Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycandilçiliyi kafedrasının mütəxəssisləri teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar.
Metbuat.az-ın məlumatına görə, iyun-iyul aylarını əhatə edən monitorinqin nəticəsinə əsasən hazırlanan hesabatda Azərbaycanın ədəbi dilinin normalarını pozan aparıcıların adları açıqlanıb.
Hesabata əsasən, “Space” telekanalında yayımlanan “Hər səhər”in aparıcısı Kəmalə Hüseynova verilişlərin birində belə bir fikir səsləndirib: “İndi studiyamıza mənim də çox sevdiyim, hətta o, mahnılarını oxuyanda həmişə verilişlərimdə birdən fikirləşirəm ki, kontrolumu itirirdim hərdən (söz sırasının pozulması)”.
Bundan başqa, xanım aparıcı bir neçə verilişində də ədəbi dil normalarını pozub:
– Çox gözəl mahnıdır. Əsas da insanı nə belə yuxarılara qaldırır ruhunu onun sözləri (Əsas da onun sözləri insanın ruhunu çox yüksəklərə qaldırır) (söz sırasının pozulması).
– Tərbiyəsizlik deyəndə çox bir şey (bir çox şey) yada düşür (söz sırasının pozulması).
– Ay salam meleykim, necəsiniz? Xoş istirahətlər sizə (Sizə xoş istirahətlər) (söz sırasının pozulması).
Eyni zamanda “Lider” TV-də yayımlanan və Gövhər Heybətlinin apardığı “Tezdən oyan” verilişində də ədəbi dil normaları pozulub:
– Saç yağlarını siz istifadə edə bilərsiniz çox az, yəni 2 damcı kifayət eləyəcək saçlarınıza (söz sırası pozulub).
– Nuraya təşəkkürümüzü bildiririk, çünki çox maraqlı hava haqqında məlumatı təqdim edir bizim üçün hər dəfə (söz sırasına riayət olunmaması mənaya xələl gətirir; maraqlı olan hava deyil, məlumatdır).
Bundan başqa, ATV-də yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də ədəbi dil normalarını pozanlar sırasındadır:
– O olmasaydı, bu gün biz, bəlkə də, böyük sənətkarın yerini boş görəciydik [görəcəx´dix´]. Həyqətən [həqiqətən], bəlkə, nə yaxşı ki, belə oldu, – deyirik [deyirix´].
– Sizin qardaşınız, hansı ki əyağınızdan [ayağınızdan] sizi bir dəfə bağlamışdı ki, deməli, Mələyxanım [Mələx´xanım] oxumağa çox meyilli adam hər zaman əyağından [ayağınnan] götürür qardaşı bağlıyır onu çarpayıya ki, bu heç yana getmiyəcək [getmiyəcəx´].
Telekanalın başqa bir aparıcısı Mətanət Əliverdiyeva “5 gəlin” verilişində ədəbi dil normalarına riayət etməyib:
– Padsvet (bir-birinə uyğun) geyinib bu gün. Padsvet (bir-birinə uyğun) var, padsvet (bir-birinə uyğun) ha. (varvarizm)
– Kareyski (kareyaca) oxudum e. Kareyski (Kareya) salat eliyəcəyik, bəli. (varvarizm)
“Xəzər” TV-də yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram”, həmçinin “Bizə danış” verilişlərində də ədəbi dilin normaları gözlənilməyib:
– Cavab verim də, Qəzənfər müəllim, yaxşı döyül [deyil]. Mən qorxuram kı…[ki]
– Ümid edirəm ki, bu xəbərdən sonra [so:ra] həyatınız dəyişilməyəcəkdir.
– …qidalanma problemi olan uşaqların müalicəsi mə.də [mə:də] xəsdəlikləri [xəsdəlix‘ ləri], mə.dəaltı [mə:dəaltı ] vəzi xəstəlikləri…. və s. xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.
Həmçinin, Xəyalə İntiqam ARB TV-də apardığı “Şou məkan” verilişində “Ürəyi ilə baxıb gözünü yuman bəzi ulduzlar həmkarlarının kim olduğunu hesablamağı əla bacarırlar, eşitdikləri və baxıb görə bilmədikləri ilə hərəkət edən məşhurlar isə görməyəcək desinlər ( məntiqsiz söz oyunu)” cümlələrdə ədəbi dilin normalarını pozublar.
Qeyd edək ki, hesabatda digər aparıcıların da adları var.