USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Əli Mirəliyevin qızı İlhamə Quliyevanın qızıllarını mənə vermək istədi" Əməkdar artist - FOTO

22:10 16.11.2017
"Əli Mirəliyevin qızı İlhamə Quliyevanın qızıllarını mənə vermək istədi" Əməkdar artist - FOTO
22:10 16.11.2017

Əməkdar artist Firuzə İbadovanın Milli.Az-a müsahibəsi.

- Firuzə xanım, gündəmdə olmaq üçün bugünkü gündə nələr edirsiniz?

- Mən, ümumiyyətlə, gündəm sözünü qəbul etmirəm. Sənətkar sənəti ilə gündəmdə qalmalıdır. Vaxt olub ki, mən 9 il sənətdən uzaq düşmüşəm, amma qayıdanda özümə qarşı böyük diqqət görmüşəm. İllər sonra İlhamə Quliyeva Hacıbaba Bağırovun qızının toyunda məni görəndə dedi ki, ay Cavanşir, sən Firuzəni hardan tapdın? Hətta şayiə yayılmışdı ki, Firuzə İbadova dünyasını dəyişib. Bir çoxları elə bilir ki, gündəmdə olmaq gündə efirdə olmaq deməkdir.

- Bugünkü gündə müğənnilərin gündəmdə qalmalarına bir səbəb də qalmaqal etməkləridir. Amma sizi heç vaxt bu cür ucuz reklamlarda görmədik.

- Başımıza nə gəldi elə bu qalmaqallar üzündən gəldi. Bu qalmaqallar bizim musiqi mədəniyyətimizə böyük bir ləkə gətirib. Əvvəllər belə qalmaqallar olmurdu. O vaxtı da sənət adamları arasında incikliklər olurdu, amma onlar bu münaqişəni aralarında həll edirdilər. Qalmaqal sənətçilərin sənətinə də kölgə salır. Gündəmdə qalmaqalla qalmaqdansa, birdəfəlik itsən yaxşıdır.

- 9 il səhnədən uzaq düşməyinizə səbəb nə idi?

- 1986-cı ildən 1993-cü ilə qədər sənətdə olmadım. Çünki həm ailəmdə problem var idi, həm də xalqımız ağır günlər yaşayırdı. 1986-cı ildə mən həm də ana olmuşdum. Bütün şəxsi problemlər üst-üstə gəlmişdi. Qızımın 9 yaşı olanda sənətə qayıtdım. Təbii ki, illər sonra sənətə qayıtmaq bir az mənə çətin oldu. İstər tələbəlik illərimlə bağlı, istərsə də sənətlə bağlı xoş xatirələrim çox olub. Bəlkə də məni bugünkü gündə yaşadan bu xatirələrdir.

- Sənət aləmində küsülü olduğunuz insanlar varmı?

- Xeyr, indiyə qədər heç kimlə küsülü olmamışam. Çalışıram ki, kiminsə qəlbinə dəyməyim. Əgər kimsə də mənim xətrimə dəyirsə, onu başa düşürəm. Fikirləşirəm ki, yəqin, əsəbi vaxtında ona rast gəlmişəm. Bağışlamağı bacarıram.

- Nəyi özünüzə bağışlaya bilmirsiniz?

- Özümə onu bağışlamıram ki, gərək bu cür sadəlövh olmazdım. Mən həm sadəyəm, həm də sadəlövh. Məni aldatmaq çox asandır. Bağışlamadığım insanlar da məni aldadan insanlardır. Hansılar ki, mənim xasiyyətimdən sui istifadə ediblər. Onları mən Allaha həvalə etmişəm.

- Söhbət konkret olaraq nədən və yaxud kimlərdən gedir?

- Söhbət mənim Mərdəkandakı bağımın müəmmalı taleyindən gedir. Mən dünyamı dəyişənə qədər onlara halallıq verməyəcəyəm. Bu işi Allahın məhkəməsinə buraxmışam. Mənim kimi həlim bir insanı onlar qəddarlığa qədər gətirib çıxardıblar. Belə ki, bağ evimi bir insana satmışdım, o insan rəhmətə getdi, elə oldu ki, pulumu axıra qədər verə bilmədi. Sonradan məlum oldu ki, həmin şəxs bağı qayınanasının adına keçirib.

