"Nanəli" verilişinə aşıq Vüqar niyə dəvət edilməyib?

674
"Nanəli" verilişinə aşıq Vüqar niyə dəvət edilməyib?

Ötən bazar - fevralın 19-da ATV kanalında yayımlanan "Nanəli" verilişi Azərbaycan aşıq sənətinə həsr edilmişdi. Verilişdə Azərbaycanın tanınmış aşıqları, aşıq Zülfiyyə, aşıq Əli, aşıq Samirə, aşıq Əhliman, muğam ifaçıları Elnarə Abdullayeva və Mirələm qonaq idilər.

Verilişin qonaqları kifayət qədər aşıq sənətini təbliğ etdilər. Amma verilişə Şirvan aşıq sənətinin layiqli təmsilçisi, aşıq sənətini Azərbaycanda və ölkənin hüdudlarından kənarda kifayət qədər təbliğ edən, aşıq nəzəriyyəsilə bağlı xüsusi bilgiyə malik, klassik aşıq sənətində özünə məxsus yer tutan aşıq Vüqar Mahmudoğlunun olmaması məni təəccübləndirdi. Yəni, əgər veriliş Azərbaycanın aşıq sənətinə həsr edilibsə, həmin verilişə aşıq Vüqarın dəvət edilməməsi maraq doğuran məsələdir.

Verilişdən sonra danışdığım onlarla tamaşaçı da bu barədə narahatlığını bildirdi və aşıq Vüqarın verilişə dəvət olunmamasının onlar üçün də qaranlıq qaldığını dedilər.

 

Məsələ ilə bağlı aşıq Vüqar Mahmudoğlu ilə əlaqə saxlayıb bu məqama aydınlıq gətirilməsini istədik. Düşündük ki, yəqin aşıq Vüqar həmin ərəfədə Azərbaycanda olmayıb və ona görə verilişə dəvət edilməyib. Aşıq Vüqar sualımıza cavab olaraq bildirdi ki, hazırda Azərbaycandadır və son 2 ayda ölkədən kənara çıxmayıb:

"Son vaxtlar səfərlərimi təxirə salmışam, ölkədəyəm, sənətlə məşğulam. Bazar günü yayımlanan "Nanəli" verilişini də izlədim, orada aşıq çıxış edən aşıqlar bu sənəti kifayət qədər təbliğ edən sənətkarlardır və hamısına böyük hörmətim var. Veriliş də çox normal hazırlanmışdı. ATV kanalına təşəkkür edirəm ki, aşıq sənətinə diqqət yetirir, sənətin təbliğinə yer ayırır. Sadəcə, həmin verilişə mən dəvət almadığım üçün həmin verilişdə qonaq olmamışam. Əgər dəvət olunsaydım, böyük məmuniyyətlə, verilişə qonaq qismində qoşulardım. İnşallah, layihə uğurlu olar və növbəti verilişlərə dəvət olunsam, məmuniyyətlə, iştirak edərəm".

Xəbər lenti