Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçması ilə bağlı təqsirləndirilərək həbs edilən müğənni Fədayə Məmmədova (Laçın) istintaq dövründə azadlıqda qalması üçün məhkəməyə müraciət edəcək.
Mynews.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Vəkil qeyd edib ki, o, bu gün müvəkkili ilə Bakı İstintaq Təcridxanasında görüşüb.
Vəkilin sözlərinə görə, F.Laçının saxlanma şəraitində və səhhətində problem yoxdur: "Fədayə Laçın bu cinayət işində təqsirləndirilməsindən peşmandır. İttihamları qəbul etmir və məhbusların qaçırılması prosesində iştirakı olmadığını deyir. Məhkəmə hökmünün şikayət müddəti keçdiyi üçün apelyasiya şikayəti verə bilmirik. Amma yaxın günlərdə onun istintaq dövründə azadlığa buraxılması üçün məhkəməyə müraciət edəcəyik".
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.