"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı əməkdar artist Lalə Məmmədova olub.
BAKU.WS xəbər verir ki, ilk olaraq bədən quruluşunu normaya salıb xeyli dəyişən Lalə Məmmədova söhbətinə fanatlarından birinin ona ünvanladığı məktubla başlayıb:
"O gün bir xanım mənə məktub yazıb. Deyir ki, nə qəşəng arıqladız. Nə etdiz ki, belə olduz? Mən də uşaq olandan sonra kökəlmişəm. Deyirəm, uşağınızın neçə yaşı var? Deyir, altı aydır olub. Dedim, gedin uşağınızla məşğul olun. Arıqlamaq haqda hələ düşünməyin. Çünki uşaq dünyaya gətirən ana ilk növbədə övladını düşünməlidir. O uşaq sizdən xahiş etməyib ki, onu dünyaya gətirəsiniz".
Daha sonra sənətçi bədən quruluşu üçün çəkdiyi min bir əziyyətdən də söz açıb:
"Səhər yeməyimi normal yeyirəm. Qida rasionumdan çörəyi çıxarmışam. Kəpəkli çörəklə əvəzləmişəm onu. Axşam yağsız və duzsuz bişən qarabaşaq və ya bulqur, bir də qatıq yeyirəm".
Özünü olduğu kimi sevən, üzərində hansısa plastik əməliyyat olunmasını qətiyyən qəbul etməyən ifaçı fanatlarının da onu elə bu cür bəyəndiyini dilə gətirib:
"İnsan ilk növbədə özü özünü qəbul etməlidir. Mən özümü bu cür qəbul edirəm və razıyam. Dünyaca məşhur müğənni Barbara Streyzandın milyonları var, istəsə, burnunu da əməliyyat etdirə bilər. Mən bunun əleyhinə deyiləm . Ancaq o da bilir ki, həmin görkəmi ilə sevilir.
Baxın, burnum ideal deyil. Amma bir dəqiqəlik təsəvvür edin ki, bu burnun yerinə əməliyyat olunmuş balaca bir burun var. Maykl Ceksonun burnu kimi. Sevərsiz məni? Yox".
Lalə xanım onun haqqında ayaq tutub Marsa qədər gedib çıxan "ikinci evlilik" xəbərlərinə də aydınlıq gətirib:
"Deyəsən, artıq məni ərə veribsiniz? İkinci dəfə də boşatmısınız. Mən bu haqda heç nə danışa bilmərəm. Əvvəla, doğru xəbər deyil. Sadəcə sual verəndə ki ikinci dəfə ailə qurarsızmı, mən həmişə cavab verirəm ki, bilmək olmaz, qismət".
Evlilik üçün əməkdar artistin ətrafında pərvanə olub dövrə vuran adamlar çox olsa da, Lalə xanım hələlik heç bir təklifi qəbul etmədiyini də bildirib:
"Əslində mənim şikayət etməyə də haqqım yoxdur. Çünki ətrafımda məni sevən çox insan var. Hörmətlə, rəğbətlə ailə qurmaq istəyən çox adam var. Bunu hörmətsizlik kimi qəbul etməsinlər. Sadəcə olaraq, mən buna hələ hazır deyiləm. Hələ ki həyatımı yaşayıram. Sənətimlə məşğulam. Bir də ki, mənim üçün vacib uşaqlarımdır".
Ötən həftə "Bir sevgi" mahnısını fanatlarının ixtiyarına verən müğənni bir neçə gün sonra mahnının klip çəkilişlərinə start veriləcəyini də söyləyib:
"Bilirsiz də, həmişə bizi kamera önündə görürlər, ancaq kameranın arxasında nə baş verir, ondan xəbərsizdirlər. Klipdə bir sənət adamı olaraq çəkiləcəm. Orada sənətçi qadın obrazını yaradacam. Hər şeyi danışsam, maraqsız olacaq. Sonra bilərsiz".