Əməkdar artist Nəsibə Eldarovanın Milli.Az-a müsahibəsi.
- Nəsibə xanım, teatr aktrisası kimi uzun illərdir ki, səhnədəsiz. Amma son zamanlar çəkilən seriallar sizi tamaşaçılara daha da sevdirdi. Özü də mənfi rollarla. Sizcə, tamaşaçıların sevgisini qazanmısız, yoxsa nifrətini?
- Mənfi rolla nifrət qazanmağın özü də tamaşaçı sevgisidir. Hərdən tanış-bilişlə xəbər göndərirdilər ki, mənə çox acıqlıdırlar. Sevinirdim, deməli, tamaşaçını inandıra bilmişəm. Amma şəhərdə rastlaşdığım tamaşaçılarım, xüsusən də yaşlı nəsildən olan qadınlar məni saxlayıb, o qədər razılıq eləyir, o qədər xoş sözlər deyirdilər ki, hətta çaşırdım. Bir qadının sözləri hələ də yadımdan çıxmayıb. Həlim çöhrəli bir qadın idi, əlini sinəsinə qoyub pıçıldadı: "Ürəyimdən deyirsən, bacı, mənim deyə bilmədiklərimi deyirsən". Bax, belə də olur, hər insan öz mövqeyindən hökm yürüdür.
- Əslində, çox kövrək, hamının halına acıyan insan xarakterinizin olduğunu bilirəm. Son serialda sizi çox qəddar qadın rolunda gördük. Qəddarlaşanda bunun təsirindən necə çıxırsız?
- Rolum haqqında soruşursuz, ya özüm haqda? (gülür).
- Təbii ki, rol haqda...
- "Məryəm" serialındakı Nəsibə xala rolu qəddar deyil, sadəcə tez alışıb yanan, təsir altına düşən sadəlövh qadındır. Əməli düşüncəsindən öndə gedir.
- Ümumiyyətlə, sizi təsir altına salmaq asandır, yoxsa siz təsir altına salırsız? Təsiretmə qabiliyyətiniz varmı?
- Xeyr, insanlara təsir etməyi sevmirəm. Ümumiyyətlə, bunu pis xüsusiyyət hesab edirəm. Özümə gəldikdə isə... Hərdən olur. Əsasən, çox sevdiyim, etibar etdiyim adamların təsirinə düşürəm. Bunun düzgün olmadığını əvvəldən bilsəm də, onların xətrinə dəymək istəmirəm. Təbii ki, sonu peşmançılıqla bitir.
- Həyatda çox peşmançılıq çəkmisiz?
- Bəli, çox peşmançılıq çəkmişəm. Amma nə fayda? Yeni olanı dəyişmək, keçəni qaytarmaq olmaz.
- Həyatda təsəlli ilə yaşamaq çətindir?
- Mən buna təsəlli yox, yük deyərdim. Yükümü həmişə özüm daşımışam, ömrümə nə qədər yazılıbsa, daşımağa da davam edəcəyəm.
- Bir müddət bu yükü tanınmış rejissor, həyat yoldaşınız Hüseynağa Atakişiyevlə daşıdınız. Bəlkə də ən xoşbəxt illərinizi o vaxt yaşadınız. Düşünürsünüzmü ki, xoşbəxtliyinizə göz dəyib?
- Siz dediniz, mənim ağlıma batdı. Uf, bu gözü götürməyənlər!!!
- Deməli, göz dəydiyinizi düşünürsünüz?
- Xeyr, sadəcə, cavab vermək istəmədiyim sualın üzərindən yüngül yumorla keçməyi tərcih etdim.
- Amma əslində?
- Əslində, nə olduğunu kim bilə bilər? Mənsə məntiqsiz fərziyyələrin əleyhinəyəm.
- Gənclər Teatrında bir çox qadın rolları oynamısız. Hansında öz taleyinizi yaşamısız?
- Heç birində. Mənim həyatım hər zaman özəl olaraq yalnız özümə aid olub.
- "Kaş ki" dediyiniz hallar çox olub?
- Çox olub. Hərçənd bunun faydası olmadığını bilirəm. Dünən artıq keçmişdir, sabahsa naməlumdur. O ki qaldı ümüdə, düzü, mənim sabahdan o qədər də çox tələblərim yoxdur. Əlimdə qalan bu gündür, mən də, sadəcə, onu yaşayıram. İstərdim ki, teatrda yaxşı rollarım olsun, filmlərə, seriallara dəvətlər alım. Bütün boşluqları yalnız işim doldura bilir.
- Nəyi etiraf etmək sizə hər dəfə çətindir?
- Çox şeyi. Amma ona görə yox ki, qorxuram, ya daha nəyə görəsə. Sadəcə, hər bir insan elə bir mərhələyə çatır ki, hər sözü, hər xatirəsi, hər hissi onun üçün çox qiymətli olur və onları naməlumların məhkəməsinə atmaqdansa özündə saxmalamağa üstünlük verir.
- Başınız çox faciələr çəkib, həyat yoldaşınızı və övladınızı vaxtsız itirmisiz. Amma bütün bunlara rəğmən üzünüz gülür. Bəlkə də sizin yerinizə kim olsaydı, bütün bu dərdlərə tab gətirə bilməzdi.
- Hər zaman ağlayıb-sızlayan adamları sevmirəm. Öz dərdim yalnız özümə aiddir. Necə olmasa da axı mən ictimai şəxsəm.
- Nədənsə bir çox suallardan yayınırsınız. Yaşa dolduqca fikirləriniz dəyişir, yoxsa qınanmaqdan qorxursuz?
- Qınansam, mənə nə olacaq ki? Dedim axı, fikirlərimə qısqanclıqla yanaşıram, bölüşmək istəmirəm. Qoy hər kəs öz yolunu keçsin. O ki qaldı yayınmağa, siz bilirsiniz axı, mən bu işdə mahir siyasətçiyəm (gülür).
- Yeni rollara dəvət gəlibmi?
- Var idi, amma imtina etdim.
- Niyə, yoxsa siz də kaprizlisiz?
- Eyni ilə "Məryəm" serialındakı rol idi. Tamaşaçının gözünü dəyənək etmək olmaz. Fasilə lazımdır ki, unutsunlar. Yoxsa bu yaradıcılıq yox, konveyer olar.
- Amma sizin yerinizə kim olsaydı, razılaşardı.
- Hərə özünə cavabdehdir. Onların ailəsi var, çörək pulu qazanmalıdırlar.