Adını dəyişən qalmaqallı müğənni: “Özüm heç də pis qazanmıram” - FOTOLAR

7198
Adını dəyişən qalmaqallı müğənni: “Özüm heç də pis qazanmıram” - FOTOLAR

Mynews.az müğənni Damlanın (Məsumə Məmmədova) “Cümhuriyət” qəzetinə verdiyi müsahibəni təqdim edirik. 

“Məsumə adı səhnəyə uyğun deyildi”

-Niyə bu gün sizi Məsumə kimi deyil, Damla kimi tanıyırlar? 
-Bir neçə il bundan öncə, təxminən 2012-2013-cü il ərəfələrində prodüsser Rəhman Əliyev tərəfindən Damla adı mənə verilib. Səbəb isə Məsumə adının səhnəyə yad olması idi. Səhnə adına uyğun deyildi Məsumə adı.

-Bəs niyə Damla? 

-Mən musiqi baxımından çox kövrəyəm. O, həmişə mənə mahnı verəndə dinləyib kövrəlirdim. O da dedi ki, kövrəlirsən, gözündən yaş gəlir və mənə Damla adını qoydu. Bu da getdikcə daha çox tanındı, sevildi. 

-Bu sənətə başlamaq üçün sizə kimlər dəstək olub?
-Desəm ki, ailəmdən dəstək almamışam, bu inandırıcı olmaz. Ailəmlə “güləşə-güləşə” mən bu sənətə gəlmişəm. Amma çevrəm, əhatəm, sənətçi dostlarım mənə çox dəstək olublar. Onların əziyyətini itirmirəm. Hər yerdə müsahibələrimdə adlarını çəkirəm, xüsusi təşəkkürümü bildirirəm. Üzərimdə böyük əziyyəti var Rəhman Əliyevin, Tural Bayraməliyevin, aranjemançım İlkin Həsənin. Adlarını çəkmədiyim onlarla dostlarımın əməyi, haqqı var sənətə gəlməyim üçün.

“Anam məşhurluğumu qəbul edə bilmir”

-Belə bir səsiniz olduğu təqdirdə ailəniz sizin bu sənətə gəlməyinizdə niyə narazı idi? 
-Deyirdilər ki, xanımsan, ailə qur, övladının gələcəyini düşün. 

-Bəs indi barışıblarmı sənətinizlə? 
-Anam hələ də barışmayıb. Anam mənim məşhurluğumu qəbul edə bilmir. Mən yalandan deyə bilmərəm ki, mən efirə çıxanda atam, anam oturub evdən mənə baxırlar, xeyr. Məsələn, mən efirə çıxıram, sevinə-sevinə gəlirəm evə, anama deyirəm ki, baxdın, məni efirdə göstərirdilər. Deyir ki, yox, mətbəxdə idim, baxmırdım, atam da deyəcək ki, mən xəbərlərə baxırdım. Onlar hələ də qəbul edə bilmirlər ki, qızları müğənnidir.  

-Damlanın adına çoxlu saxta profillər var sosial şəbəkələrdə. Bu, sizi narahat etmir ki, buna reaksiyanız necədir? 
-İnanın ki, İnstaqram-da elə 10-15 dənəsini özüm saymışam. Hətta mən özüm də onların paylaşdıqlarını bəyənirəm, “like” edirəm. Əslində məni narahat etmir. Hərdən İnstaqramda ana səhifəyə baxıram ki, hər 3 şəkildən biri mənim şəklimdir. Prodüsserimə deyirəm ki, mən utanıram artıq. İndi elə biləcəklər ki, hamısı mənim qohum-əqrəbamdı, tanışlarımdı. Elə biləcəklər ki, mən onları təlimatlandırmışam ki, siz paylaşın və yaxud necəsə. Bu baxımdan çox sıxılıram. Bir Allah şahiddir ki, mənim o profillərin açılmasından heç xəbərim də yoxdur. Hərdən təsadüfən qarşılaşıram. 

-“O mənəm” mahnısı ilə parladınız. Bu mahnıdan öncə nə iş görürdünüz? 
-O vaxta qədər də Damla var idi, o vaxta qədər də Damla oxuyurdu. O vaxta qədər Damla Fikrət Əmirov adına musiqi məktəbini oxumuşdu, Azərbaycan Dövlə Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi idi. Sadəcə olaraq “O mənəm” mahnım mənim bir vizit-kartım oldu, peşəkar səhnəyə çıxmaq üçün açılan bir qapı oldu. Allaha min şükür ki, peşəkar səhnəyə gəldiyim gündən bu günə qədər də məyus olmadım, peşman olmadım, ümidlərim qırılmadı. 

-“O mənəm” mahnısını Arif Səlimov da oxuyub. Sizcə, onda alınıbmı? 
-O, mahnının müəllifidir, bəstəkarıdır. Haqqı da var onun ifa etməyə. Hətta mən sevərək dinlədim onun ifasını. Onsuz da o ifanı kişi müğənnilərdən heç kəs Arif Səlimov kimi ifa edə bilməzdi. 

