Əməkdar artist Bəsti Sevdiyevanın Milli.Az-a müsahibəsi.
- Bəsti xanım, uzun illərdir sənətdəsiniz. Bu illər ərzində sizi sənətdən bezdirənlər olubmu?
- Heç kim məni sənətdən bezdirə bilməz, Allahdan başqa. Bəndə kimdir ki? Mənim qorxum yalnız Allahdandır. Bəzən paxıllıqdan bilməyiblər ki, sənə necə pislik etsinlər. Başımın üstündə həmişə Allah olub. Bütün pisliklərdən uzaq olmuşam. Efirdən çıxıb, evimə gəlmişəm. Mənə zəng edib deyiblər ki, filan həmkarınız zəng edib, deyir ki, onu niyə elə qəşəng göstərirsiniz? Onu niyə efirə dəvət etmisiniz? Bunları etmək çox ayıbdır. Gör, Allah o insanları nə günə qoyub. Mən həmin insanlara bədbəxt insan deyirəm. Sən kimsən ki, kiminsə hara gedib-getməməsinə mane olasan?
- Olmaya pislik etmisiniz o insanlara?
- Mən heç kimə bir pislik etməmişəm. Yəqin gözəlliyimi boyumu-buxunumu gözləri götürmür. Neyləyim ki, anam məni belə gözəl-göyçək dünyaya gətirib. Özümü öldürməliyəm? Mən neyləyim ki, sən məni həzm edəsən? Allahın verdiyi görkəmə görə gecə-gündüz şükür edirəm. Həyatımdan yerdən-göyə qədər razıyam.
- Səkinə İsmayılova ilə çox yaxın rəfiqəsiniz. Xanəndələr arasında da qruplaşma olur? Olmaya sizi gözü götürməyənlər həmkarlarınızdan biridir?
- Mən heç vaxt onların adını çəkmərəm. Çünki həmin insanlar mənim üçün yox dərəcəsindədirlər. Onları saymıram, özümə yaxın buraxmıram. Mən onlara iyrənc gülüşlərlə gülürəm. Qoy elə də məhv olsunlar. O ki, qaldı Səkinə xanıma. Səkinə İsmayılova mənim həcixanım bacımdır. O mənə digərlərindən daha doğma və yaxındır. Sənətkar kimi də görünən kəndə bələdçi lazım deyil. Mənim üçün əziz və doğma olan insanların uğurlarına sevinirəm. Sənətin böyüklüyü olan yerdə mən həmişə varam. Biz onunla birləşməmik, qruplaşmamışıq, sadəcə biz bir-birimiz üçün dəyərliyik. Qruplaşmalar şou aləmində olur. Bizə belə şeylər yaddır. Mən sənətə qalmaqalla gəlməmişəm ki, kimlərləsə qruplaşım. Buna nəinki mən, mənim ailəm də pis baxar. Mən sənətə özümdən böyüklərə hörmətlə gəlmişəm. Təbii ki, böyük də öz yerini bilib, hörmətini saxlayırsa.
- Bir qrup xanəndələr xalq artisti Canəli Əkbərova qarşı birləşib. Burada artıq qruplaşma var. Siz kimin tərəfindəsiniz?
- Mən o barədə heç nə danışa bilmərəm. Çünki aralarında olan intriqanın səbəbini bilmirəm. Yoldaşım dağdan ağır adamdır, o mənə bu cür qalmaqallara münasibət bildirməyi qadağan edib. Mənim bir əqidəm var, o da sənətimlə məşğul olmağımdır. Sənətə belə gəlmişəm, belə də gedəcəyəm.
- Yoldaşınızla olan sevginiz dillərə dastan olub. Yeni ailə həyatı quranda sizə qadağaları olurdu?
- Xeyr, o məni səhnədə görüb bəyənmişdi. Elə şey olardı ki, mənə qadağa qoysun. O vaxtı desəydi ki, sənəti at, oxuma, oxumazdım. Çünki mənim üçün ailədən önəmli heç nə yoxdur. Göydə Allahdır, yerdə də mənim ailəm. Ailəmi heç nəyə dəyişmərəm.
- Ailəsini sənətinə qurban verən məşhurlar da kifayət qədərdir.
- Mən kiminsə yerinə danışa bilmərəm. Çünki hər kəsin ailə problemi var. Sənətə yeni gələn cavan qızlarımız mənə həmişə bir örnək kimi yanaşıb, məsləhətlərimi dinləyib. Sənət mənə deyir ki, ailəni qurban ver? Bu sözü heç cürə qəbul edə bilmirəm. Ailəm də var, sənətim də. Mənim 3 övladım var, birinci övladım muğamdır. Çünki mən muğam oxuyanda övladlarım yox idi. O biriləri isə Ayxan və Aytacdır.
- Bu günlərdə nənə oldunuz. Nəvənizin sizə necə müraciət etməsini istərdiniz?
- Allah bütün qızları xoşbəxt etsin. Çünki qız "kəsikdir". Qızlar adətən anaya bağlı olurlar, amma mənim qızım məndən çox ataya bağlıdır. Bəziləri deyir ki, nəvəm mənə xanım deyə müraciət edir. Mən bu sözlə razı deyiləm. Nəvəm mənə niyə Bəsti xanım deməlidir ki? Dil açıb elə "Bəsti nənə" desə ürəyim gedər (gülür).
- Oğlunuzu nə vaxt evləndirməyi planlaşdırırsınız?
- Oğlumu da evləndirəcəyəm, amma hələ ki, baxırıq. Hamı deyir ki, artıq vaxtıdır, evləndir. Mən ona qız axtarmıram, əsas özü bəyənsin. İnanıram ki, oğlum da seçimində yanılmayacaq. Allah hamının balasını xoşbəxt etsin!