Bu gün məşhur kürd əsilli türk sənətçi Ahmet Kayanın vəfatından 17 il keçir. 1957-ci il 28 oktyabrda dünyaya göz açan müğənni 2000-ci il 16 noyabrda dünyasını dəyişib.
İlk cümləmdə sənətçinin kürd əsilli türk olmasını vurğuladım. Çünki səhərdən haqqında oxuduğum yazıların məğzində məhz bu "kürd əsilli türk” ifadəsi durur. Kürd olması və bunu dilə gətirməsi bütün həyatının təqiblərlə keçməsinə səbəb olub. 16 yaşından etibarən həbsxana ilə tanış olan sənətçinin sonradan öz dili ilə desək, həbsxanalar ikinci evi olur.
Ölümündən öncə verdiyi son müsahibəsində belə bir fikir səsləndirmişdi: "Ölümümdən sonra anlaşılmaq istəmirəm”. Amma təəssüf ki, sənətçi tam anlamı ilə ölümündən sonra anlaşılmağa başladı.
1972-ci ildə maddi çətinlik səbəbindən ailəsi ilə birlikdə Malatyadan İstanbula köç edən sənətçi bura heç alışa bilmədiyini müsahibələrindən birində belə ifadə etmişdi: "Onlarla danışa bilmirdim: çünki onlarla danışa bilmirdim. Geyimləri başqa idi, danışıqları başqa idi. Onlar kimi danışmağa, onlar kimi olmağa çalışdım. Məsələn, dərziyə gedib onlar kimi şalvar tikdirməyə başladım. Ancaq dərzinin tikdiyi şalvarların mənə uymadığını görürdüm. Onlara yaraşırdı, mənə yaraşmırdı. Məktəbdə bir qız var idi. Hər kəsin uşaqlıq sevgisi olur. O da mənimki idi. Bir gün ona yaxınlaşıb, "Səninlə bir az danışa bilərik? Həmişə qaçırsan məndən” dedim. Mənə dedi ki "Rica ederim”. Bu mənə çox pis təsir etdi: "Mən də sənə "rica ederim”, dedim. Mən o vaxt "rica ederim” ifadəsinin nə olduğunu bilmirdim. Təhqir hesab etmişdim”.
Səsindən, mahnılarından da göründüyü kimi üsyankar xarakterə sahib sənətçi: "İnanca hörmət, düşüncəyə azadlıq” tələbindən "vətən xaini” elan edilir. Belə ki, həyatının dönüş nöqtəsi olan 1999-cu ildə MGD-nin (Maqazin Qazetecileri Derneyi) "İlin ən yaxşı sənətçisi” mükafatına layiq görüldüyü gecə, "Bu mükafat üçün hər kəsə təşəkkürümü bildirirəm. Hazırda üstündə işlədiyim albomda kürdcə mahnı oxuyacağam və bu mahnıya klip çəkdirəcəyəm. Aramızda bu klipi yayımlayacaq ürəkli media orqanlarının olduğunu bilirəm. Yayımlamaqdan boyun qaçırsalar da, türk xalqı ilə necə hesablaşacaqlar bilmirəm”, deyə bir çıxış edib. Və bu çıxışla çox böyük etiraza səbəb olan, hətta ölkədən sürgün edilən Ahmet Kaya məmləkət həsrətiylə Fransada uzun müddət yaşaya bilmir: "Gecələr çox üşüyürəm. Ona görə yox ki, isinəcək ocağım yoxdu. Ona görə yox ki, yorğanım nazikdi. Ona görə ki, vətəndən uzaqdayam”.
Verdiyi son müsahibələrinin birində "İstədiyim tək şey var: Bir gün ölərəmsə, arxamdan bu ölkəni heç sevmədi deməsinlər” demişdi böyük sənətkar. Ahmet Kayanın qısa həyat yolunda 2 evliliyi olub. İlk evliliyi 1978-ci ildə Emine Kaya ilə olub. Və 1982-ci ildə bu evlilikdən Çiğdem adlı qızı dünyaya gəlib. Lakin maddi çətinliklərə görə həyat yoldaşı ondan ayrılıb.
İkinci evliliyini isə 1985-ci ildə həbsxanada tanış olduğu, çevrilişdə günahlandırılaraq həbs edilən Gültən Hayaloğlu ilə edir. 1987-ci ildə bu evlilikdən Melis adlı qızı doğulur.
Kitab oxumağı çox sevsəm də, səbrsizliyim mənə çox az hallarda bir kitabı tam bitirməyə imkan yaradıb. Adətən kitabın əvvəlini, ortasını, baş qəhrəmanın adının çox keçdiyi yerləri və sonunu oxuyaram. Ahmet Kayanın həyatını araşdırarkən yazarlardan birinin onun həyatını Balzakın "Gizli Şedevr” əsərinin baş qəhrəmanının həyatına bənzətməsi diqqətimi çəkdi. Və bu "oxuduğum” kitablar arasından idi. Əsərdə söhbət həyatını bir rəsmə həsr etmiş və emalatxanasından çıxmadan çalışan bir rəssamın sonsuz həqiqət axtarışından gedir. Lakin 10 il üzərində çalışdığı əsəri çox güvəndiyi iki rəssam dostuna göstərmək qərarına gələn Maitre Frenhoferin onların rəsmi anlamadıqlarını dedikləri an düşdüyü dərin depressiya ilə dünyası başına yıxılır. Çünki Frenhofer illərdi çalışdığı şeyi əldə edə bilməmişdi, anlaşılmamışdı. Və buna görə də dərin depressiyadan qurtula bilməyib intihar edir.
Bu gün Ahmet Kaya Frenhoferin yaradıcısı Balzak və özüylə demək olar ki, eyni taleyi bölüşmüş Yılmaz Güneylə Fransada "Pere Lachaise” qəbirstanlığında yatır. Ölümündən 17 il keçməsinə baxmayaraq mahnıları dillər əzbəri olan sənətçinin pərəstişkarları hər keçən gün artır. Türkiyə səhnəsinin gəlmiş keçmiş ən humanist, ədalətli, üsyankar, açıq sözlü sənətkarına Allahdan Rəhmət diləyirik...