-Eşitsək, bir ağac yanır, o sizsiniz? 
-Bəzən həyat mənə ağac kimi daxilimdən yandığım anları yaşadıb. Şükürlər olsun ki, bütün o anların sonu bir mükafatlı olub, xoşluqla yekunlaşıb. Allah hər bir zaman sevdiyi bəndələrini sınağa çəkir. Məni də çox sınağa çəkib və şükürlər olsun ki, mən Allahın sevimli bəndəsiyəm. İnanıram ki, hər zaman ağrı-acı da çəksəm, çətinliklər çəksəm, məni bu sınaqlardan üzüağ çıxaracaq. 

-Heç yanmısınızmı? 
-Hər bir insanın həyatında bir üzüntü, acı, iztirab, bir yanğı var. Heç kim deyə bilməz ki, mənim həyatımda üzüntü olmayıb, ağlamamışam. Məndə də olub, Allah bundan sonra yaşatmasın təki. 

-İş təklifləri gəlirmi heç? 
-Bəli, iş təklifləri tez-tez gəlir. Hətta hal-hazırda mən bir şirkətin “Brand Face”yəm. Saç, şampun reklamlarından, geyim butiklərindən də təkliflər alıram. İnşallah yaxın gələcək üçün onları da reallaşdıracağam. 

-Sərt tənqid hədəfinə gələn müğənnisiniz. Oqtay Əliyev, Zaur Kamalla olan neqativ münasibəti də misal göstərə bilərik. 
-Bilirsiniz, insan qarşısına məqsəd qoyursa, zirvəyə doğru addımlayırsa, kələ-kötür yollar, daşqalaq, tikanlar mütləq olacaq. Asanlıqla qələbə olmur, insan asanlıqla uğurlara imza atmır. Mütləqdir ki, orada sənə sataşacaqlar, acı söz atacaqlar, mütləq səni daşqalaq edəcəklər. Bu, bizim işdə daha çox özünü göstərir. Əslində hər bir sahədə var, amma bu bizim sahədə daha çoxdur. 

-Sizcə, bu qısqanclıqdırmı? 
-Bilmirəm, bunu nə ilə əlaqələndirim, əgər öndəsənsə, sənə hər zaman kimsə xoş olmayan sözlər deyəcək. 

-Buna arxadan atılan daş deyək?
-İstər arxadan daş atılsın, yaxud qabaqdan hücum olsun hər bir halda mən öz işimlə məşğul olan insanam. Mənim üçün qətiyyən maraqlı deyil ki, kim danışır, nə danışır.

“Toyda havaya atəş açıldı, çox qorxdum”

-Gürcüstanda iştirak etdiyiniz toyda havaya atəş açıldı. Əldə etdiyimiz məlumata görə, silah səslərindən sonra toya polis daxil olub və hətta həbs edilənlər də olub. Bu haqda nə deyə bilərsiniz?
- Bu, Gürcüstanda adətdir, inanmıram ki, buna polis müdaxiləsi olsun. Orada ən çox sevilən qonaqlar üçün havaya atəş açılır. Mənim üçün havaya atəş açıldı, hətta çox qorxdum. Mən toyda olduğum müddətdə heç bir polis müdaxiləsi görmədim, olubsa da bu məndən sonra olub. Amma mən buna inanmıram, bu, yalan məlumat da ola bilər. 

-Gözəllik heç problem yaradırmı? 
-Siz demək istəyirsiniz ki, mən gözələm? (Gülür) Kənardan kimsə məni gözəl görə də bilər, gözəl görməyə də. Amma sizi inandırım ki, mən görünüşümlə izləyici kütləsi qazanan bir insan deyiləm, mən model deyiləm, sənətçiyəm, ifaçıyam. Düzdür, işimizlə bağlı hər zaman baxımlı oluruq, görünüşümüzə diqqət yetiririk. Amma bu, o demək deyil ki, mən görünüşümlə izləyici toplayan biriyəm, bu sənətə model olaraq yanaşmıram. Çox vaxt sadə geyimlərdən, sadə makiyajdan istifadə edirəm. Düşünürəm ki, müğənni bacardığı qədər sənəti ilə, ifası ilə sevilməli, izlənməlidir. 

-Qəzada dünyasını dəyişmiş müğənni Şəfanın “Sevgi qatarı” mahnısını ifa etmisiniz. Bu sizə çətin olmadımı? 
-Studiyada idik, düşündük ki, nə oxuyaq, İnstaqram dostlarımız üçün. Düşündük ki, Şəfanın mahnısını ifa edək. İfa etdik və hesab edirəm ki, uğurlu da alındı. Əslində bu ifa Şəfanın bibisinin istəyi idi. O xahiş etmişdi ki, onun mahnılarını ifa edin, unudulmasın, Şəfa mahnıları ilə yaşasın, biz də düşündük ki, ifa edib yayımlayaq. 

