Kamil də, mən də yaranan məsələlərin baş verməsini azrulamazdıq. Bu, xanımın təşəbbüsü ilə yaranmış hadisədir, burada ilk addımı Kamil atmayıb. Mətbuatdan əldə etdiyimiz məlumatlara görə, qarşı tərəf məhkəməyə müraciət edib. Bu, onların hüququdur.
Mynews.az xəbər verirki, bu sözləri məşqçi Kamil Zeynallının vəkili Asif Abdullayev jurnalist Əfruzə Ağayeva ilə məşqçi arasında baş verən problemdən danışarkən oxu.az-a bildirib.
"Həmin xanım məsələ ilə əlaqədar, ilk növbədə, polis bölməsinə müraciət edib. Polis əməkdaşları baş verənləri araşdırmaq üçün Kamili də şöbəyə çağırıb. Hər hansı cinayət yönümlü hadisə baş vermədiyindən xanımın müraciətinə baxılması üçün digər aidiyyəti qurumlara şikayət etməli olduğu bildirilib", - deyə vəkil əlavə edib.
- Jurnalist iddia edir ki, Kamil Zeynallı onu təhdid edir...
- Bunu təsdiq edə bilmərəm. Düşünmürəm ki, belə bir hal baş verib. Əgər xanım belə iddia edirsə, aidiyyəti qurumlara müraciət edəcək və məsələ araşdırılacaq.
- Kamil Zeynallının sosial şəbəkədə "Nə məhkəmədən, nə də polisdən qorxuram" kimi ifadələr yazması mətbuatda böyük səs-küy doğurdu...
- Kamil bunu mətbuatda qələmə verilən formada demək istəməyib. Kamil demək istəməyib ki, mən hüquq-mühafizə orqanlarından qorxmuram, mənə heç kim, heç nə edə bilməz. O, birinci növbədə bildirmək istəyib ki, qanunazidd hərəkət etməyib. İkincisi isə məhkəmənin qərarı nə olursa-olsun, o, buna hazır olduğunu, çıxarılan qərara hörmətlə yanaşacağını söyləmək istəyib.
- Əfruzə Ağayeva məhkəmədən K.Zeynallının ondan sosial şəbəkə və KİV vasitəsilə üzr istəməsini tələb edir. Əgər məhkəmə jurnalistin lehinə qərar qəbul edərsə, məşqçi bununla razılaşacaq?
- Kamilin çıxarılacaq qərardan şikayət etmək hüququ var. Nəticə elə ola bilər ki, biz həmin qərarı qəbul edə bilmərik. Onda yuxarı instansiyalara müraciət edəcəyik.
- Kamil Zeynallının məsələni sülh yolu ilə həll olunması üçün addım atmaq fikri varmı?
- Ailəcanlı kişi olaraq, o, məsələnin bu yolunu istisna etməz. Düşünmürəm ki, o, hansısa prinsipial mövqedən çıxış edər. Bu, mənim fikrimdir. Kamillə bu barədə heç nə danışmamışıq.
Sonda vəkil əlavə edib ki, Kamil Zeynallı yaranmış məsələ ilə əlaqədar sonadək qanuni şəkildə hüquqlarını müdafiə edəcək.