ATV-də yayımlanan bir neçə serialın rejissoru olan Ramin Hacıyev bundan sonra Xəzər TV-də çalışacaq.
“Bacanaqlar”, “Qız atası” və “Qardaşlar” serialının rejissoru olan Ramin Hacıyev Xəzər TV-də də bir neçə komediya serialının rejissoru və aktyoru olacaq.
Ramin Hacıyev Yenicag.az-a müsahibəsində məsələyə aydınlıq gətirib və yeni işindən danışıb.
– Deyilənə görə, ATV-dən getməyinizə səbəb telekanal rəhbərliyi ilə aranızdakı pul söhbəti olub?
– Qətiyyən. Mənim nə rəhbərliklə, nə də oradakı dostlarımla heç bir problemim yoxdur. Günü bu gün də gedib, köhnə dostlarımla çay içə bilərəm.
– Bəs onda səbəb nə oldu ki, illərlə bərabər çalışdığınız “Komedi” prodakşından ayrıldınız?
– Fikirayrılıqları, daha da irəli getmək istəyi və s. Məhəbbət olmaqdan bezdim. İstədim bir qədər də irəli gedim, fərqlilik olsun. Nə qədər eyni yerdə, eyni kresloda oturub, paslanmaq olar axı? Yeniliklər lazımdır. Məsələn, film çəkmək istəyirdim, amma alınmırdı.
– Niyə?
– Prodakşında beş nəfər idik, bir iş görəndə hamımız razılaşmalıydıq. Məsələn, mən film çəkmək istəyirdim, digər dörd nəfər buna etiraz edirdi. Başqa bir telekanaldan təklif gəldi, razılaşdım. Daha doğrusu, Xəzər kanalına transfer oldum.
– Siz həm rejissor idiniz, həm də aktyor… İndi “Bacanaqlar”da Sevdanı Məhəbbətsiz qoyacaqsınız?
– Ataların belə bir deyimi var ki, müqəddəs yer boş qalmaz. Serialı başqa rejissor davam etdirəcək. Sevdanın da dərdindən başqaları dəli olsun. O mənsiz qalacaq.
– Xəzər TV-dəki işləriniz barədə danışardınız?
– İki serial üzərində iş gedir. “Xalxın evi” və “Ailəcanlı” adlı serialları yeni mövsümdə görəcəksiniz. Çox maraqlı olacaq.
– Özünüz də çəkiləcəksiniz?
– Bəli. Məhəbbəti Mübarək əvəzləyəcək.
– Bu seriallarda köhnə komandadan kimlərsə olacaqmı?
– Heç birini də dəvət etmədim. Çünki istəmədim ki, ortada narazılıqlar, incikliklər olsun. Birini çağıracaqdım, digəri narazı qalacaqdı. Yeni komanda ilə işləyəcəm.
– Bu seriallarda peşəkar aktyorlardan kimləri görə biləcəyik?
– Xalq artisti Ramiz Novruz, əməkdar artist Cingiz Əhmədov və başqalarını.