- Nəyi sübut gətirib borcunuzu ödəmirlər ki?

- Onlar bu məsələnin televiziyada ictimailəşdirilməsini istəmirdilər. Mən onlardan addım gözlədim və məcbur qalıb bu hadisəni televiziya ekranlarına çıxardım. Ölən şəxsin qardaşı da deyir ki, Firuzə xanım bizi dələduz kimi qələmə verib. Mən heç kimi dələduz adlandırmamışam. Sadəcə olaraq, mən öz borcumu istəyirəm. Yenə də deyirəm, mən onlardan addım gözlədim, amma təəssüflər olsun ki, onlar mənə qarşı addım atmadılar. Addım atsaydılar, borcumu da onlara bağışlayardım. O insanlar torpaq davasındadırlar, fikirləşmirlər ki, bu dünya fanidir. Mənim əllərim sona qədər onların yaxasındadır. Onlar deyirlər ki, bağ sahəsi heç bizə də lazım deyil, satıb yetimlər evinə köməklik edəcəyik. Onlar mən yetimdən kəsib, necə yetimlər evinə köməklik edə bilərlər? Bunu heç Allah da götürməz!

- Aldatmaqdan söz düşmüşkən, mərhum İlhamə Quliyevanın oğlu Orxan qızınızı işə düzəltmək adı ilə sizdən pul almışdı. Bu da sizin Orxanla münasibətlərinizə soyuqluq gətirmişdi. Hal-hazırda münasibətləriniz necədir?

- Orxanı mən həmişə öz övladım bilmişəm, o, mənim gözümün qabağında böyüyüb. Bunu Orxanın məni aldatması kimi də qələmə vermək istəməzdim. İlhamə xanım dünyasını dəyişəndə Əli Mirəliyevin qızı mənə dedi ki, bəlkə bu zinət əşyalarından sizə verək, borcu bağlayaq? Mən həyatı boyu bacı dediyim insanın əmlakına barmağımla belə toxuna bilməzdim. O ki qaldı borca. Orxan pulu hissə-hissə gətirib ödəyir.

- İlhamə xanımla siz bir-birinizə tam əks xüsusiyyətdə olan insanlarsınız. Dostluğunuz bəs necə alınmışdı?

- O deyirdi ki, "Fira nə qədər hirsli oluram olum, səni görəndə susuram. Sənin üzünə baxanda sakitləşirəm". İlhamə xanımın, əslində, çox sevənləri var idi, sadəcə olaraq, o, yalnız idi. O saatlarla dənizin qabağında oturub ağlayırdı. Yalnızlıqdan, tənhalıqdan şikayətlənirdi (kövrəlir).

- Eyni taleyi yaşadığınızdan, yəqin ki, onu başa düşürdünüz...

- Bəli, mən onu başa düşürdüm. O tikanlı insan deyildi, tikanlarını yalnız ona qarşı düzgün hərəkət etməyəndə çıxarırdı. İndi görürsünüz ki, onun yoxluğu sənətdə böyük boşluqla əvəzlənib. Həm də "mənəm-mənəm" deyən bəzi insanlar üzə çıxıb. Hətta bu yaxınlarda bir gənc müğənni haqqımızda deyib ki, onların qatarı çoxdan gedib. Firuzə xanım o müğənnilərdəndir ki, cavanlığında necə sevilirdisə, indi də o cür sevilir.

- İlhamə xanımla dostluğunuz Flora xanımla münasibətlərinizə soyuqluq gətirmədi ki?

- Xeyr, əsla! İlhamə Quliyeva Flora xanımın ifasını sevirdi. Elə vaxt olub ki, Flora Kərimova ifa edəndə İlhamə xanım ayaq üstə əl çalıb. Çünki ikisi də sənətkar idi. Flora xanımın qızı İlhamə xanımın mahnılarını sevirdi. İlhamə xanım deyirdi ki, Floranın qızı üçün ölürəm, onun gözəlliyinin, gözlərinin vurğunuyam. İki sənətkarın arasında baş vermiş düşmənçilik onların övladlarına sirayət etməmişdi.


Xəbər lenti

300x200r