Nə qədər yayın gəlişini, dənizdə, “beach club”larda türkiyəli müğənnilərinin ritmik mahnılarından hiss etsək də, bu dəfə bizi təəccübləndirən yay ərzində ard-arda çıxan yerli mahnılar oldu.
“Promotion”u daha da güclü etmək üçün əsl yay dadında klip çəkdirən ifaçılarımız Yutubda rəqabətə girdi. Kimi bu müharibədən üzü ağ, kimisə üzü qara çıxdı.
Publika.Az olaraq tanınmış rejissor və aktyor Kamran Ağabalayevlə yeni çıxan kliplərimizi müzakirə etdik. Sual edə bilərsiniz ki, niyə klip çəkilişilə məşğul olan rejissor yox, Kamran Ağabalayev? Cavab sadədir: "Qərəzli yanaşılıb” deyən olmasın deyə.
Beləliklə, ilk olaraq əməkdar artist Tünzalə Ağayevanın Leyla Əliyevanın sözlərinə oxuduğu “Не бойся...” adlı mahnının klipindən başlayırıq. Kamera ilə sözün əsl mənasında ünsiyyət quran xanım Ağayeva üzünün işlək rakurslarını çox yaxşı bilir. Klipin Xınalıqda çəkilməsi və yerli əhalinin səmimi görüntülərinin yer alması ekran işinə rəng qatıb.
Yeni klipi “Həyatıma xoş gəldin”lə içimizi sərinlətməyən Nuri Sərinləndirici yutubda 3.8 milyon dəfə izlənilib. Yenə “klişe” “pulum var, klip çəkdirirəm” tərzində qarşımıza çıxan Nurinin yeni ekran işində bir neçə səhv var. Klipin başlanğıcında ad yazılarkən seçilən “font”da “Ə” hərfinin digərləri ilə uyğunluq təşkil etməməsi gözə çarpır. Klipin ssenarisi isə sözün əsl mənasında “faciədir”. Nuri Ceynlə mesajlaşarkən Dominikana onun yanına gələcəyini söyləyir, qız isə buna əhəmiyyət vermir. Sevgilisindən cavab ala bilməyən Nuri isə “ürəkli” çamadanı ilə hava limanından Dominikana yollanır. Yolboyu Ceynin şəklini Dominikan xalqının nümayəndələrinə göstərən aşiqimiz Ceyni tapmayıb, yerli əhalidən zənci bir xanımla tanış olur. Ölkəyə hansı məqsəd üçün getdiyini unudan Nurinin isə macərası bununla sonlanır. Klipin sonunda Ceyni dominikanlı bir bəylə eyni kadrlarda görmək istəsək də, bu bizə qismət olmur.
Uzun fasilədən sonra səssizliyini pozan Xalq artisti Zülfiyyə Xanbabayevanın “Melancholia”sı sosial mediada ajiotajla qarşılandı. Klip xeyli istifadəçi tərəfindən bəyənildi və paylaşıldı. Ekran işi əsasən, 1940-1950-ci illəri əhatə edən az işıqlı və ağ-qara Hollivud filmləri tərzində, yəni, nuar janrında çəkilib. Nəticədə isə zövqlü iş ortaya çıxıb.
Mərhum müğənni Şəfanın vaxtilə möhürünü vurduğu mahnıları ifa edərək sosial mediada məşhurlaşan Damla da siyahımızda yer alır. Sonradan televiziyaya inteqrasiya etməklə həmkarlarından geri qalmayan Məsumə Məmmədova Dj Roshka ilə İstanbulda klip çəkdirib. “Vur ürəyimdən”lə tamaşaçıları ələ almağa çalışan ifaçının Hande Yener “lələk”ləri, uğursuz montaj həlli, zövqsüz geyimlər və rakurslarla dolu olan bu klipi sevilmədi ki, sevilmədi.
Sözsüz ki, sosial medianın haqqında ən çox paylaşım edilən gənc xanım müğənnisi Səmra Rəhimlidir. Öz “rəhmsiz” geyimləri ilə gənclərin ürəyinə od salan ifaçı bu ənənəsini “Badminton” klipində də davam etdirib. Vyanka tərzi, əsl klub ab-havasında olan klipi ilə qarşımıza çıxan sənətçi “tverk” rəqsini yaxşı ifa edə bilməsə də, ekran işinin effektləri və rəngləri ilə sözünü deməyi bacarıb.
Azərbaycan pop musiqisinə öz fərqli tərzini yansıdan Əməkdar artist Sevda Ələkbərzadə “Şahzadə” adlı “cover” mahnıya çəkdirdiyi ekran işi ilə sıralamamızda öz yerini alır. İfaçının klipində son zamanların dəbi olan kişi erotizmi ön plana çıxıb. İfaçının geyimində etnik və milli dəbin modern tərzdə öz əksini tapması isə klipə xüsusi rəng qatıb.
Səbinə Əskərova “Günün aydın” mahnısına Anar Hüseynovun rejissorluğu ilə klip çəkdirib. Ekran işində diqqət çəkən məqam “Bizim Cəbiş müəllim” filminin məhəlləsində çəkilməyi və rəngarəng görüntülər oldu.
Çox təəssüf ki, Natavan Həbibi Murad Arifin bəstəsi olan “Sənə”yə çəkdirdiyi kliplə bizi təəccübləndirməyi bacarmır. Mimikalarının səmimi alınmaması, standart dəniz mənzərəsi klipi sıxıcı edib.
Son illərin parlayan və keyfiyyətli işlərə imza atan ifaçısı Günay İbrahimlinin “O kimdir ki?” klipinin rəngləri yaxşı olsa da, məkan seçimləri uğurlu alınmayıb. Günayın rəqqas qızlarla olan kadrlarında isə müəyyən səhvlər nəzərə çarpır.
Çox güclü səs tembrinə malik Samirə Əfəndi “Я ТАНЦУЮ” adlı klipində rəqsləri və geyimləri ilə diqqət çəkməyi bacarıb. Müğənni yeni işlərində daha yaxşı klipmeykerlər seçərsə, uğurlarının ardı da gələr.
Əsl yay görüntülərinin hiss olunduğu klip isə Nura Surinin “Mazaxisto” mahnısından gəldi. Klipin fərqli edən digər səbəb isə onun “İphone 7” ilə, özü də ifaçının oğlu Möhsen Suri tərəfindən çəkilməyi oldu. Klipin montajı isə Hüseyn Qəribov tərəfindən edilib.