Tanınmış müğənni Qədir Qızılsəs uzun illər sənətdən uzaq düşməsinin səbəbini açıqlayıb.
Mynews.az xəbər verir ki, Lent.az-ın “Canlı yayım”ında qonaq olan ifaçı bildirib ki, səhhətində yaranan problemlər onu illərlə sənətdən ayrı salıb:
“Uzun illər efirə çıxmadım. Möhkəm xəstələnmişdim, düz 5 il xəstə yatdım. Efirə çıxmadım. Bu da mənə çox pis təsir etdi ki, uzun illər sənətimdən ayrı düşdüm. Amma bu da Allahın qisməti idi. Belə məsləhət bilmişdi, belə də oldu. Bir sözlə tanrı məni imtahana çəkmişdi”.
İfaçı onu da əlavə edib ki, sənətdən uzaq düşdüyü dövrdə barəsində bir çox şayiələr çıxıb:
“Sənətdən uzaq düşdüyüm vaxtlarda barəmdə çıxmayan şayiə qalmadı. Musiqidə məni istəməyən, paxıl insanlar çoxdur. O insanlar barəmdə daha nə yalan xəbərlər çıxartmadılar ki?! "Qədir ölüb”, "Azərbaycanda yoxdu”, “Qədirin səsi batıb”... Bu cür şayiələrə görə insanlar çaş-baş qalmışdı. Söz-söhbətlərin müqabilində mən də özümə qapılmışdım, nə münasibət, nə də açıqlama verdim. Bir çoxları da elə bilirdi ki, mən rəhmətə getmişəm. Amma sonda efirə çıxdım, bu şayiələrə son qoydum”.
Q.Qızılsəs bildirib ki, xəstə yatdığı dövrdə ona heç bir sənət dostu baş çəkməyib:
“Həmin dövrdə heç bir sənət dostum məni yad etmədi. Buna təbii baxıram, zəng etməyiblərsə, öz işləridir".
Müğənni repertuarında sevilən mahnılara həmkarlarının müraciət etməsinə də münasibət açıqlayıb:
“Bu günə qədər bir çox müğənnilər mahnılarımı oxuyublar. Amma sadəcə 1-2 mahnımın icazəsini alıblar. Digərlərinin icazəsini almayıblar. Bu da mənə xoş deyil. Mahnının bəstəkarı, ilk ifaçısından icazə alsalar, yaxşı olar. Məndən icazə istəsələr, “hə” deyəcəm. Hörmət, diqqət lazımdır. İcazəsiz oxuyublarsa, halal xoşları olsun”.