qəza vəziyyəti də yaratmır. Ekologiyaya ziyan da vurmur. Hər dərdin çarəsi var. Gündəlik velosipeddən istifadə edəcəm. Həftədə bir dəfə isə avtomobil idarə edəcəm. Mən baş verən bütün proseslərdə hər bir halda Allaha şükr edirəm, dövlətimizə isə təşəkkürümü bildirirəm. Hər pislikdə bir xeyir var”.
Şou-biznesin bərkgedənlərindən isə yalnız Əməkdar artist Röya Ayxan özünün instaqram səhifəsində benzinin qiymətinin qalxması ilə bağlı narahatlığını qeyd edib. Belə ki, əməkdar artist bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən qiymət artımına narahatlıqla belə münasibət bildirib: “Qiymətlər qalxır, necə olacaq bunun axrı?”.
Qeyd edək ki, iyulun 14-ü Tarif (qiymət) Şurasının qərarı ilə “Aİ-92” markalı benzinin pərakəndə qiyməti 0.20 manat məbləğində qaldırılıb. Şuranın qərarına əsasən, 15 iyul tarixindən “Aİ-92” markalı benzinin qiyməti 0.90 manat təşkil edir. Tarif Şurasından bildirilib ki, bu addım Azərbaycanda istehsal edilən motor yanacağının Avropa səviyyəsinə çatdırılması, ekoloji vəziyyətin stabilləşdirilməsi və əhalinin artan ehtiyaclarının təminatı məqsədi ilə atılıb.