-Sponsor problemi yaşayırsınızmı? 
-Çox şükürlər olsun, Allahıma min şükür, bu gün mənə ruzi verdiyinə görə. Özüm heç də pis qazanmıram, qazandığımı da sevə-sevə işimə yatırım edirəm. Vallah heç ehtiyacım da yoxdur sponsora. Tam səmimi deyirəm, bu gün öz imkanlarım hesabına mahnı yazdırıb, klip çəkdirirəmsə, efirlərdə görünə bilirəmsə, sponsora nə gərək var? 

-Efirlərdə görünmək üçün də pul tələb olunur? 
-Zamanında bəli, məndən də alırdılar, amma indi yox. Bu sənətin adı şou-biznesdir. Şou göstərib bunu biznesə çevirməlisən. İlkin tanınma mərhələsində hər kəsdən ödəniş tələb olunur, yatırım tələb olunur, amma o yatırımı doğru edəndə artıq tanınanda buna ehtiyac olmur. 

- Konsertiniz gözlənilirmi? 
-İnşallah, nəzərimizdə tutmuşuq konserti. Payız aylarında, oktyabr ayı ərəfələrində planlaşdırmışam bir konsert. Allahın izni ilə çalışacam ki, mütləq reallaşdırım. 

-Ünvanı seçmisinizmi? 
-Əlbəttə ki, Heydər Əliyev adına Sarayda. 

-Yeni kommersiya filmləri ərsəyə gətirilir. Orada rol almaq istərdinizmi?
-Hə, yeni filmlərin təqdimatı olur, dəvətlər gəlir, amma zaman ayıra bilmirəm.Nə hansısa bir rol ifa etməyə, yaxud təqdimatlarda iştirak etməyə zamanım yoxdur. 
Bir də görürsünüz ki, dəvət gəlir, mən amma Masallıda oluram. Yaxud hansısa bir ucqar rayonda oluram, qatıla bilmirəm, proqramım çox sıxdır. 

-Ən çox hansı ölkələrdən dəvət alırsınız? 
-Daha çox Gürcüstandan dəvət gəlir, Türkiyədən dəvət gəlir, Moskvadan, Rusiyanın başqa-başqa şəhərlərindən dəvətlər gəlir. 

-Müğənnilikdən əlavə başqa bir biznesiniz varmı? 
-Yoxdur, amma yaxın gələcək üçün olmasını istəyirəm. 

-Hansı sahəyə yatırım etmək fikrindəsiniz? 
-Butik. Geyim, aksessuarlar və s. satışı həyata keçirən bir butikim olmasını istəyirəm. 

-Həmkarlarınız çox narazıdır. Deyirlər toylar yoxdur...
-Bu barədə doğrusu danışmaq istəmirəm, çünki ruzini verən Allahdır. Sadəcə olaraq geci-tezi var. İndi olmayacaqsa, mövsümün pik vaxtlarında olacaq, burda nə var ki? Amma mən deməzdim ki, yoxdur. Yoxdur - deyib insan qazancına təpik atmaz, olur. Şükr etmək lazımdır. Mart aylarında mövsümün qızışan vaxtlarında daha çox olacaq. 

“Sənət dostlarımın uğurları məni sevindirir”

-Belə deyək ki, toy var, amma kimlərisə çağırmırlar. 
-Mən kiminsə haqqında nəyisə deyə bilmərəm, yəqin ki, dəvət alırlar, amma qiymət məsələsində sövdələşə bilmirlər. Hər şey ola bilər. -Gündəm xəbərlərini izləyirsinizmi? 

-Təbii ki, izləyirəm. Qarşıma çıxan bütün xəbərləri oxuyuram, izləyirəm. Sənət dostlarımın yeni-yeni uğurlarını, yeni işlərini oxuyuram, sevinirəm onların uğurları ilə. 

-Hobbiniz varmı?
-Hobbim deməzdim, amma boş vaxtım olan kimi yatıram (Gülür). Və ən əsası boş vaxtımı oğluma sərf edirəm. -Oğlunuzun dərsləri necə gedir? Ona yetərincə vaxt ayıra bilirsinizmi? 

-Hazırlıqlara gedir, hər kəs də bilir ki, oğlum idmanla-futbolla məşğuldur. Onu hər gün idmana aparıram. Anam, atam onu idmandan gətirirlər. Mən artıq yuxudan duranda o dərsdən gəlmiş olur. Boş vaxtımda onun qiymətləri, dərsləri ilə maraqlanıram. Bacardığım qədər də dərslərinə kömək edirəm. 

-Oğlunuzun məqsədi nədir? 
-Tanınmış futbolçu olmaq, xaricdə ölkəmizi təmsil etmək istəyir. Xaricdə təhsil almaq istəyir və mən də bunun üçün əlimdən gələni edəcəyəm. -Damla xanım, müsahibə üçün sizə təşəkkürümüzü bildiririk. 

-Mən sizə və timsalınızda bütün kollektivinizə təşəkkürümü bildirirəm. 

Xəbər lenti