Ailəsi ilə birlikdə 14 il Azərbaycanda yaşayan və sonradan ABŞ-a geri dönən amerikalı musiqiçi Kendra Moriah sosial şəbəkədə tez-tez ölkəmizlə bağlı paylaşımlar edərək, musiqimizi, xörəklərimizi, insanlarımızı sevdiyini bildirir.
Mynews.az Oxu.Az-a istinadən Kendra Moriah ilə müsahibəni təqdim edir:
- Sosial şəbəkələrdə sizi izlədiyim qədərilə 14 il ailənizlə birlikdə Azərbaycanda yaşayıb, daha sonra ABŞ-a geri dönmüsünüz? Ölkəmizə gəlişinizin və sonradan ABŞ-a qayıtmağınızın səbəbi nə ilə bağlı idi?
- Azərbaycana 1992-ci ildə ailəmlə birlikdə, 4 yaşımda gəldim və 14 il Bakıda yaşadım. Atam ingilis dili müəllimi kimi Bakıda Tədris Mərkəzini açdı. Anam isə musiqiçidir və o, mənə oxumağı və gitarada ifa etməyi öyrətdi. İki kiçik bacım və bir qardaşım var. Qardaşım, əslində, azərbaycanlıdır, onu körpə olanda övladlığa götürdük. 2006-cı ildə isə ABŞ-a universitetdə oxumaq və musiqi öyrənmək üçün qayıtdım.
- Uşaq yaşlarından burada yaşamağa uyğunlaşdınız, ABŞ-a köçəndə mühit və cəmiyyət dəyişkənliyi sizə necə təsir etdi?
- ABŞ-a qayıtmağım əvvəlcə mənə çox çətin gəldi. Azərbaycan üçün, xüsusilə də dostlarım və Azərbaycan yeməkləri üçün çox darıxırdım. Azərbaycan mətbəxini çox sevirəm. Buranın mədəniyyəti isə çox fərqlidir və ona öyrəşməyim bir qədər vaxt apardı. Lakin indi iki ölkəni də çox sevirəm və Azərbaycanı fəxrlə öz evim adlandırıram.
- Mütəmadi olaraq “Instagram” və “Facebook” səhifələrinizdə Azərbaycanla bağlı maraqlı paylaşımlar edirsiniz. Bəzən bacınız Aleksi də sizə qoşulur. Ölkəmizlə bağlı təəssüratlarınızı bilmək istəyərdik...
-Çox xoşbəxtəm ki, dostlarımın mahnılarımdan və qısa videolarımdan xoşları gəlir. Azərbaycan dilində daha çox mahnı bəstələmək istərdim, çünki nə vaxtsa Bakıya gəlib, orada mahnılarımı Azərbaycan dilində ifa etməyə ümid edirəm. Yaşayıb, boya-başa çatdığım yerləri yenidən görmək arzusundayam. Bakıda yaşadığım zaman ilk mənzilimiz “Bakı Soveti” stansiyasının (indiki “İçəri Şəhər” st.) yanında idi, sonra isə Badamdara köçdük. Məzuniyyət zamanı Altıağac, Şəki və Qaxa getməyi sevərdim. 7 yaşımdan Bakı Xoreoqrafiya Məktəbində təhsil almağa başladım. Musiqi, balet, incəsənət və Azərbaycan dilini məhz akademiyada öyrəndim. Əlifba bayramında ilk mahnı ifa etməyim hələ də yadımdadır. O yerləri yenidən gəzməyi çox istərdim.
- Qarabağ həqiqətləri haqqında nə bilirsiniz?
- Təəssüf ki, ölkəni çoxdan tərk etdiyim üçün Qarabağdakı mövcud vəziyyət haqqında xəbərim yoxdur.
- Azərbaycanlı şəxslə ailə qurmaq istəyərdiniz?
- Artıq Los-Ancelesdə nişanlım var (gülümsəyir).
- Sizcə, ABŞ-la Azərbaycanı birləşdirən ortaq cəhət nədir?
- İndi yaşadığım yerlə (Kaliforniya) Azərbaycan arasında çox oxşarlıq var. Ən əsas ortaq cəhət isə incəsənət və musiqiyə qarşı olan sevgidir. Azərbaycan musiqisini, rəqslərini və poeziyasını çox sevirəm. Los-Ancelesdə də çox maraqlı rəssam və musiqiçilər var.
- Bildiyim qədərilə, musiqi ilə məşğul olursunuz. Fəaliyyətiniz barədə məlumat verə bilərsiniz?
- Bəli, mən müğənni və mahnı müəllifiyəm. Həyatım və həyat təcrübəm haqqında mahnı yazmağı sevirəm. Bəzi vaxtlar mahnı bəstələyib, onu gitarada təkbaşıma və ya musiqi qrupumla birlikdə ifa edirəm. Həmçinin bacılarım, sevgilim və Kaliforniyalı dostlarımla musiqi ilə məşğul olmağı sevirəm. Hal-hazırda bir neçə layihə üzərində işləyirəm və yaxınlarda onları Azərbaycanın gözəl xalqı ilə bölüşməyimi çox böyük həyəcanla gözləriyəm.