Xəbər verdiyimiz kimi, qan xərçəngdən əziyyət çəkən rejissor Şahin Zəkizadə bu gün vəfat edib.
Ş.Zəkizadə sabah Maşatağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunacaq.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, rejissor verdiyi müsahibələrdə anasının da xərçəng xəstəliyindən vəfat etdiyini bildirmişdi. Rejissor xəstəliyinin ağır oldğunu, ölümdən qorxmadığını, lakin həyata keçirmək istədiyi çox arzularının olduğunu da etiraf etmişdi.
"Xəstəliyimlə də mübarizə aparmağa çalışıram. Amma bilmirəm buna tam gücüm çatar, ya yox. Mən bircə Allahımdan ümidimi kəsmirəm. İnşallah ki, yaxşı olar. Düzdü, bunu deyirəm, eyni zamanda içimdə bir səs də məni qorxudur ki, sona gəlmişik! Etiraf edim ki, ölmək istəmirəm. Ona görə yox ki, ölümdən qorxuram. Ona görə ki, yaşamaq üçün səbəblərim var. Çatdıra bilmədiyim, amma həyata keçirmək istədiyim arzularım var".
Şahin Zəkizadə 3 dəfə evli olub. Onun ilk nikahından 6 yaşında bir qızı, Səbinə Babayeva ilə sonuncu nikahından isə Seyid-Əli adlı bir oğlu var.
Ş.Zəkizadə "Yüz Kağız" adlı tammetrajlı filmin, "Həkimlər" serialının, "Ziyarət" sənədli filmin, eləcə də Faiq Ağayevin "Sən Elə Bilirdin", "Biləydin kaş", "Neyləyim" kimi mahnılarının, həmçinin Çingiz Mustafayevin "Ad günü" klipinin rejissorluğunu edib. Bundan başqa Ş.Zəkizadə uzun illər telezviziyada çalışıb.