Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (53-cü say) təqdim edir.
Bu şou əhli ki var, onlara yaxşılıq da etsən, eyni adamsan, etməsən də, barələrində xoş söz də acıdır, acı söz də. Çünki xəmirləri yalanla, fırıldaqla, alıb-aldatmaqla yoğrulub. Kimsə qalxıb deməsin ki, meşə çaqqalsız olmaz. Çünki bu "meşə"də çaqqal olmayanlar barmaq sayı qədərdir.
İndi də bir şou lətifə oxuyub keçək digər xəbərlərə. Deməli, tanınmış müğənnilərdən biri ərə gedir. Elə ər evinə ayaq basan gündən qayınanasıyla yola getmir, əri ilə dalaşır, qayınatasına sifət eləyir, baldızına ağız büzür. Eynən şou-biznesdəki kimi. Qayınana da yaxşı adammış, elə hər dəfə çalışırmış ki, gəlinin "zibillərini" ört-basdır eləsin, dilli olduğunu camaat bilməsin. Günlərin birində evə qonaq gəlir. Qayınana birtəhər gəlini razılaşdırır ki, mən qonağın yanında oturanda süfrəyə iki stəkan çay gətirərsən. Çünki gəlin evdə iş də görmürmüş. Nəysə, gəlin çayı süfrəyə gətirən vaxt özünü saxlaya bilmir, qarnının yelini buraxır. Utandığından tez mətbəxə keçir. Qayınana gəlini bu dəfə də ört-basdır eləmək üçün qonağa deyir ki, gərək oğluma deyim məni Moskvaya doxdura aparsın, axır vaxtlar çox pis olmuşam, hətta qarnımın yelini də saxlaya bilmirəm. Gəlin mətbəxdən qışqırır: "Allah vurmuşdu səni... Biabır olan mən, Moskvaya gedən sən?"
Gəlin demişkən, Xatirə İslam da bir evin gəlinidir. Amma son vaxtlar çox aqressiv olub. Hətta sosial şəbəkələrdə açıq təhqir yazmaqdan belə çəkinmir. Yadınızdadırsa, bir müddət əvvəl ayağını çəkib İnstaqram-a qoymuşdu, camaat da qınamışdı. Xatirə də başlamışdı camaatı söyməyə. Bu dəfə isə rus hamamında çəkdirdiyi şəkli tənqid edənlərə ağzına və ağlına gələni yazıb: "Bura mənim profilimdir, ürəyim nə istəyir, onu da paylaşıram. Gedin, o namus dərslərini evinizdəkilərə keçin. Sözüm bəzi görməmiş, səviyyəsiz adamcıqlaradır. Mən heç elələrinin yazdıqlarını oxumuram da. İşim-gücüm qurtarıb, oturub sizin yazıları oxumalıyam. Mən harada demişəm ki, ərim namaz qılır?! Bəzi qoyunlar atamın videosunu görüb səhv salıb. Kül təpənizə! Bir az diqqətli olun, mən sabah çadra da bağlasam, siz mənə mız qoyacaqsınız. Ona görə də xətdə qalın".
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada tanınmış simalar sosial şəbəkədəki izləyicilərini asanlıqla təhqir edə və bir müddət sonra elə bəlkə də həmin izləyicilərin, onların yaxınlığında oxuyub, oynaya bilirlər. "Utanmasan, oynamağa nə var ki" məsələsi, demək olar ki, yerinə düşür.
Utanmaq demişkən, Səidə Dadaşova deyib ki, əziyyət çəkib uşağımın atasını axtarmayın. Necə deyərlər, o bilər, mən bilərəm. O bir qadın demişdi ki, ərimi əlimdən alıb, Səidə də təkzib etmişdi ha, bax həmin məsələ ilə bağlı yeni nüans çıxıb ortalığa. Səidə də, uşağın atası olduğu deyilən bəy də aralarında heç bir münasibət olmadığını deyirdilər. O gün saytlardan birində uşaq, Səidə Dadaşova və həmin bəyin birlikdə "ailəvi" fotoları ortaya çıxıb. Daha bilmirəm, şəkilləri də danıblar, yoxsa yox.
Elza Seyidcahan Siyəzəndə bayraq aksiyası keçirirmiş, bir cavan oğlanı da polis saxlayıb. Videolara baxdım, ürəyim yaman açıldı. O gün həkimə getmişəm, deyir ki, ürəyini niyə belə açıq qoymusan, əməlli-başlı soyuqlayıb. Bu da Elza Seyidcahanın mənə xeyri.
Zamiq Hüseynov aylarla danışmır, danışmır, danışanda da başından bir az böyük danışır. Sənətçi deyib ki, qarınlı müğənnilər efirə çıxmasınlar. Razıyam ki, müğənni, aktyor, aktrisa daim formada olmalıdır. Amma nəzərə almaq lazımdır ki, Zamiq sənət aləmində belə bir göstəriş vermək yaşında, statusunda və təcrübəsində deyil.
Nəysə, söhbətə müğənni Elçin Hüseynov qısa münasibət bildir. Deyib ki, sənətçi əvvəlcə oturuşunu-duruşunu bilməlidir. Axırda da məsələyə yekə bir nida qoyub, əlavə edib ki, o sözü deyənin orqanlarında qadın orqanı var. Amma deməyib harasında...